Mobil versiya
Azərbaycan sülh sazişinin imzalanması üçün ən ədalətli şərtləri təklif edir
Tarix: 03-08-2023 | Saat: 20:26
Bölmə:Gündəm / Özəl | çapa göndər

Azərbaycan sülh sazişinin imzalanması üçün ən ədalətli şərtləri təklif edir

Ölkə Prezidenti cənab İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibəsində hər zaman olduğu kimi, Cənubi Qafqazda gedən proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi və bir çox digər məsələlərlə bağlı ətraflı açıqlamalar yer almışdır. Cənab Prezident bu müsahibəsində bir daha Cənubi Qafqazfa dayanıqlı sülhə nail olmaq üçün Azərbaycanın göstərdiyi səyləri diqqət mərkəzinə gətirdi. Qeyd olundu ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olsa da sülh razılaşması deyildi. Buna görə də Azərbaycan müharibə başa çatdıqdan bir qədər sonra Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başlayıb. Bu təşəbbüslərdən ən vacibi əlbəttə ki, sülh sazişinin baza prinsiplərinin müəyyən edilməsi oldu. Bunlar ölkələrin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.

Bu gün bir çox beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində vasitəçi qismində çıxış etməyə səy göstərirlər. O cümlədən Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunan görüşlər xüsusi önəm kəsb edir. Möhtərəm Prezidentimizin dediyi kimi, yaranmış vəziyyətdə Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Əlbəttə ki, bu xüsusda Rusiyanın da fəaliyyəti qeyd olunmalıdır. Unutmaq lazım deyil ki, məhz Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Həmçinin cənab Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə ilk görüşləri də Rusiya tərəfindən və bu ölkədə təşkil olunmuşdur. Təbii ki, Rusiya-Ukrayna müharibəsinin başlanması ilə vəziyyət bir qədər dəyişdi. Məhz bundan sonra Birləşmiş Ştatlar və Avropa vasitəçilik missiyasının həyata keçirilməsində daha fəal oldular. Lakin mahiyyət etibarı ilə, cənab Prezident İlham Əliyevin dediyi kimi, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi Azərbaycan üçün böyük fərq etmir. Vacib olan nəticədir və ölkəmiz sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcək. belə bir nəticənin əldə olunması üçün də Ermənistan tərəfindən konstruktiv yanaşma sərgilənməlidir.

Dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Yox, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Qarabağda yaşayan ermənilərə isə seçim hüququ veriləcəkdir. Bu insanlar Azərbaycanda yaşayırlar. Buna görə onlar ya Azərbaycanda yaşayan çox sayda digər milli azlıqlar kimi ölkənin bərabərhüquqlu vətəndaşları olaraq yaşayacaqlarına, yaxud da Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu ədalətli qərardır. Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Əslində Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Onlar da başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə yalnız Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşamaq şansı ala bilərlər.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025