Mobil versiya
“Çovdarova dedim sən banditin birisən, axtarışda olan cinayətkarsan...”
Tarix: 11-08-2016 | Saat: 14:09
Bölmə:Seçilənlər-5 | çapa göndər

“Çovdarova dedim sən banditin birisən, axtarışda olan cinayətkarsan...”


Bu gün bir sıra internet resurslarında Daşkəsənin icra hakimiyyəti başçısı Əhəd Abıyevlə MTN-in idarə rəisi, general Akif Çovdarov arasında baş vermiş mübahisə haqda xəbərlər yayılıb. Orada deyilirdi ki, MTN-nin maskalıları Daşkəsəndə körpü tikintisini həyata keçirən podratçı şirkətin üç işçisini Bakıda bankdan pul çıxararkən oğurlayıb və başlarına torba keçirərək Akif Çovdarovun hüzuruna aparıb.

Bundan xəbər tutan Əhəd Abıyev elə həmin gün Bakıya gəlib və MTN-ə gedərək işçilərin azad edilməsini tələb edib. Bu zaman Akif Çovdarovla Əhəd Abıyev arasında kəskin mübahisə yaranıb, icra başçısı o vaxt qılıncının dalı da, qabağı da kəsən MTN generalını söyüb. Nəhayət nazir Eldar Mahmudovla görüşə nail olub və işçiləri həmin gün azad etdirib.

Virtualaz.org bu əhvalatın təfərrüatlarını öyrənmək üçün Əhəd Abıyevin özü ilə əlaqə saxlayıb. İcra hakimiyyəti başçısı əvvəlcə “day bu olub keçib, təzədən xatırlatmağa nə ehtiyac var” deyib danışmaq istəməsə də sonda əhvalatın necə baş verdiyini ətraflı nəql etməyə razı oldu.



Beləliklə, əhvalat cərəyan edib təxminən iki il əvvəl-2014-cü ilin sonlarında. Həmin vaxt regionların sosial-iqtisadi inkişafına dair prezident İlham Əliyevin təsdiqlədiyi proqram çərçivəsində Daşkəsən rayonunda yol-nəqliyyat infrastrukturu layihələrindən biri kimi Daşkəsən-Xoşbulaq avtomobil yolunun və körpünün tikintisi həyata keçirilirdi.

“Körpünün açılışını cənab prezidentin ad günündə-dekabrın 24-də etməyə hazırlaşırdıq, tikinti işləri intensiv gedirdi. Tikintini aparan podratçı şirkət (icra başçısı şirkətin adını xatırlaya bilmədi) Dərnəgüldə yerləşən “Baku Steel Company” şirkətindən armatur almışdı. Çünki Gəncədə armatur nisbətən baha olduğundan onu Dərnəgüldən almaq sərfəli idi.

Şirkətin rəhbəri Rasim Məmmədov həm qiymətdə güzəşt etmişdi, həm yüksək keyfiyyətli armatur vermişdi. Çünki bilirsiniz, bu cür tikintilərdə keyfiyyətli material əsas məsələdir, FHN gəlib yoxlayır. Şirkətin məsul şəxsləri armaturun pulunu ödəyib gətirmək üçün Bakıya getmişdi. Zavod da armaturu maşınlara yükləyib hazır qoymuşdu ki, pulu ödənən kimi yola salsın. Təxminən günorta saat 3.00 idi, Rasim zəng vurdu ki, bəs armaturlar yüklənib hazırdır, ancaq adamlar gəlib çıxmayıb və pul ödənilməyib”-Əhəd Abıyev nəql edir.



İcra hakimiyyəti başçısının dediyinə görə, o, həmin işçilərlə əlaqə saxlamağa çalışsa da telefonlar cavab verməyib. Ailələrindən soruşanda onlar da xəbərsiz olduqlarını deyiblər.

Əhəd Abıyevin danışdıqlarından: “Düzü narahat oldum ki, ola bilsin həmin adamlar pulu bankdan çıxarıb qaçıblar. Nəhayət dəqiqləşdirdim ki, onları MTN saxlayıb. Bakıya, müxtəlif adamlara, o cümlədən MTN rəhbərliyi ilə yaxın olduğunu bildiyim deputatlardan birinə zəng vurdum, heç kim boynuna götürmək istəmədi. Qərara aldım ki, özüm gedim Bakıya. Saat təxminən 5 idi, rayondan çıxdım, 9-un yarısı MTN-in qabağına çatdım.

Qapı bağlı idi, dəmir barmaqlığın arxasından soruşdum, dedilər iş vaxtı qurtarıb, sabah gəlin. Razılaşmadım, dedim səlahiyyətli şəxslərdən kimsə çıxsın qapıya, sözümü deyim. Bu vaxt Akif Çovdarov və yanında bir neçə iricüssəli MTN əməkdaşı qapıya yaxınlaşdı. Mən o vaxta qədər Akif Çovdarovu şəxsən tanımırdım, heç vaxt təmasım olmamışdı. Ancaq DİN-də işləyən yoldaşlardan biri əvvəllər məclislərdən birində danışmışdı ki, o vaxtilə axtarışda olan cinayətkardır, banditin biridir, heç Bakıya pasport qeydiyyatı da yoxdur, yaşayış yeri Gürcüstan göstərilir.



Çovdarov qapıya yaxınlaşıb qəzəblə nə istədiyimi soruşdu, çəkilib getməyimi tələb etdi. Mən özümdən çıxdım, ona dedim ki, sən quldurun, cinayətkarın birisən, axtarışda olan adamsan,heç Bakıda qeydiyyatın yoxdur, nə əsasla günahsız adamları tutub salmısan bura? Nə əsasla cənab prezidentin tapşırığı ilə görülən abadlıq işlərinə mane olursan? Dedim sən təsadüfi adamsan, gəlib düşmüsən bu cür mühüm nazirliyə, indi də quldurluq edirsən. Aləm qarışdı, mənim dediklərim onu bərk qəzəbləndirdi, çünki olanı demişdim. O da qayıdıb məni söydü, dedi sənin boynunu sındıracam, səni də tutub onların yanına salacam. Dedi rayonda hansı işlər görürsən, hamısını yoxladacam”.

İcra başçısı nəql edir ki, MTN-in binasının giriş qapısı ağzına səsə-küyə içəridəkilərdən xeyli adam toplaşıb. MTN-in poliklinikasının işçiləri də səs-küyə gəlib. Dediyinə görə o cümlədən MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyev mübahisəni eşidərək Çovdarovun yanına gəlib. “Tutulandan sonra özünü asdı aa, adı İlqar idi, nəydi, o da gəlmişdi”-icra başçısı xatırlayır. Əhəd Abıyev Akif Çovdarovu söyməkdə davam edib, Çovdarovun yanındakılar dəmir barmaqlıqların o tayından icra başçısını itələyib.



“Bu mübahisə, dava-dalaş xeyli çəkdi, mən bildirdim ki, rəhbərliklə görüşməyənə qədər buranı tərk edən deyiləm. Nəhayət kimsə dedi ki, nazir gəlib, səni çağırır. Keçdim içəri, məni Eldar Mahmudovun kabinetinə apardılar. Dəhlizdə Akif Çovdarov yenə məni hədələdi, dedi boynunu sındıracam, səni tutduracam. Mən də onun cavabını artıqlaması ilə verirdim. Görün adam nə qədər həyasız idi ki, prezidentin göstərişi ilə inşa edilən körpünün də gərəksiz olduğunu da dedi, bildirdi ki, Daşkəsən kimi rayonda o boyda körpüyə nə ehtiyac var, biz bunu araşdıracağıq. Həmin körpü işğal altında olan Kəlbəcərə gedən yolun üstündə tikilib...”-Əhəd Abıyev deyir.



İcra hakimiyyəti başçısı bildirir ki, Eldar Mahmudov onu kabinetində qarşılayıb, əvvəlcə qışqır-bağır saldığı üçün ona irad tutub. “İnsafən nazir özü mənimlə sakit, mədəni danışdı, bircə onu dedi ki, nə qışqırırsan, bura sənə Milli Məclis deyil. Mən də dedim ki, bu quldur adamları günahsız yerə tutub gətirib, dövlətin pulu ilə bir yerdə. Axı onlar nə ediblər, bankdan pulu çıxarıb armaturun pulunu verməyə gedəndə tutub salıblar bura. Bildirim ki, adamları buraxmasalar cənab prezidentin qəbuluna gedib hər şeyi danışacam. Eldar Mahmudov Akif Çovdarovun tərəfini saxladı, ancaq göstəriş verdi ki, saxlanılanları dərhal buraxsınlar. Dedi götür su iç, sakitləş, dedim ehtiyac yoxdur, adamları buraxsınlar, götürüb gedim. Düşdüm aşağı, gördüm saxlanılanları buraxıblar, qapının qarşısına gətiriblər. Döymüşdülər, birinin də qollarında qandalın yeri qalmışdı. Götürüb apardım...”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024