Mobil versiya
Gülər Sultanzadə: “İrəvanın ipi özgələrin əlində olduqca sülhə nail olmaq çətin olacaq”
Tarix: 31-07-2023 | Saat: 19:40
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “İrəvanın ipi özgələrin əlində olduqca sülhə nail olmaq çətin olacaq”

Son günlər baş verən hadisələr bir daha təsdiq elədi ki, Ermənistan müstəqil siyasət yürütməkdən çox uzaqdadır. Belə ki, indiyə qədər ipini özgələrin tutduğu Ermənistan başına gələnlərdən dərs çıxarmaq, pozitiv mövqedən çıxış etmək əvəzinə yenə də hansısa okeanın o tayında, şimalda, qərbdə havadar axtarışındadır. Ermənilər ağır məğlubiyyətdən nəticə çıxarmayıblar. Belə olmasaydı Azərbaycanın sülh əlini sıxar, regionda əmin-amanlığa töhfə verərdilər. Təbii ki, sadə ermənilər də bu vəziyyətdən məmnun deyillər. Lakin revanşist qüvvələr hələ də mənasız iddialarından əl çəkmək niyyətində olmadıqlarını bir daha göstərmiş oldular. Çünki Ermənistanda qətiyyətli addım atmağa qabiliyyəti olan lider çatışmazlığı var. Paşinyana gəlincə, o, lider keyfiyyətinə malik olmayan fiqurdur. Məğlubiyyətin dadını hiss edən kimi dünya liderlərinə yalvarış zəngləri edir, bir azdan sonra isə müxalifətin və revanşistlərin təhriki ilə yenidən sərsəm bəyanatlar səsləndirməklə vaxt udmağa çalışır. Bütün bu vurnuxmalar ona dəlalət edir ki, Ermənistan sülhə hazır deyil və praqmatik arqumentləri başa düşmür. İrəvanda müəyyən qüvvələr müxtəlif şoularla dünya ictimaiyyətinin diqqətini cəlb edəcəklərini və nəsə əldə olunacağını düşünürlər. Ancaq onlar anlamır ki, beynəlxalq birlik ən aciz arqumentdir. Çünki beynəlxalq qanunlar var və Azərbaycan bu qanunlara və özünün suveren hüquqlarına əsasən hərəkət edir.

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz bildirib ki, “Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurduğundan Azərbaycan da adekvat addım atmalı idi. Bu addım atıldıqdan sonra nələrin baş verdiyi məlumdur. Ermənilər hətta BQXK-ni də öz oynlarının qurbanına çevirərək “humanitar yük” adlı altında bölgəyə silah, sursat daşımağa başladılar və təbii ki, Azərbaycan tərəfi buna dözəcək deyildi. Belə olan halda ermənilərin düzənlədiyi teatr tamaşası da fiaskoya uğramalı idi və uğradı da. Çünki dünya da görür ki, Laçın-Xankəndi yolundan tibbi keçid təmin edilir, humanitar yardımlar buraxılır. Digər tərəfdən Laçın Azərbaycan torpağıdır. Dövlət olaraq orada biz nə istəsək tikə, qura bilərik. Sərhədlərimizə nəzarət də bizim suveren hüququmuzdur. Bir tək ermənilər üçün ayrıca nə qanun, nə də hüquq mövcud deyildir. Özlərini dünyanın “qədim” və “sivil” xalqı elan edənlər hələ də bütün beynəlxalq normaları tapdalamaqdan, əlahiddə hüquqlar tələb etməkdən bezməyiblər. Fransa kimi müstəmləkəçilər də onlara dəstək verməklə heç də ermənilərə sevgi və məhəbbətlərini ifadə etmir. Sadəcə Fransa və digər dövlətlərə regionda maşa lazımdır və bu rolu da ermənilər taruixən öz üzərlərinə götürüblər. Lakin bir şeydə yanılırlar. İndi Azərbaycanla diqtə dilində danışmağın mümkün olmadığını bilmirlər. Daha doğrusu, bilirlər, amma ki, ipləri öz əllərində olmadığından fəlakətə doğru sürünməkdə davam edirlər.”

Gülər Sultanzadə fikrini davam etdirərək bildirmişdir ki, Azərbaycan praqmatik siyasət yürüdür. Ölkəmizin başçısının mövqeyi konkret, aydın və qətiyyətlidir. Xalqla hakimiyyət yekdildir. Millət öz liderinə inanır və onu dəstəkləyir. Ermənistanda isə bunun tam tərsidir. Ona görə də sözləri ilə əməlləri tərs mütənasibdir. Halbuki, Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu günlərdə parlamentdə çıxışı zamanı Nikol Paşinyan bunu bir daha təsdiq edib. Bununla belə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə etmək əvəzinə israrla Laçın yolunun tələb edilməsi onu göstərir ki, Ermənistan sülhə hazır deyil, çünki bu dövlətin ipi başqalarının əlidədir və belə olduqca da ermənilər özgələrinin çaldığı havaya oynamalı olacaqlar. Bu havanın da onlara 44 günlük müharibədə qazandırdığı məğlubiyyət məlumdur.
Azərbaycanın dövlət kimi öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır.
İndi Paşinyan hakimiyyətinin qarşısında olduqca ciddi hədəf var. Yəni, rəsmi İrəvan Ermənistanı Azərbaycanın sonuncu və həlledici "dəmir yumruq" zərbəsindən yayındırmağa çalışmalıdır. Əks halda, bu zərbə ümumiyyətlə, Ermənistanın bir dövlət kimi, gələcək taleyini birdəfəlik həll edə bilər”-deyə müsahibimiz fikrini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025