Mobil versiya
Multikulturalizmin Azərbaycan modeli
Tarix: 26-07-2023 | Saat: 18:58
Bölmə:Özəl | çapa göndər

Multikulturalizmin Azərbaycan modeli

Müasir Azərbaycanda multikulturalizmin bir siyasət kimi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə yanaşmış və qayğı göstərmişdir. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən layihəsi hazırlanmış və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ, 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə hüququ təsbit olunmuşdur. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışır, bir çox ali və orta məktəblərdə təhsil alır, onların adət-ənənələrinə hörmətlə yanaşılır. Azərbaycanda milli azlıqların öz ana dillərində qəzet və kitab vəsaitləri nəşr edilir, televiziya və radio verilişləri hazırlanır. Ümummilli lider Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi "Hər bir xalqın milli mənsubiyyəti onun qurur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" ifadəsi hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Əsası ulu öndər tərəfindən qoyulmuş Azərbaycan xalqının multikultural adət-ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərafindən inamla davam və inkişaf etdirilir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın, Şərqlə Qərbin qovşağında yerləşməsidir. Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla dünyada öz nüfuzunu gücləndirməkdədir. Azərbaycanda tolerantlıq muhiti ən yüksək səviyyədə olduğu uçun burada multikulturalizm, millətlər və dillər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, o cümlədən, dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi  "Qloballaşma, din, ənənəvi dəyərlər" mövzusunda tədbir 2010-cu ilin aprel ayında məhz Bakı şəhərində keçrilmişdir.
2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. 26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının Xll sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayri-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu gələcəyə aparan yol sayıla bilməz. Ona görə də biz öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq".
Ölkəmizdə multikulturalizm Azərbaycançılıq məfkurəsinə sıx bağlıdır.   Ulu Öndər tərəfindən əsası qoyulmuş Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, dövlət başçısının 15 may 2014-cü il tarixli Sərəncamı ilə Baki Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış,11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il "Multikulturalizm ili" elan edilmişdir. 
2014-cu il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. Eləcə də 2019-cu ilin may ayının 1-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, həmin forumda dünyanın 135-dən çox ölkəsindən nümayəndə heyəti, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
BMT-nin Sivilizasiyalar Alyansının Vll-ci Qlobal Formunun 2016-cı il aprelin 25-27-də və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Bu gün artıq ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, "Multikulturalizmin alternativi yoxdur".

Elnur Nəzirov,
Salyan rayon Yenikənd kənd tam orta məktəbin direktor əvəzi, YAP fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025