Mobil versiya
Azərbaycan ilə Çini birləşdirən beynəlxalq nəqliyyat marşrutları regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq
Tarix: 26-07-2023 | Saat: 10:39
Bölmə:Gündəm / Özəl | çapa göndər

Azərbaycan ilə Çini birləşdirən beynəlxalq nəqliyyat marşrutları regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq

Azərbaycanın beynəlxalq mövqeləri günü-gündən daha da möhkəmlənir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət kursu nəticəsində əldə olunan yüksək nailiyyətlər getdikcə daha çox ölkənin maraq və diqqətini Azərbaycana cəlb edir. Təbii ki, Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə səmimi, qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişaf etdirilməsi hər zaman prioritet istiqamətlərdən olub. O cümlədən Çin dövləti ilə dostluq münasibətlərinin inkişaf etdirilməsi məsələsi ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət mərkəzində saxlanılan istiqamətlərdəndir. Qeyd olunmalıdır ki, “China Media Group” media korporasiyasının əməkdaşının dövlətimizin başçısına ünvanladığı suallardan açıq-aşkar məlum olur ki, Çin ictimaiyyətinə həm ümumilikdə ölkəmizə, həm də konkret olaraq cənab Prezident İlham Əliyevin şəxsiyyətinə olan maraq da çox yüksəkdir. Əlbəttə ki, bu, ilk növbədə möhtərəm dövlət başçımızın şəxsi liderlik keyfiyyətləri, siyasi iradəsi və diplomatik məharəti nəticəsində formalaşan münasibətdir. Çin kimi qlobal güc olan bir dövlətin nüfuzlu media təmsilçisinin Azərbaycanın dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda həssas rol oynayaraq böyük nailiyyətlər əldə etdiyini, iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yarada bildiyini söyləməsi, birmənalı olaraq, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun təntənəsinin etirafıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Çin münasibətlərinin sarsılmaz təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Ümummilli Lider Heydər Əliyevin Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri ölkələrimiz arasında əməkdaşlığın çərçivəsini yaratdı. Təbii ki, bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Lakin münasibətlərdə gözlənilən təməl prinsipləri dəyişməz olaraq qalır. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Azərbaycan Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edir. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bu mövqe bir neçə il əvvəl bəyan olunub, bir çox hallarda yenidən təsdiqlənib, indi də tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Bu gün Çin və Azərbaycanın bir çox siyasi və iqtisadi məsələlərə yanaşmaları eynidir. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasət mövcuddur, qarşılıqlı ticarətin həcmi getdikcə artır və ən əsası bütün istiqamətlərdə daha dinamik inkişaf üçün böyük potensial var. Xüsusilə ölkələrimizi gələcəkdə daha da yaxınlaşdıracaq yeni nəqliyyat marşrutları regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Cənab Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərinin səmimiliyini və etibarlılığını vurğulayaraq bu məqamı da qeyd etdi ki, COVID-19 pandemiyasının başlanğıc mərhələsində Azərbaycan peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdiyi zaman ölkəmizə yardım edən yeganə dövlət də məhz Çin olmuşdu.
Əlbəttə ki, Çin ictimaiyyətini maraqlandıran məsələlərdən biri kimi, Cənubi Qafqazda gedən proseslər mövzusu da müsahibədə ətraflı işıqlandırılmışdır. Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması istiqamətində görülən işlərə və bu prosesə bəzi ölkələr tərəfindən əngəl törətmək cəhdlərinə dair cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Möhtərəm dövlət başçımız bildirdi ki, Azərbaycan sülhsevər ölkə olaraq, bu gün Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində daha çox səy göstərir. Bu da ondan irəli gəlir ki, Azərbaycan dövləti həm regional, həm də qlobal miqyasda sülhün, sabitliyin və inkişafın tərəfdarıdır. Lakin bu gün istər Ermənistanın özündə, istərsə də xaricdə hələ də kifayət qədər qüvvələr var ki, onlar Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında maraqlı deyillər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, hazırda Ermənistanın ən böyük vəkilinə çevrilmiş Fransa hökuməti ölkəmizə qarşı mənasız və əsassız hücumları ilə, hər cür siyasi etikadan kənara çıxan siyasi bəyanatlarla Azərbaycanın mövqelərini zəiflətməyə, nüfuzuna xələl gətirməyə çalışır. Əlbəttə ki, bütün bu səylər tamamilə əbəsdir və heç bir nəticə verə bilməz. Çünki Azərbaycan hər zaman ədalətin, beynəlxalq hüququn tərəfində olub. O cümlədən Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ölkəmizin irəli sürdüyü beş əsas təməl prinsipi də məhz beynəlxalq hüquq normalarına əsaslanıb. Əgər Ermənistan da öz gələcəyini bundan sonra etibarlı əsaslar üzərində qurmaq istəyirsə, bunun üçün yeganə yol Azərbaycanla münasibətləri normallaşdırmaq və mümkün qədər tez sülh sazişini imzalamaqdan keçir.

Gülər Sultanzadə,
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, YAP Binəqədi rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025