Mobil versiya
Prezident İlham Əliyev ölkəmizin hər bir konkret məsələyə dair prinsipial mövqeyini bir daha hər kəsə nümayiş etdirdi
Tarix: 24-07-2023 | Saat: 15:47
Bölmə:Özəl / Gündəm | çapa göndər

Prezident İlham Əliyev ölkəmizin hər bir konkret məsələyə dair prinsipial mövqeyini bir daha hər kəsə nümayiş etdirdi

İşğaldan azad olunduqdan sonra bir çox möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Şuşa şəhərində iyul ayının 21-də Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər bir araya gəldilər. Həmin gün Şuşada Heydər Əliyev İli çərçivəsində Milli Mətbuatımızın yaradılmasının 148-ci ildönümünə həsr olunmuş Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Tədbirdə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev Şuşa Qlobal Media Forumunun həm ölkəmiz, həm də Qarabağ bölgəsi üçün çox əhəmiyyətli bir hadisə olduğunu qeyd etdi. Şuşa Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı olmaqla yanaşı, eyni zamanda da bizim qələbəmizin rəmzidir. Şanlı Azərbaycan Ordusu 2020-ci il 8 noyabr tarixində alınmaz qala hesab edilən Şuşa şəhərini erməni işğalçılarından azad etməklə Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdi. Şuşanın alınması ilə Azərbaycan xalqının torpaqlarımızı azad etmək uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində faktiki olaraq son nöqtə qoyuldu. Cari ilin may ayının 10-da möhtərəm dövlət başçımızın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhz Şuşa şəhərindən xalqa müraciət etməsi də bu şəhərə verilən yüksək dəyərin göstəricisidir.

Qeyd olunmalıdır ki, Forumun gedişində Azərbaycan Prezidentinə ünvünlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Hər zaman olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyev öz əhatəli, faktlara və sarsılmaz məntiqə əsaslanan cavabları ilə ölkəmizin hər bir konkret məsələyə dair prinsipial mövqeyinin olduğunu bir daha hər kəsə nümayiş etdirdi. Əlbəttə ki, bu gün beynəlxalq ictimaiyyəti, xüsusilə də Avropa ölkələrini maraqlandıran ən aktual məsələlərdən biri Azərbaycanla Ermənistan arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri, eləcə də məhz bu kontekstdə Cənubi Qafqazda gedən proseslərin proqnozlaşdırılması ilə bağlıdır. Məsələ bundadır ki, son iki ildə Avrasiya məkanında gedən məlum proseslər, xüsusilə də Rusiya-Ukrayna hərbi qarşıdurması bir çox ciddi problemlərə yol açmışdır. Bunların arasında Avropanın enerji təhlükəsizliyinin təminatı xüsusi yer tutur. Azərbaycan isə, zəngin təbii resursları, o cümlədən enerji resursları və əlverişli coğrafi mövqeyi ilə bu problemin həllində mühüm rol oynayır. Buna görə də beynəlxalq enerji və nəqliyyat layihələrinin tam təhlükəsizliyinin təminatı baxımından və eyni zamanda Cənubi Qafqazın özünün iqtisadi inkişafı üçün regionda dayanıqlı sülhün bərqərar olması çox vacib məsələdir. Bu məsələnin həlli isə, məhz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını zəruri tələb kimi ortaya qoyur.

Azərbaycan istər işğal illərində, istər 44 günlük Vətən Müharibəsinin gedişində, istərsə də postmünaqişə dövründə hər zaman beynəlxalq hüququn tərəfdarı olub. Bu gün də qalib Azərbaycan Cənubi Qafqazda regional sabitliyə və inkişafa nail olmaq üçün Ermənistanla münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini bəyan edir. Aydındır ki, Ermənistanın bu gün regional sülhə və sabitliyə, xüsusilə də bu əsasla yaranacaq iqtisadi inkişaf perspektivlərinə hər kəsdən daha çox ehtiyacı var. Məhz elə bunun nəticəsidir ki, cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ müharibəsindən sonra keçən, təxminən üç ilə yaxın müddət ərzində məhz son dövrlərdə Ermənistan tərəfindən Qarabağın Azərbaycanın bir hissəsi olmasına dair birbaşa bəyanatlar səsləndirilir. Lakin bu gün artıq sözdən əmələ keçməyin zamanıdır. Ermənistan hökuməti səsləndirdiyi bu bəyanatları indi də bağlanacaq sülh sazişində öz imzası ilə təsdiq etməlidir.
Həmçinin bu gün Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizlik baxımından ən böyük qarantı da məhz elə onların Azərbaycan ictimaiyyətinə inteqrasiyası ola bilər. Yalnız bu yolla Qarabağın erməni sakinləri hal-hazırda əsarətində olduqları separatçı rejimin girovluğundan azad ola bilərlər. Cənab Prezident İlham Əliyev II Qarabağ savaşı başa çatdıqdan sonra ötən dövr ərzində bir neçə dəfə yüksək humanistlik nümayiş etdirərək onlara bu şansdan yararlanmaq üçün unikal imkanlar verib. Qarabağın erməni əhalisi öz gələcəklərini qurmaq istəyirlərsə, bunun üçün mövcud olan yeganə doğru yolu seçməli, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Yalnız bu yolla onlar da dövlətimizin bütün vətəndaşlara, o cümlədən bütün milli azlıqlara təqdim etdiyi bərabər hüquq və təhlükəsizlik təminatından istifadə edə bilərlər.

Gülər Sultanzadə,
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, YAP Binəqədi rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025