Mobil versiya
Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur
Tarix: 15-07-2023 | Saat: 14:51
Bölmə:Özəl | çapa göndər

Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur

Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun qüdrəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda həyat yenidən əvvəlki məcrasına qayıdır. Möhtəşəm tarixi Zəfərin sevincini yaşayan xalqımız artıq Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir. 
Azərbaycan dövlətinin müəyyənləşdirdiyi bərpa və quruculuq missiyasının uğurla yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər olunub. Ötən müddətdə işğaldan azad olunmuş ərazilərimizdə insanların rahat və firavan yaşayışın təməlinin qoyulması üçün mühüm infrastruktur layihələri icra olunub. Sevindirici haldır ki, Azərbaycan bütün bu işləri təkbaşına, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmədən, öz gücü ilə həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz çox, yəni 3 milyard manat nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir. Bununla belə, Azərbaycanın maliyyə imkanlarının artması ilə əlaqədar olaraq dövlət büdcəsinə yenidən baxılaraq onun xərclər hissəsi 3 milyard manat artırılıb. Həmin vəsaitin 1,8 milyard manatı isə Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrılıb. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. 
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında deyib: “Əlbəttə ki, biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir”.
Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət, xüsusən də dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində qədim və əzəli yurd yerlərimiz öz həqiqi sahiblərinə qovuşur. Sözügedən proqramın icrasının birinci mərhələsində işğaldan azad olunmuş ərazilərdə 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın təmin olunmasını xüsusi nəzarətdə saxlayan Prezident İlham Əliyev ötən müddətdə 8 şəhər, 22 qəsəbə və kəndin təməlini qoyub. Məlum müşavirədəki çıxışında bu məqama xüsusi toxunan dövlət başçısının qeyd etdiyi kimi, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub. İlin sonuna qədər isə Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramının ardıcıllıqla icra olunduğunu vurğulayan ölkə rəhbəri ilin sonuna qədər bir şəhər və dörd kənddə vətəndaşların öz dədə-baba torpaqlarında məskunlaşacaqlarını bildirib. Ölkə Prezidenti Laçın şəhərinin timsalında görülən işləri, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsinin tamamilə bərpa olunduğunu təqdirəlayiq hal adlandırıb. Artıq Laçında 700-dən çox ailə üçün həm fərdi, həm çoxmənzilli evlər inşa olunduğunu bildirən dövlət başçısı şəhərin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacağını diqqətə çatdırıb. 

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025