Mobil versiya
Azərbaycanın artan iqtisadi imkanları bütün sahələrdə davamlı uğurları təmin edir
Tarix: 14-07-2023 | Saat: 13:14
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın artan iqtisadi imkanları bütün sahələrdə davamlı uğurları təmin edir

Davamlı və sürətli inkişaf edən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə yüksəlməkdədir. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticələrini göstərir. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə açıqlanan rəqəmlər də təsdiqləyir. Rəqəmlərə diqqət yetirdikdə görürük ki, son altı ayda qarşıya qoyulan məqsədlərə nail olunub. Belə ki, əvvəlki illərdə olduğu kimi, ölkəmizdə davamlı inkişaf təmin edilib, qeyri-neft sektoru yüksəlib, Qarabağda və Şərqi Zəngəzurda misli görünməmiş yenidənqurma və quruculuq işlərinə başlanılıb. Ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin olunmasının nəticəsi kimi qiymətləndirilə bilər.
Cənab Prezident öz çıxışında  dünyadakı siyasi vəziyyət, beynəlxalq hüququn pozulması haqqında da danışıb, ölkəmizin daima ədalətin tərəfdarı olduğu vurğulanıb, ancaq bununla belə bizim hərbi gücümüzün artırılmasının labüd olduğu, azad edilmiş torpaqlara qoyulan maliyyə vəsaiti qədər vəsaitin hərbi gücümüzün artırılmasına qoyulacağı göstərilib. Azərbaycan xalqının rahat yaşayışının əsas şərt olduğu, Ermənistanın sülh danışıqları prossesində müsbət irəliləyiş nümayiş etdirdiyi qeyd edilib.Eyni zamanda Cənab prezident bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulduğunuda qeyd edib. Cari ilin sonuna qədər məcburi köçkünlər Laçın şəhərinin Zabux və Sus kəndlərinə qayıdacaqlar. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar deyə söyləmişdir.Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların nəticəsi olaraq 2023-cü ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manat vəsait daxil olub. Buna, ilk növbədə şəffaflığın təmin edilməsi, düşünülmüş daxili sərmayə yatırımı, səmərəli iqtisadi proqramların icrası və ən başlıcası isə şəffaflığın təmin olunması sahəsində nail olunub. Əlavə büdcə gəlirlərinin Qarabağın bərpasına, Zəngəzur dəhlizinin reallaşmasına yönəldilməsi də gələcək üçün investisiya hesab oluna bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihədir. Avropa ilə Asiyanın ticarət dövriyyəsi məhz bu dəhlizin formalaşmasından asılı olacaq. Çindən Avropaya və əks istiqamətə daşınan yüklərin Azərbaycan ərazisindən keçməsi ölkəmizə yalnız iqtisadi dividentlər deyil, eyni zamanda, siyasi zəmanət də qazandıracaq. Cənab prezidentin göstərişi ilə bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura yüksək məbləğdə pulun  xərclənməsi gözlənilir.
Dövlət başçısı qeyd etdi ki, nəqliyyat sektorunun əhəmiyyəti artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizim üçün əlavə imkanlar yaradır. Nəqliyyat sektoruna tələbat daha da artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Lazımi hüquqi baza var və sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib. Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Hazırkı dövrün əsas hədəfi olan hərbi gücümüzün artırılmasına gəldikdə Azərbaycan 44 günlük İkinci Qarabağ münaqişəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən hərbi qüdrətimizin artırılmasını xüsusi qeyd etmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, iki istiqamət üzrə - hərbi potensiala və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu siyasət ölkəmizin qüdrətini artırır. Çünki bu gün dünyada güc amili ön plandadır. Son iki il yarımın reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq.
Prezident İlham Əliyevin dünya miqyasında hər keçən gün yüksələn nüfuzu və dünyada söz sahibi olması bütün proseslərdə müsbət mənada öz təsirini yüksək səviyyədə göstərir. Reallıq budur ki, artıq dünya Azərbaycanın gücündən çəkinir və bizə nəyisə diqtə edə bilmir. Həmçinin, Azərbaycanla hədə-qorxu dilində danışmağın mümkün olmadığı və bunun heç bir nəticə verməyəcəyi qlobal güclər tərəfindən də etiraf edilir.Ölkədə hazırda iqtisadi layihələrin miqyası ölkəni əhatə edir. Eyni zamanda yenidənqurma layihələri təkcə Qarabağda Şərqi Zəngəzurda yox, Azərbaycanın bütün regionlarında həyata keçirilir.Biz Azərbaycan xalqı olaraq hamılıqla bir vətəndaş kimi öz müstəqilliyimizi, ərazi bütövlüyümüz üçün daha güclü olmalıyıq. Həmçinin, Azərbaycan 4-cü ildir ki, Qoşulmama Hərəkatına sədrlik etməklə də çox böyük bir quruma rəhbərlik edir. Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi də reallaşdırılır. Bütövlükdə, Azərbaycan artıq qlobal əhəmiyyətə malik dövlətə çevrilir. Çünki Azərbaycan müstəqil siyasət yürüdür.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025