Mobil versiya
11iyul Əli Feyziyevin doğum günüdür -Foto
Tarix: 11-07-2023 | Saat: 10:05
Bölmə:Özəl | çapa göndər

11iyul Əli Feyziyevin  doğum günüdür

Astaranın qəhrəman oğlu
Astara rayonu, Ərçivan kəndində dünyaya göz açan Əli Malik oğlu Feyziyevin ömür yolu cəmi 26 il çəkdi. Amma qisa olsa da, Vətəninə, xalqına şan-şöhrət oldu. Əli müqəddəs Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı.
Özü də 30 il düşmən tapdağına dönən torpaqların. Düşmənlə mübarizə meydanında hünər göstərdi və tarixin zəfər salnaməsinə öz adını yazdı Əli. Daha dəqiq desək, o, həyatını Vətəninə fəda etməklə ölümsüz ömür qazandı. Məhz buna görə Əli cismən aramızda olmasa da, hər dəfə xatırlananda həyatımızı əzəmət, ülviyyət alır.
Əli orta məktəbdən sonra ordu sıralarına gedir. Özü də cəbhə bölgəsinə düşür, bununla fəxr edir.  Əsgəri borcunu layiqincə yerinə yetirir. Odlar yurdu doğma Vətənini göz bəbəyi kimi qoruyur. Hər an yağıdan qisas almağa hazır durur. Əsgərlikdən evinə üzüağ qayıdan Əli ürəyində xalqına, Vətəninə odlu məhəbbət yaşatmaqla dinc əməkdən yapışır. Parlaq işi, əməli el-obaya sevinc gətirir. Adamlara fayda verməklə tanınır, yaxşı insan olaraq hamı onu sevir. Əl tutmağı, alın təri  hesabına qazandığını başqaları ilə paylaşmağı bacarır. Böyük arzu və amalla yaşayan, el-obanın tərəqqisinə çalışan Əlini erməni faşistlərin işğal etdiyi Qarabağın taleyi çox narahat edir. Odur ki, döyüş meydanında düşməni əzməyə məqam gözləyir. 27 sentyabrda İkinci Qarabağ müharibəsi başlanan kimi Vətənin harayına birinci çatır. Əlinə silah alıb torpaq naminə ermənilərə qan qusdurur.
Əli hər dəfə odun-alovun içinə zəfər əzmi ilə atılır və neçə-neçə qeyri-bərabər döyüşdən qalıb çıxır. Düşməndən hər qarış torpağın qisasını almaq onun əsas amalı olur. Vətənin qeyrətini uca tutmaqla Şuşaya qədər min əzab-əziyyətli yollar keçir. Elə Əlini bu yollarda Vətən məhəbbəti qəhrəman edir. Zəfərimizə iki gün qalmış qəfil atılan snayper güləsi ondan yan keçmir...
 Ölümü  əsl qəhrəman məktəbi kimi tarixə yazılan Əli ilə Astara xalqı qürur duyur. O, Vətəni üçün yaşadı, yeri ürəklər oldu. Bu dünyadan getməyi indinin özündə  bilinmir. Azərbaycan var olduqca da belə olacaq. Harada bir Günəş müqəddəsliyi var, onun sorağı oradan gələr, adı Vətənlə birgə çəkilər. Müharibədə göstərdiyi şücaəti isə dövlət tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə dəyərləndirilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025