Mobil versiya
Ulu Öndər Heydər Əliyevin mübariz fəaliyyəti
Tarix: 25-06-2023 | Saat: 14:27
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyevin mübariz fəaliyyəti

Bu günlər bütün dünyada şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş müdrik siyasətçi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunur.
Ümummilli Liderin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar etmişdir. Bir vaxtlar Bakını əzəmətli yadigarları ilə gözəlləşdirən, “Tikdim ki, izim qala” amalı ilə onu quran, yaradan Ulu Öndərə bu şəhər on bir il əvvəl öz köksündə qucaq açdı. Təsadüfi deyildir ki, ötən illər ərzində dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Hər gün Ümummilli Liderin buradakı məzarının üstünü təzə gül çələngləri, tər çiçəklər bəzəyir.
Heydər Əliyevin fəaliyyətində Azərbaycandan kənar heç nə yox idi. O, Böyük azərbaycanlı idi, azərbaycanlı olmağı ilə fəxr edirdi. Bu dahi şəxsiyyəti tanıyan hər kəs onun haqqında danışanda Heydər Əliyevin xalqı, Vətəni üçün çox böyük işlər gördüyünü, müstəqil Azərbaycan dövlətini qurduğunu xüsusi vurğulayır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarətə gələnlər dünya şöhrətli siyasi xadimə öz ehtiram və məhəbbətlərini ifadə etməklə yanaşı, dahi rəhbərin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə minnətdarlıqlarını da bildirirlər. Onlar aydın dərk edirlər ki, xoşbəxt gələcəyə qovuşmaq üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə onun sayəsində nail olmuşlar.
Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək daha xoşbəxt gələcəyə doğru inamla addımlayır, Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində beynəlxalq mövqeyini və nüfuzunu daha da möhkəmləndirir. Ümummilli Liderin strateji inkişaf konsepsiyasının reallaşdırılması Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Dünyaya sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövlətinə çevrilmiş, yüksək iqtisadi inkişaf göstəriciləri ilə dünyada birinci yerə çıxmışdır.
Bu fikirləri mayın 10-da Fəxri xiyabana gələn ziyarətçilərin hər birinin dilindən eşitmək olardı.
Azərbaycanı böyük dünyaya tanıdan Ulu Öndər Heydər Əliyev oldu.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” –sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki , dövlətimizin idarəçilik sükanı arxasında Ümümili Liderimiz Heydər Əliyevin yetirməsi , onun yaratdıği siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır .Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyət olmasının bariz nümünələrindən biri 44 günluk Vətən müharibsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclu ordu strategiyası, milli birlik, xalqımızda yaratdığı ruh yüksəkliyi , işğal altında olan torpaqların qaytarılması və tarixi qələbənin qazanılması oldu.
Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.
Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Ulu öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi.
Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəslə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır.
Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan Sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmamış, əksinə, milli və dini əxlaqa söykənərək xeyirxah işlər görərək, qohum-qonşulara, maddi yardıma ehtiyacı olanlara əl tutaraq savab qazanmağa can atmışlar. Eyni zamanda xalqımız həmin dövrdə bir çox qadağalara baxmayaraq milli və dini bayramlarını da qeyd etmişdir.
Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir.
Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Ulu öndər Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.
Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev inamla və sədaqətlə davam etdirir.
Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, Ulu Öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi.
Ulu öndər Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir.
Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün ulu öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixi idi və bu tarixə sədaqət əldə edilmiş müstəqilliyin həmişəyaşarlığına real zəmin yarada bilərdi.
Hərbi irsin öyrənilməsinin metodoloji, elmi-praktiki, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır. Bu məqamların hər biri özlüyündə vacib məsələlərdir və ölkənin müdafiəsinin təşkilində onlar öz aktuallığını itirməmişlər. İlk baxışdan güman etmək olar ki, elmin, texnikanın yüksək inkişaf səviyyəsi ilə səciyyələnən müasir həyatda hərbi irsin, tarixi ənənələrin öyrənilməsinin ciddi bir səmərəsi ola bilməz. Lakin elə elmi və praktiki qənaətlər vardır ki, həmin qənaətlər hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Çünki onlar hərb işinin əsasını təşkil edir və onlar mahiyyət etibarı ilə dəyişməzdir. Dəyişən yalnız onları hərəkətə gətirən qüvvələrdir. Məsələn, xalq ilə ordu arasındakı münasibətlər, müharibənin aparılmasına xalqın münasibəti və onun müharibəyə necə səfərbər olunması, ölkənin müdafiəsinin təşkilində xarici siyasətin nəzərə alınması, ölkənin müdafiəsinin təşkilinin maddi və mənəvi amillərdən asılılığı, ölkənin müdafiəsinin təmin edilməsi üçün dövlətin apardığı siyasətin xarakteri və s. Bu məqamların sayı çoxdur və Azərbaycan xalqının qəhrəmanlıq tarixi də bütün bu məqamların yüksək məharətlə icrasının ifadəsidir. Ulu öndər Heydər Əliyev də məhz Azərbaycan xalqının belə qəhrəmanlıq tarixini bugünkü mübarizə üçün örnək sayırdı.
Sovet dövründən mövcud olan ali hərbi məktəblərin fəaliyyəti isə atəşkəs dövründə daha da təkmilləşdirildi. Hələ sovet dövründə zabit kadrların hazırlığının tanınmış məktəblərindən olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi Azərbaycanın müstəqilliyinin qazanılmasından sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli sərəncamı ilə bu məktəb Azərbaycan Ali Hərbi Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə məktəb indi Heydər Əliyevin adını daşıyır.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğunda irəli sürdüyü tələblərə onun bu istiqamətdəki təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nümunə idi. Məsələn, təkcə 1993-1998-ci illər ərzində ulu öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu məsələləri ilə bağlı 109 müşavirə, iclas və görüş keçirilmişdi. Həmin tədbirlərdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantı olacaq möhkəm ordu formalaşdırılmasının ən müxtəlif məsələləri və vəzifələri müzakirə edilmiş, əldə olunmuş qərarlar Müdafiə Nazirliyinin və digər müvafiq dövlət strukturlarının fəaliyyətinin əsasını təşkil etmişdi. Ordu quruculuğu məsələlərinə dövlət rəhbərliyinin qayğı və tələbkarlığının artırılması, bu istiqamətdə görülən işlərin sistemləşdirilməsi və təkmilləşdirilməsi Silahlı Qüvvələrin formalaşmasına da müsbət təsir göstərirdi.
Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi işğaldan azad edildi. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə