Mobil versiya
"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin tabeliyində olan tibb müəssisələrində yenidənqurma işləri aparılıb -Fotolar
Tarix: 25-06-2023 | Saat: 10:47
Bölmə:Özəl | çapa göndər

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin tabeliyində olan tibb müəssisələrində yenidənqurma işləri aparılıb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada yeni yaradılan Nevrologiya və Terapiya şöbəsinin açılışında iştirak ediblər.

aia.az xəbər verir ki, qonaqlar həmçinin Akademik Z.Məmmədov adına Xəstəxanada Təcili yardım, Reanimasiya, Cərrahiyyə şöbələri, Laboratoriya və əməliyyat blokunda, Uşaq xəstəxanasının Təcili yardım və poliklinika şöbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar.
İTS İdarə Heyətinin sədri Z.Əliyev bildirib ki, həyata keçirilmiş yeniliklər vətəndaşların tibbi xidmətlərə əlçatanlığına xidmət edəcək. Çünki səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir. Z.Əliyev qeyd edib ki, açılışına qatıldıqları şöbələr Agentliyin dəstəyi ilə yaradılıb. Düzgün diaqnozların təyini üçün əldə edilmiş KT (Kompüter Tomoqrafiya) və Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları ilə təminat tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artacağının göstəricisidir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, Gəncə ŞBX-nın yeni imkanları əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini səmərəli təmin etməyə imkan yaradacaq. Yeni yaradılan Nevrologiya şöbəsinin müasir tibbi avadanlıqlarla təmin edilməsi, təcrübəli nevroloqların fəaliyyətə başlaması bu yolda atılan addımlardandır. Xəstəxanada bu imkanların yaradılması Gəncə sakinlərinin uzaq məsafə qət etmədən, vaxta qənaət edərək tibbi xidmət almasına gətirib çıxaracaq.
Gəncə ŞBX-nın direktoru İlkin İsmayılov tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqindən sonra görülən işlər barədə məlumat verib. Bildirib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək üçün xəstəxanalarda yeni şöbələr yaradılıb. Nevrologiya və Terapiya şöbələrinin hər biri 100, yenidən qurulan Cərrahiyyə şöbəsi 70, Reanimasiya şöbəsi isə 10 çarpayılıqdı.
İ.İsmayılov onu da qeyd edib ki, sığortanın tətbiqi ilə xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunur. Gün ərzində tibb müəssisəsinə ortalama 3000 vətəndaş müraciət edir, onlara göstərilən xidmət sayı isə 9000-12000 aralığında dəyişir. Direktorun sözlərinə görə, bu ilin ilk 6 ayı üzrə 178 mindən çox pasiyentə 1 milyon 400 mindən çox tibbi xidmət göstərilib. Ən çox icra olunan əməliyyatlar uroloji, ginekoloji və oftalmoloji əməliyyatlardır.
Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.
Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025