Mobil versiya
Ulu Öndər Heydər Əliyev qurucu və xilaskar kimi könüllərdə əbədi yaşayacaq
Tarix: 23-06-2023 | Saat: 11:18
Bölmə:Gündəm / Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyev qurucu və xilaskar kimi könüllərdə əbədi yaşayacaq

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin növbəti iki il ərzində baş verən hadisələr bu müstəqilliyin yenidən itirilməsini demək olar ki, labüd etmişdi. Həmin illərdə ölkəyə rəhbərlik edən antimilli qüvvələrin səriştəsizliyi və şəxsi ambisiyalarını ümumxalq mənafeylərindən üstün tutmaları real təhlükələrə yol açmışdı. Artıq 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Ölkədə hökm sürən xaos və hərc-mərclik şəraitindən yararlanmağa çalışan separatçı qüvvələr respublikanı parçalayaraq bir neçə xırda marionet dövlət yaratmaq üçün hərəkətə keçmişdilər. Azərbaycanın parçalanaraq dünyanın siyasi xəritəsindən silinməsi an məsələsi idi. Belə bir vəziyyətdə müdrik xalqımız yeganə doğru olan qərarı verərək Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və o dövrkü iqtidar da Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev Bakıya gələrək, 1993-cü ilin 15 iyun tarixində yenə də xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün keçirilmiş parlamentin tarixi iclasında çıxış edən Ulu Öndər ölkədə yaranmış vəziyyəti təhlil edərək demişdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm.”

Bundan sonra ölkədəki gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Parlament 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi.

Ümummilli Lider Heydər Əliyevin Ali Sovetinin sədri seçilməsi və Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə ölkədə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Nizami ordu yaradıldı. Cəmiyyətimizdə ordudan yayınma hallarının, cəbhədə isə geriləmələrin qarşısı alındı. Tezliklə Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər olundu. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunması hallarına son qoyuldu. Bütün bu hadisələrin fonunda isə, Ulu Öndərimizin həmin vaxt Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi ən mühüm, müstəsna xidmətlərdən biri əlbəttə ki, separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısının alınması oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı zaman separatçı qüvvələr ölkəni parçalamaq prosesinə artıq başlamışdılar. 1993-cü ilin 7 avqust tarixində cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu. Bu hadisələrdən heç bir il keçməmiş, 1994-cü ilin mayında artıq qarşısında hərbi gücün durduğunu hiss edən, uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.

Ümummilli Lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışından dərhal sonra Azərbaycanda demokratik islahatlara start verildi. Bu vacib məsələyə münasibətini bildirən Ulu Öndər demişdir: “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”. Hər zaman əməlləri sözlərini tamamlayan Ümummilli Lider tarixi baxımdan qısa müddət ərzində dövlətçiliyin əsaslarını qurdu, Konstitusiyamızın qəbul edilməsinə nail oldu, milli ideologiya və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsini yaradaraq xalqa təqdim etdi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində zəruri islahatlar həyata keçirildi, bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.

1994-cü ilin sentyabr ayının 20-də Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” bağlandı. Bu tarixi saziş həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Ulu Öndər Heydər Əliyev bu tarixi sazişin mahiyyətini açaraq demişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.

Ulu Öndər üzərinə götürdüyü xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gələrək, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Azərbaycanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmiş və onların həyata keçirilməsinə nail olmuşdur. Bütün bunlara görə də Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq.

Gülər Sultanzadə
Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025