Mobil versiya
“Xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir”.
Tarix: 22-06-2023 | Saat: 16:42
Bölmə:Özəl | çapa göndər

“Xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz  milli-siyasi varlığımızın əsasını təşkil edir”.

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Ulu öndər Heydər Əliyev daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli dəyərlərimizin inkişafı üçün böyük danılmaz xidmətlər göstərmişdir. Bu danılmaz bir həqiqətdir ki, onun hakimiyyəti illərində mədəniyyətimiz sürətlə inkişaf etdi, milli ruh özümüzə qayıtdı.
Azərbaycan mədəniyyəti, incəsənəti həmişə Ulu Öndərimizin diqqət mərkəzində olmuşdur. Bəstəkarlarımızın, memarlarımızın, rəssamlarımızın, şair və ədiblərimizin mənəvi inkişafı və tərəqqisi üçün Heydər Əliyev onlara həmişə böyük qayğı ilə yanaşmışdır. Heç təsadüfi deyildir ki, məhz onun yaxından qayğısı və fəaliyyəti sayəsində Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov, Mustafabəy Topçubaşov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Bu, unudulmayan və heç bir zaman yaddan çıxmayan tarixi xidmətdir.
Bu dahi şəxsiyyət sənətə və sənətkara dərin hörmət və ehtiramla yanaşırdı. Mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirmək naminə də xeyli faydalı işlər gördü. Paytaxt şəhərimizdə və respublikamızın ayrı-ayrı bölgələrində əzəmətli abidələr ucaldıldı. Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mehdi Hüseynzadə, Hüseyn Cavid... abidələri şəhərlərimizin ümumi görkəminə xüsusi cazibədarlıq gətirdi.
Məhz Ulu Öndərin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının. Niyazinin, Bülbülün, M.S.Ordubadinin, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin və başqa mədəniyyət xadimlərinin ev muzeyləri açılmışdır. Bu xatirə ev muzeylərinə hər il minlərlə tələbə, məktəbli, müxtəlif peşə və sənət sahibləri gəlir. Milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş bu insanların qaynar fəaliyyətləri ilə yaxından tanış olur və bu fədakar insanlarla fəxr edirlər.
Azərbaycan xalqı qarşısında Heydər Əliyevin heç bir zaman unudulmayacaq tarixi xidmətləri çoxdur. Dahi Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğma yurdu Naxçıvanda dəfn olunması, Naxçıvanda Cavid ev muzeyinin açılması, Cavidlər kompleksinin yaradılması, Bakıda əzəmətli heykəlinin ucaldılması mədəniyyətimizə, bir sözlə, milli mənəvi dəyərlərimizə, ulu şəxsiyyətlərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bir əsrdən artıq yaşı olan milli kinomuzun mənəvi inkişafında, azərbaycançılıq ruhunda tərbiyə olunmasında Ulu Öndərin xüsusi tarixi xidmətləri olmuşdur. Məhz onun göstərişi və təşəbbüsü ilə “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud”, “Qaçaq Nəbi”, “Qatır Məmməd”, “İstintaq” kimi milli ruhlu, milli ideyalı filmlər çəkilmişdir. “İstintaq” bədii filminə o dövrün ən böyük mükafatı-SSRİ Dövlət mükafatı verilməsi də məhz Heydər Əliyev fenomeninin qiymətli məhsuludur. “Kinomuzun tarixi və bu sahədə əldə olunan nailiyyətlər bizim milli sərvətimizdir”,- deyən Ulu Öndərin müstəqillik dövrünün çətinliklərinə baxmayaraq, kinoya, kino işçilərinə yüksək qayğısı onları yeni milli ruhlu, milli əqidəli filmlər yaratmağa ruhlandırmışdı.
Azərbaycanda musiqi sənətinin inkişafına da xüsusi qayğı ilə yanaşan Ulu Öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.
Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti bütün dünyada tanınır, sevilir, alqışlanır. Bu tarixi nailiyyət məhz Ulu Öndər Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev ideyaları, Heydər Əliyev prinsipləri, Heydər Əliyev düşüncələri əbədidir, ölməzdir.

İmanzadə Şəhla,
YAP Zəngilan rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025