Mobil versiya
Gülər Sultanzadə: “Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları bu gün davamlı olaraq həyata keçirilir”
Tarix: 21-06-2023 | Saat: 11:58
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları bu gün davamlı olaraq həyata keçirilir”

“Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliyi, mükəmməl bilikləri və məqsədyönlü fəaliyyəti bütün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də dərin və silinməz izlər qoymuşdur. Birmənalı olaraq demək lazımdır ki, Ümummilli Lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Məlumdur ki, xalqımızın milli-mənəvi dəyərləri dərin tarixi köklərə malik olmaqla əsrlər boyunca dünya mədəniyyətinə qiymətli töhfələr, nadir incilər bəxş etmişdir. Bununla belə etiraf olunmalıdır ki, məhz XX əsrin 70-ci illərindən etibarən xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan intibah dövrdür. Milli mədəniyyəti hər bir xalqın siması olaraq qəbul edən Ulu Öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Eləcə də, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətini xalqımızın ən böyük sərvəti hesab edirdi. Buna görə də Ulu Öndər mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və müasir baxışlara uyğun yeni əsərlərin yaradılması üçün hər cür şərait yaradırdı. Ümummilli Liderimizin bu istiqamətdə fəaliyyəti sovetlər dönəmində də yüksək səmərəliliyi ilə seçilirdi. Azərbaycanın görkəmli sənətkarları ötən əsrin 70-80-ci illərində məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin ən yüksək fəxri adını almağa müyəssər olmuşdular.”

Bu sözləri AİA.Az-a verdiyi müsahibəsində Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin artıq müstəqillik illərində ölkədə ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətini də böhrandan çıxararaq yeni inkişaf mərhələsinə yüksəltdi: “Müstəqilliyimizin ilk illərində çoxsaylı daxili və xarici problemlərlə qarşılaşan ölkəmiz son dərəcə çətin və mürəkkəb dövlət quruculuğu yolundan keçməli idi. Həmin illərdə respublikanı bürümüş xaos və hərc-mərclik fonunda Azərbaycan mədəniyyəti də ciddi böhran yaşayır, bu sahədə qeyri-müəyyənlik, müxtəlif mənfi meyillər baş alıb gedirdi. Bir tərəfdən, anarxiya kimi başa düşülən azadlıq, digər tərəfdən də iqtidarda olan qeyri-peşəkar şəxslərin bu sahəyə qəribə, son dərəcə bəsit yanaşma nümayiş etdirmələri normal inkişafın qarşısını alır, çağdaş Azərbaycan mədəniyyətini sivil məcradan təcrid edərək ona böyük zərbələr vururdu. Bir sözlə, həmin dövrdə düşünülmüş mədəniyyət siyasəti yox dərəcəsində idi. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra ümumilikdə ölkədə və konkret olaraq mədəniyyət sahəsində vəziyyət köklü surətdə dəyişdi. O vaxtdan etibarən Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri müəyyənləşdirildi, dövlət həyatının bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin formalaşması və getdikcə təkmilləşdirilməsi mərhələsi başlandı. Elmi cəhətdən əsaslandırılmış bu siyasətin həyata keçirilməsi ardıcıllıq, varislik, millilik və orijinallıq prinsipləri əsasında, Azərbaycan xalqının təkrarsız mədəni genofondunun saxlanılması şərti ilə mədəni inkişafın getdikcə sürətlənməsini təmin edir. Eyni zamanda da bu siyasət sayəsində açıqlıq və demokratiklik ideyaları təbliğ edilir və fəal şəkildə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir dünyada mövcud olan bir sıra modellər sırasından məhz mədəniyyətlərin dialoqu modeli seçilib milli-mənəvi dəyərlərimizə uyğunlaşdırılaraq Azərbaycanda qəbul edilib. Bu model ümumdünya mədəniyyət proseslərində ölkəmizin tərəf müqabili qismində iştirakına əsaslanır və respublikamızda optimal ictimai-mədəni dinamikanın dəstəklənməsinə imkan yaradır.”

Daha sonra G.Sultanzadə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyət siyasətinin bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Digər istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də Heydər Əliyevin siyasi kursu bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilir. 2003-cü ildən sonra da Azərbaycanda Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə bu sahənin tərəqqisinə yeni stimul yaratmışdır. Möhtərəm dövlət başçımızın Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri isə sözssüz ki, işğaldan azad edilmiş Şuşanın ölkənin mədəniyyət paytaxtı elan edilməsi oldu. İşğaldan azad olunmasından az bir vaxt sonra Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilib, orada bayram namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin daha bir göstəricisidir. 30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada “Xarıbülbül” musiqi festivalı yenidən keçirilməyə başlandı. Heç bir şübhə yoxdur ki, dünya bundan sonra da hələ uzun illər Azərbaycanın mədəniyyət və incəsənət incilərini heyranlıqla izləməkdə davam edəcək”, - deyə Gülər Sultanzadə fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025