Mobil versiya
Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir
Tarix: 21-06-2023 | Saat: 10:55
Bölmə:Ölkə / Özəl | çapa göndər

Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, Türk dünyası və bəşəri sivil dünyanın qüdrətli, heyrət və möcüzə təsiri bağışlayan, qeyri-adi şəxsiyyətidir.
Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983), həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması dövrüdür.
Bu illərdə Bakının görkəmli yerlərində Mikayıl Müşfiq, Hüseyn Cavid, Füzuli, Nəsimi, Cəfər Cabbarlı kimi yazarların heykəlləri qoyulmuş, Məhəmməd Füzulinin 500 illiyi, Dədə Qorqudun 1300 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tədqiq və təbliğ olunmuşdur.
Xalqımızın mənəvi zənginləşməsində böyük xidməti olan yazıçı və şairlərimiz – Süleyman Rüstəm, Süleyman Rəhimov, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Cabir Novruz və başqaları ən yüksək adlara və dövlət mükafatlarına layiq görülmüşdür.
Cəmiyyətin aparıcı ideologiyasını təmsil edən ədəbiyyatın insanlar üçün gələciyin yolunu işıqlandıran bir məktəb olduğunu məruzə və çıxışlarında dönə-dönə izah edən ulu öndər “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”, - deməklə ədəbiyyatın milli mentalitetin formalaşmasında mühüm rolunu izah etmişdir.
Dahi şəxsiyyət hər zaman bütün çıxışlarında bir xalqın inkişafının və dünyada özünü təsdiqləməsinin əsas vasitəsi kimi təhsili və mədəniyyəti qeyd etmişdir. “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”,- deyən Ümummilli Lider “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir” də deyir və əlavə edirdi ki, “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, ruhən incəsənətə çox bağlı şəxsiyyət idi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxları ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi münasibətilə seçilirdi. Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Bu böyük şəxsiyyət görkəmli mədəniyyət xadimlərinə qiymət verərkən onların yaradıcılığını təhlil edir, verdiyi qiyməti əsaslandırırdı. Hiss olunurdu ki, qiymətləndirilənin yaradıcılığına, işinə, ilk növbədə vətəndaş mövqeyinə yaxından bələd olduqdan sonra qərar verilmişdir. Bu da təbii ki, dövlət başçıları və siyasətçilərdə nadir olan xüsusiyyətlərdən biridir. Ulu öndər bu nadir şəxsiyyətlərdən biri kimi verdiyi qiymətin sanbalına da sayına da bələd idi. Onun dahi Üzeyir bəy haqqında fikrinə diqqət yetirək:
“Dahi bəstəkar Üzeyir Hacıbəyov 23 yaşında yaratdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur.”, “Üzeyir Hacıbəyov çox gözəl, əzəmətli Dövlət Himni yaratmışdır. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın Dövlət Himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın Dövlət Bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən Himnin musiqisi çox cazibədardır, gözəldir.”
Hamıya məlumdur ki, məhz Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə Azərbaycanın bir çox dahi şəxsiyyətləri- şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların Bakıda və digər şəhərlərimizdə abidələri ucaldılıb. Nəsiminin Bakıdakı heykəli, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi, Hüseyn Cavidin xatirəsinə ucaldılan xatirə kompleksi bunun bariz nümunəsidir.
Ulu Öndər çox yaxşı bilirdi ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən, qədim tarixə malik olan və min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ana dilimiz ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Ulu Öndər Azərbaycan dilinin zənginliyinə yüksək qiymət verərək demişdir: "Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, Ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa öz xidmətini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. Bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir".
"Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Ümummilli liderimiz Heydər Əliyevə məxsus olan bu və ya buna bənzər qiymətli fikirləri onun özünə də şamil etmək olar. Çünki bu dahi şəxsiyyətin həyat və fəaliyyəti də xalqımızın milli-mənəvi sərvətidir.
“Çoxlu ifaçılar olmuşdur. Əlbəttə, onların arasında, müğənnilərimiz arasında birinci yerdə unudulmaz Bülbül durur. Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır.”-deyə böyük sənətkar Bülübül haqqında fikir söyləyən ulu öndər belə nafir istedad sahiblərini həm qorumuş, həm də onlara daha geniş diapazonda fəaliyyət göstərmək üçün şərait yaratmışdır. Çünki ulu öndər bir milləti tanıdan ziyalı, yaradıcı insan fenomenini düzgün qiymətləndirirdi.
Bu gün onun yolunu layiqli davamçısı cənab Prezident davam etdirməklə bərabər, həm də yeni nümunələrlə zənginləşdirir. Bu da cəmiyyətdə ziyalıya, mədəniyyət xadiminə və sənətkara hörməti artırır, milli mənəvi dünyamıza nur saçır. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin həyat və fəaliyyətinin təbliği və tədqiqi istiqamətində mühüm əhəmiyyətə malikdir. Əminik ki, bu sərəncamdan irəli gələrək elm və incəsənət xadimləri Heydər Əliyevin müxtəlif fəaliyyət istiqamətlərini əks etdirən tədqiqat işləri, yeni-yeni əsərlərin meydana gəlməsinə səy göstərərək elmimizə, mədəniyyətimizə dəyərli töhfələr verəcəklər. Bu məqsədlə elm, mədəniyyət və təhsil ocaqlarında keçirilən silsilə tədbirlər Heydər Əliyev irsinin ictimaiyyətdə geniş təbliği üçün də çox əhəmiyyətlidir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024