Mobil versiya
Eltun Süleymanov: “Azərbaycanın tarixinin bütöv bir epoxası Ümummilli Llider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Tarix: 19-06-2023 | Saat: 11:29
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Azərbaycanın tarixinin bütöv bir epoxası Ümummilli Llider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

“Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmur. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərə nəsib ola bilər. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsiz olmağı danılmazdır. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
1993-cü ilin İyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz vurğulamışdır ki, “Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC hakimiyyətinin bu sahədə buraxdığı kobud səhvlər tezliklə aradan qaldırıldı. Ali Sovetin sədri mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü.
Parlamentin sədri vəzifəsində fəaliyyət göstərən Heydər Əliyev qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyətdə demokratik prinsiplərin bərqərar olunması istiqamətində təsirli addımlar atıldı. Təbii ki, sözügedən istiqamətdə daha yaxşı nəticələrin alınması mütləq şəkildə qanunvericilik bazasının da yeni keyfiyyət mərhələsinə qaldırılmasını tələb edirdi. Ümummilli Lider Heydər Əliyev hər zaman qabaqcıl təcrübənin ölkəmizdə tətbiq edilməsinin tərəfdarı olub. Xüsusilə də dövlət idarəçiliyi sahəsində həm inzibati islahatların istiqamətlərini müəyyənləşdirəndə, həm də kadr siyasətinin konturlarını təyin edən zaman beynəlxalq qabaqcıl təcrübələrə istinad edib. Bunun üçün isə ölkənin beynəlxalq təmaslarının artırılmasının, beynəlxalq konvensiyalara fəal şəkildə qoşulmanın xüsusi əhəmiyyəti var idi. Dövlət qulluğunun və dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesində atılan addımların hamılıqla qəbul edilən mütərəqqi standartlara uyğunlaşdırılması Azərbaycan Respublikasında çevik və səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılmasını şərtləndirən əsas amillərdən biri oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması və qəbul edilməsidir. Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Ulu öndərin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da Azərbayacan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı.”

Eltun Süleymanov qeyd etmişdir ki, “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idarəçiliyi sistemi hazırkı mərhələdə Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməkdədir. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, burada vətəndaşların maraqlarına və gözləntilərinə uyğun daha səmərəli fəaliyyət göstərmələrini şərtləndirəcək inzibati islahatların həyata keçirilməsi Prezident İlham Əliyevin daim birbaşa nəzarəti altındadır”-deyə Eltun Süleymanov fikrini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024