Mobil versiya
Azərbaycanın "qara" incisi - neftin əhəmiyyəti
Tarix: 02-06-2023 | Saat: 14:26
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın "qara" incisi - neftin əhəmiyyəti

Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətlərdən biri olan neftdən yalnız XX əsrin sonralarında – dövlət müstəqilliyini bərpa etdikdən sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyası və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır.
Görkəmli dövlət xadimi çox qısa müddətdə elə bir strategiya və diplomatiya ərsəyə gətirdi ki, hətta Azərbaycanın bədxahları da onun dühası, uzaqgörən siyasəti qarşısında aciz qaldıqlarını etiraf etdilər. Həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrildi.
Onu da deyək ki, Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin sonlarından aparılan danışıqlar 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o, nəinki xalqın mənafelərini nəzərə almır, hətta imzalanacağı təqdirdə ölkənin qiymətli təbii sərvətinin talan ediləcəyinə imkan yaradacaq, nəticədə iqtisadiyyatımıza böyük ziyan vurulacaqdı.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Məlum olduğu kimi, 1994-cü ilə qədər Azərbaycanın həm quru ərazilərindən, həm də Xəzər dənizinin ona aid sektorundan bir milyard tondan artıq neft hasil edilib. Dünyada ilk dəfə dənizdəki neft ehtiyatlarının sənaye üsulu ilə hasil edilməsinə də Azərbaycanda başlanılıb.
Azərbaycanın neftçi-mütəxəssislərinin burda payı böyükdür. Neft və qaz hasilatı sahəsində əldə etdikləri bu yenilikçi təcrübənin bütün dünyada tətbiq edilməsi ilə ölkəmiz iyirminci əsrin ortalarından başlayaraq dünya neft mühəndisliyi fikrinin əsas mərkəzlərindən biri kimi tanınmaqdadır. Ölkənin mənfəət neftindən əldə edilən vəsaitlər 1999-cu ilin dekabrında Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır. Məhz bu Fondun yaradılmasında əsas məqsəd neft gəlirlərindən milli iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün ehtiyat, sosial-iqtisadi və investisiya yönümlü layihələrin maliyyələşdirilməsini təşkil etməkdən ibarətdir. Bütün bunların sayəsində neft strategiyası milli iqtisadiyyatın əsasını təşkil edən neft-kimya, neft emalı sənayesi və bunlarla bağlı alt sahələrin müasir standartlara cavab verən infrastrukturu quruldu. Neft emalı və neftayırma sahəsində əldə edilən böyük təcrübə və mütəxəssis kontingenti sayəsində Azərbaycan hökuməti xarici ölkələrin adı çəkilən sahələrinə irihəcmli investisiya qoyuluşları etməyə başlayıb. Eyni zaman da dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük silahdaşı məhz o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edib. Günümüzdə isə Prezident İlham Əliyevin uğurlu neft siyasəti ölkəmizə qoyulan xarici investisiyaları nəinki artırdı, hətta Azərbaycan dövləti xarici ölkələrə irihəcmli investisyalar qoymağa nail oldu. Bu gün dünyada qəbul olunmuş belə bir tezis var: «Neft - enerji deməkdir, enerji isə sərvətdir». Məhz Prezident İlham Əliyevin uğurlu neft siyasətinin nəticəsidir ki, Azərbaycan nefti ancaq vətəndaşlarımızın rifah halının yüksəlməsinə, dövlətimizin qüdrətlənməsinə xidmət edir.

Özləm Əliyeva
Nəsimi rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024