Mobil versiya
Azərbaycan enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşdır
Tarix: 02-06-2023 | Saat: 14:07
Bölmə:Özəl | çapa göndər

Azərbaycan enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşdır

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi artıq üçüncü onillikdir ki, dünyanın aparıcı şirkətləri arasında əhəmiyyətli əməkdaşlıq platformasına çevrilib. Mayın 31-də Bakıda keçirilən 28-ci Sərgidə 35 ölkəni təmsil edən 320 şirkət iştirak edirdi. “Caspian Oil&Gas” sərgisi və onunla eyni vaxtda təşkil olunmuş 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” platforması ölkəmizin bu illər ərzində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, aparıcı şirkətlər arasında faydalı əlaqələrin qurulmasına yeni imkanlar yaratdı. Azərbaycan Prezidentinin ənənəvi olaraq Sərginin açılış mərasimində iştirakı bu platformanın yüksək statusunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında platforma qurulanadək ölkəmizin və tərəfdaşlarımızın üzləşdiyi çətinlikləri yada saldı və bugünkü uğurların arxasında Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin dayandığını xüsusi olaraq vurğuladı: “Biz 1994-cü ildə neft strategiyamızın-Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firəvan gələcəyinin təməli qoyuldu”. 
Hazırda Azərbaycan regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaşdır. Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir və Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Bu gün Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın Prezident İlham Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda hətta müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilməyib. İlham Əliyevin nail olduğu daxili stabillik möhkəmdir və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni sərvətləri üzərində Azərbaycan Respublikası özü qərar sahibidir.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edilən mərasimdəki çıxışında bildirib ki, "Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir".  Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq və bu, olduqca real rəqəmdir. 
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır və dövlət başçısının söylədiyi kimi, "Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş adlandırır". Bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın təqdimatıdır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024