Mobil versiya
Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur.
Tarix: 02-06-2023 | Saat: 10:37
Bölmə:Özəl | çapa göndər

Müdafiə sənayesi sahəsində uzunmüddətli  əməkdaşlıq əlaqələri mövcuddur.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu diplomatiya və iqtisadi qüdrətin yüksəliş strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti, qətiyyəti və uzaqgörənliyi sayəsində dövlətimiz sarsılmaz və etibarlı tərəfdaş olduğunu bütün dünyaya sübut etmişdir. Bu, artıq danılmaz bir faktdır ki, icrasına illər sərf olunacağı düşünülən iqtisadi proyektlər Azərbaycanda ən optimal zamanda və yüksək səviyyədə reallaşır. İnsan təfəkkürünün yaradıcı, qurucu təzahürü olan elm, texnika, sənaye, mədəniyyət və incəsənət, təhsil və təbabət öz inkişafının əsasını, mayasını ölkəmizdə olan siyasi sabitlikdən və torpaqlarımızın işğaldan azad olunmasının qürurundan götürür.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək müqəddəs Şuşa, Füzuli, Laçın və Ağdama, şəhər və kəndlərimizə, dədə-baba yurdumuza əbədi olaraq dönmüş məğrur xalqımız elə bir ruh yüksəkliyini yaşayır ki, heç bir çətinlik onu yolunda döndərə bilməz – Azərbaycan yüksəlişdədir, inamla irəliləyir, nəinki regionda, ümumən dünya siyasi meydanında qətiyyəti və əhəmiyyəti ilə seçilir, dövlətimizin qazandığı hörmətin və ehtiramın əbəs yerə olmadığını hamı dərk etmişdir. Azərbaycan Respublikası bütün dünya Azərbaycanlılarının Vətəni, doğma yurdu, qürur mənbəyi və and yeridir. Diplomatiyanın zirvəsini fəth etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyəti, mətinliyi ilə tarix yazmış, yaşadığımız tarixi yaratmış Müzəffər Ali Baş Komandan, xalqın, millətin, dövlətin dayağıdır.
Azərbaycan elə bir ölkədir ki, burada sayından, dini mənsubiyyətindən asılı olmayaraq yaşayan xalqlar əsrlər boyu heç bir zəmində ayrı-seçkilik, hər hansı bir diskriminasiya görməmişlər. Azərbaycan ərazisində yaşayan hər bir xalq öz milli özünəməxsusluğunu saxlamış, adət və ənənələrinə hörmət və ehtiramı buradakı bütün xalqların nümayəndələrindən görmüşdür. Bütün dünyanın örnək saydığı, digər dövlətlərin bərqərar etməyə çalışdığı tolerantlıq və səmimiyyət, həmvətənlisinin kədərini öz kədəri, sevincini öz sevinci qəbul etmək Azərbaycan cəmiyyəti üçün normadır. Xalqımızın beynəlmiləlçilik ideyalarına sadiqliyi hər zaman dillərdə əzbər olmuşdur.
Azərbaycan öz həqiqi müstəqilliyinə qovuşduğu andan – Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra Azərbaycanın milli-mənəvi dəyərləri dünya üçün açıldı, Ulu Öndər sanki dünyanı Azərbaycan işığına bürüdü. Ulu Öndər Heydər Əliyev demişdi: “Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik.”
Milli ayrı-seçkilik salmaq istəyən, düşmən sərmayəsi hesabına Azərbaycanı milli zəmində bölüb məhv etmək istəyən ünsürlər layiqli cavabını alıb tarixin qəbiristanlığında özlərinə yer tapdılar. Öz Ümummilli Liderinin ətrafında birləşmiş bütün xalqlar, Azərbaycanın bütün sakinləri mətin iradələrini nümayiş etdirərək xarici düşmənə qarşı birləşdilər. Qüdrətli ordunun yaranmasına başlanıldı. Azərbaycanda yaşayan bütün xalqlar həmin ordunun sıralarında tarixi qələbə gününü yaxınlaşdırmaq üçün qüvvələrini əsirgəmədilər.
Ümumdünya arenasında Azərbaycanın dostları da az deyildi, onların dəstəyi qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaqdır. 44 günlük Vətən müharibəsi dövründə də, ondan sonrakı dinc quruculuq işlərinə start verildikdən sonra da, misli görünməmiş tikinti və bərpa işləri başlanan zaman da həmin dost dövlətlər Azərbaycanın yanında olmuşlar. İsrail dövlətini və xalqını Azərbaycan xalqı ilə qırılmaz tellər, səmimiyyət və dostluq birləşdirir. Əsrlərdən bəri yəhudilər Azərbaycanda yaşamış, qardaşlıq və hörmətlə əhatə olunmuşlar. Buna görə də İsrail Prezidenti İsxak Hersoqun Vətənimizə səfəri xalqımızın istəkli qonağının, qardaş xalqın rəhbərinin səfəri kimi qiymətləndirilir.
Müasir zamanda tam əminliklə demək olar ki, Azərbaycan Respublikası və İsrail Dövlətinin tarixi keçmişlərinə bağlı olması, milli-mənəvi dəyərlərinə hörmət, adət-ənənələrə ehtiram XXI əsrdə daha da güclənmişdir. Hər iki dövlətin xalqları çətin dövrlərdən keçmiş, müstəqilliklərinə çatmaq üçün ağır sınaqlar görmüşlər. Bununla yanaşı, dövlətlərimizi bağlayan mühüm tellərdən biri Azərbaycanda böyük bir yəhudi icmasının yaşaması, onların xalqımızın bir hissəsi olması, ictimai həyatımızda, elm və mədəniyyət sahələrində həmin icma üzvlərinin layiqincə təmsil olunmasıdır. Həmin insanlar nəinki yəhudilərin, bütün Azərbaycanın fəxri və əziz övladlarıdır. Dövlətimizin Başçısı, Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır.”
Azərbaycan xalqı, hər bir dünya azərbaycanlısının qəlbi Albert Aqarunovun adı gəldikdə fərəhlə döyünür; bu 23 yaşlı gəncin nurlu çöhrəsinə o qanlı-qadalı illərin xronikasında baxarkən gözlərimiz dolur. Şanlı qələbimiz belə oğulların igidliyi və fədakarlığı hesabına qazanılmışdır.
İsrail Dövləti və Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər həm uzaq, həm də yaxın keçmişlə qaynaqlanmış, mayasını və qayəsini dostluq və qardaşlıqdan götürmüşdür. Azərbaycan Respublikasının səfirliyinin İsraildə açılması hər iki dövlətin ictimai həyatında böyük ruh yüksəkliyinə səbəb olmuş, dövlətlərimiz və xalqlarımız arasında artan səmimi qardaşlığın, genişlənən iqtisadi əməkdaşlığın tərənnümünə və təzahürünə çevrilmişdir.
Hal-hazırda dövlətlərimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarını keçir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan və İsrail Prezidentlərinin geniş tərkibdə görüşü zamanı demişdir: “Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çox işlər görülməlidir.”
Həqiqətən də, stabilliyin get-gedə ümumdünya miqyasında zəifləməsi, hərbi konfliktlərin artması fonunda Azərbaycan istər yerli, istərsə də xarici biznes üçün olduqca əlverişli şərait nümayiş etdirir. Bununla belə, enerji faktoru bütün dünya üçün böyük önəm daşısa da, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkələrimiz arasında əlaqələrin daha çoxşaxəli olmağının mühümlüyü vurğulanmışdır. Enerji sahəsində əməkdaşlıq, ilk növbədə, onunla əlaqədardır ki, Azərbaycan Respublikası İsraili xam neftlə etibarlı surətdə təchiz edir. Bununla yanaşı, Cənab Prezident İlham Əliyev daha perspektivli addımların atılmasını dəstəkləməklə interkonnektorların yaradılmasının və üçüncü ölkələrdə potensial əməkdaşlıq üçün imkanların olduğunu qeyd etmişdir.
Həmçinin kənd təsərrüfatı məsələləri dövlət rəhbərlərinin müzakirə mövzusu olmuşdur. Ənənəvi olaraq kənd təsərrüfatı məhsulları ilə məşhur olan ölkəmizin yeni ixrac perspektivlərinə bu müzakirələrdə toxunulmuş və Prezident İlham Əliyev İsrail Dövlətinin bu sahədəki müvəffəqiyyətlərinin əhəmiyyətini vurğulamış, mövcud təcrübədən ölkəmizin yararlanmaq fikrində olduğunu söyləmişdir.
İstər Azərbaycan Respublikasının, istərsə də İsrail Dövlətinin daim terrorla mübarizədə olması və bu mübarizədə qazandığı qələbələri təkcə iki ölkənin təhlükəsizliyinin təminatı olmamışdur; bu iki dövlət terrorizmə qarşı mübarizəsi ilə dünya təhlükəsizliyinin qorunmasına öz töhfəsini vermişdir. Terror, ilk növbədə, insan hüquqlarına və demokratiyaya qarşı yönəlmiş bir aksiyadır. Buna görə də Azərbaycanın və İsrailin insan hüquqları və demokratiyanın qorunmasında rolu danılmazdır. Son illər artmış kiberterrorizm heç də terrorun “yumşaq” tərəfi və ya şaxəsi deyil; Cənab Prezident İlham Əliyev, həmişəki kimi, aktual məsələni qaldırmış və kibertəhlükəsizlik məsələsinin əhəmiyyətini vurğulamışdır.
Hər bir dövlətin döyüşə hazır ordusunun olması ilk növbədə bu ordunun müasir texnika ilə təchiz olunması ilə birbaşa surətdə bağılıdır. Birgə bəyanatda çıxışı zamanı Dövlət Başçımız İsrailin müasir texnikasının Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında rolunu məmnuniyyətlə qeyd etmişdir. 44 günlük Vətən müharibəsi zamanı bu texnikanın gücünü erməni faşıstləri gördülər və Şanlı Ordumuzun igidliyi qarşısında diz çökdülər.
Cənab Prezident proqram xarakterli bəyanatında iki ölkə arasında turizm və turist axını sahələrinin əhəmiyyətini vurğulayaraq uçuşların sayının artırılması barədə göstəriş verdiyini söyləmişdir. İki qardaş xalqın, dostluq və qohumluq münasibətləri ilə bağlı insanların görüşməsi, səyahətlərin artması, iş adamlarının iki ölkə arasında daha əlverişli keçidi, heç şübhəsiz ki, dövlətlərimizin yaxınlaşmasına xidmət edəcəkdir. Əlbəttə, belə bir səmimi görüşdə, iki qardaş dövlətin münasibətlərinin perspektivinin müzakirəsi zamanı humanitar sahəyə də toxunulmuş, yəhudi icmasının Azərbaycanın ictimai həyatında rolu Cənab Prezident İlham Əliyev tərəfindən təhlil edilmişdir. Cənab Prezident demişdir: “Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatlarları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.”
İsrail Dövlətinin səhiyyə sistemi, yüksək səviyyəli klinikaları bütün dünyada məşhurdur. Bu klinikalarda hər il minlərlə insan yüksək ixtisaslı həkimlərə müraciət edir. Əlbəttə, bu mühüm səfər zamanı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planının” imzalanması ölkəmizdə səhiyyənin inkişafına xidmət edəcək mühüm sənədlərdəndir.
Ölkəmiz Cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində inamla irəliləyir. “Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm” - İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu sözləri onun Prezident İlham Əliyevlə, Dövlət Rəhbərimizin müdrikliyinin və qətiyyətinin nümunəsi olan, inkişaf edən, güclənən Azərbaycanla görüşündən irəli gələn dost məmnuniyyəti, qüruru və inamıdır.
Hər bir Azərbaycan vətəndaşı, ölkəmizin hər bir sakini bu qüruru, Azərbaycanlı olmaq şərəfini daşımaqla xoşbəxtdir!
Vaqif Şadlinski
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024