Mobil versiya
Azərbaycan-İsrail arasında diaspor əməkdaşlığı
Tarix: 01-06-2023 | Saat: 13:53
Bölmə:Özəl | çapa göndər

Azərbaycan-İsrail arasında diaspor əməkdaşlığı

Azərbaycanla İsrail arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1993-cü ildən etibarən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərməyə başlayıb. Hər iki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. Qeyd edək ki, iki ölkə arasında olan əməkdaşlıq diaspor fəasliyyətinə də öz müsbət təsirini göstərib. İsraildə fəaliyyət göstərən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası bir müddət öncə bu ölkədə yaşayan Azərbaycan icması adından müraciət yayıb. Müraciətdə deyilir: "Hazırda İsraillə Azərbaycan arasında əlaqələr intensiv şəkildə inkişaf edir və çiçəklənir. İsrail hər bir ölkə, xüsusilə də müsəlman ölkələri, ələlxüsus da bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanla yaxşı münasibətləri yüksək dəyərləndirir. Bu, sözsüz ki, İsraildəki Azərbaycan icması üçün çox xoş və qürurvericidir. İkitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan diasporunun, xüsusilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının səyləri böyükdür. Lakin bu münasibətlərin inkişafında, İsrail-Azərbaycan əlaqələrinə marağın artmasında əsas faktorun Azərbaycan dövlətinin yürütdüyü siyasətdir. Prezident İlham Əliyev beynəlxalq aləmlə strateji tərəfdaşlıq əlaqələrini o qədər savadlı və məharətlə qurub ki, Azərbaycan Qərbin olduğu kimi, Şərqin də maraq dairəsindədir. Ölkələrlə qurulan münasibətlərdə İlham Əliyevin siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə aparıcı mövqe qazandırıb. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin xalqına və dövlətinə firavanlıq bəxş etmək üçün yenidən bu məsuliyyətli posta seçilməyə layiq olduğunun təkzibolunmaz sübutudur".
İsraildə fəaliyyət göstərən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2007-ci ildə Təl-Əviv şəhərində təsis olunub. Təşkilat Azərbaycandan köçmüş və hazırda İsrailin müxtəlif şəhərlərində yaşayan 30 minə yaxın yəhudini birləşdirir. Azərbaycanla İsrailin münasibətləri Yaxın Şərqə və bütövlükdə dünyaya nümunə ola bilər: "Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkədə yaşamağımızla, bir çox xalqların və millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaları ilə qürur duyuruq. Biz əslən Azərbaycandan olan yəhudilərlə fəxr edirik. Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın şəksiz regional lideri, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq örnəyidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Bu baxımdan Azərbaycan İslam dünyasının inkişaf mayakı, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və indi də belədir. Burada İsrail Baş nazirinin sözləri yadıma düşür: "İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İsraildə Azərbaycandan olan 70 min yəhudi, "insan körpüsü" yaşayır. Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözümsüzlük, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir". Son olaraq qeyd edək ki, İsrailin Netaniya şəhər kitabxanasında İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ("Azİz") tərəfindən Fuad Hüseynzadənin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aktiv diaspor nümayəndələrinin fəaliyyətindən bəhs edən "Dünya Azərbaycanlılarının Palitrası" kitabının təqdimatı olub. Tədbirdə qeyd edilib ki, hazırda Azərbaycan diasporu Azərbaycanın maraqlarının təmsil olunmasında müxtəlif ölkələrdə böyük uğurlar əldə edib.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlərin görüldüyündən bəhs edərək bildirib: "Bizim fəaliyyətimiz bir dəqiqə belə dayanmır. Azərbaycanda heç vaxt antisemitizm (yəhudilərə qarşı ədavət) olmayıb. Bu, yəhudilər üçün çox əhəmiyyətli faktdır, çünki yəhudilər yaşadıqları hər yerdə təqiblərə məruz qalıblar. Biz israillilərə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti çatdırmağa çalışırıq, ona görə ki onlar bu haqda eşitsələr də, çox şey haqqında səhv informasiyaya malikdirlər. Erməni tarixinə gəlincə, axı erməni təbliğatı bütün dünyada neçə onilliklərdir fasiləsiz işləyir. Bundan başqa, əlbəttə ki, biz Azərbaycan tarixi və mədəniyyətinin təbliğatı üzrə rəsmi tədbirlər keçiririk. Biz bu tədbirlərə İsraildə yaşayan bütün səviyyəli hökumət və qeyri-hökumət təşkilatlarından rəsmi şəxsləri-Knesset üzvlərin və diplomatik korpusun nümayəndələrini, həmçinin müxtəlif ölkələrin həmyerlilər birliklərinin nümayəndələrini dəvət edirik".

Nəsimi rayon 9 nömrəli tam orta məktəbin müəllimi
Mürsəlova Leyla



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025