Mobil versiya
Azərbaycan-Litva strateji tərəfdaşlıq əlaqələri bütün beynəlxalq platformalarda özünü təsdiq edir
Tarix: 24-05-2023 | Saat: 12:51
Bölmə:Özəl | çapa göndər

Azərbaycan-Litva strateji tərəfdaşlıq əlaqələri bütün beynəlxalq platformalarda özünü təsdiq edir

Azərbaycan və Litva qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı ölkələrdir. Hər iki ölkənin dövlət başçıları tərəfindən əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar bunu deməyə əsas verir. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 22 may tarixində Litvaya rəsmi səfəri də xüsusi önəm kəsb edir. Azərbaycan və Litva Prezidentləri arasında ikitərəfli əməkdaşlığın regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və bir çox digər mühüm məsələlər barədə aparılan müzakirələrin nəticələri də belə deməyə əsas verir ki, əsas istiqamətlərdə ölkələrimizin mövqelərində aşkar yaxınlıq vardır. Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaratmış və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildi. Keçən ilin may ayında Litva Prezidenti Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilmiş forum iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğulamışdı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq.

Bu gün isə, biz artıq həmin əlaqələrin davamlı inkişafını müşahidə edirik. Mayın 22-də Vilnüsdə keçirilmiş növbəti Azərbaycan-Litva biznes forumu bunu bir daha təsdiq edir. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Əlbəttə ki, bu baxımdan xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində və dinləmələrdə Litvanın səsi eyni zamanda Latviya və Estoniyanın səsi deməkdir. Yəni ilk növbədə siyasi cəhətdən Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığından Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Litva neft-qaz ölkəsi sayılan zəngin Azərbaycanın investisiyalarına, ikitərəfli ticarət dövriyyəsinin inkişafına daha çox ehtiyac duyur. Öz növbəsində Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar ortaya çıxıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda tərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başladı. Dövlətimiz tərəfindən təklif olunan sülh müqaviləsində irəli sürülən beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur.

Azərbaycan bütün əngəllərə baxmayaraq inkişaf və tərəqqi yolunda inamla irəliləməkdə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə israrlıdır və yaxın müddət ərzində biz buna tam nail olacağıq. Ölkə başçısının Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər, imzaladığı sərəncamlar bunun bariz nümunəsidir. Litva prezidenti ilə görüşdə cənab Prezident İlham Əliyevin bəyanatında bu fikir bir daha vurğulandı və Azərbaycanın öz mövqeyində prinsipial və ardıcıl olduğunu təsdiq etdi.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024