Mobil versiya
İlham Vəliyev: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu təhsil siyasəti bu sahənin dinamik inkişafını təmin edən ən mühüm amil rolunu oynamışdır”
Tarix: 10-05-2023 | Saat: 12:54
Bölmə:Özəl | çapa göndər

İlham Vəliyev: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu təhsil siyasəti bu sahənin dinamik inkişafını təmin edən ən mühüm amil rolunu oynamışdır”

“Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış qarma-qarışıqlıqdan istifadə edən müəyyən anti-milli qüvvələr hakimiyyəti öz əllərinə ala bildilər. 1991-1992-ci illər ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu zamanında görərək, Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi xaos və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Təsadüfi deyil ki, dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız öz xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü, 15 iyun tarixini Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev artıq öz seçimini etmiş xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanan Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və bu möhtəşəm strategiyanın həyata keçirilməsi üçün mühüm addımlar atdı.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Şamaxı Dövlət Regional Kollecinin direktoru, İqtisad elmləri namizədi, dosent İlham Vəliyev deyib.


Öz fikirlərini davam etdirən müsahibimiz daha sonra Ümummilli Liderimizin xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması məqsədilə atdığı addımların ölkəmizin bugünkü inkişaf səviyyəsinə çıxması baxımından kəsb etdiyi əhəmiyyətindən danışıb: “Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Bununla Ümummilli Lider xalqın tarixi yaddaşını özünə qaytarmış, eyni zamanda da müstəqil Azərbaycan respublikasının birbaşa Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulamışdır. Heç şübhəsiz Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması olmuşdur. Ölkənin ən vacib sənədinin haızırlanmasına başlamaq ərəfəsində Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin böyük əksəriyyəti Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Yeni Konstitusiyanın qəbulu ilə ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər baş verdi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımlar atıldı.”

Həmçinin İ.Vəliyev Heydər Əliyevin müəllifi olduğu daxili siyasət startegiyasının Azərbaycanın elm və təhsil sahələrinin inkişafında rolu barədə fikirlərini paylaşaraq bunları deyib: “Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasəti bu strateji əhəmiyyətli sahənin dinamik inkişafını və müasirləşməsimi təmin edən ən mühüm amil rolunu oynamışdır.”

Sonda müsahibimiz Ulu Öndər Heydər Əliyevin öz xalqının qəlbində və qan yaddaşında əbədi olaraq yaşayacağını qeyd edərək bunları deyib: “2023-cü il mayın 10-da Azərbaycan xalqı öz Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd etdi. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmçinin bu tarixi günün əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2023-cü il 26 aprel tarixində imzalanmış müvafiq qanuna əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. yaratdı. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin, Prezident cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Ulu Öndər Heydər Əliyev yolu bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq”, - deyə İlham Vəliyev fikirlərini tamamlayıb.

Tahir Rzayev
Elman Hüseynov

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024