Mobil versiya
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır
Tarix: 16-05-2023 | Saat: 09:15
Bölmə:Özəl | çapa göndər

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır

Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, quruluşu və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev məhz belə bənzərsiz dahi tarixi şəxsiyyətdir. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biridir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edilir. Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda XX əsrin 70-80-ci illərində milli özünüdərkin yüksəlişi başlanmış, yazıçı və şairlərin əsərlərində milli ruha, millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə önəm verilmiş, dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görülmüşdür.
Bu günlərdə Azərbaycan xalqı öz müdrik rəhbərinin, böyük tarixi şəxsiyyətin 100 illiyini təntənə ilə qeyd edir. Respublika Prezidenti cənab İlham Əliyevin bu əziz gündə Şuşa şəhərindən xalqımıza müraciəti müstəsna əhəmiyyətə malikdir. Şuşanı, Qarabağı, zəngəzuruazad görmək, abad görmək istəyən ulu öndərin ruhu şaddır. Cənab Prezident də qeyd etdiyi kimi “Bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi.”
Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümummilli lider Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə H. Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin “qızıl fondu” na daxil edilmişdir.
 Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Onun keşməkeşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çox – düz 34 illik bir dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini təcəssüm etdirən səhifələri rəhbərin şərəfli və mənalı ömrünün unudulmaz anlarıdır. Heydər Əliyev zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi.
Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq hardasa tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Onun yorulmaz fəaliyyətinin Azərbaycan elminin müxtəlif sahələri ilə bağlı əlaqələrinin coğrafiyası və tarixi çox genişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə səciyyələndirmək çətindir. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır. Onun bütün həyatı, fəaliyyəti, məqsəd və arzuları bu idealın dövlət quruculuğu, tarix yaradıcılığı idealının ətrafında cəmlənmişdir. Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük mütəfəkkir idi. Heydər Əliyevin varlığı xalqa, onun mədəniyyətinə xidmətdən yoğrulmuşdur.
Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə, dünyanın dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Adı həmişə milli dövlətçiliyimiz, müstəqillimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir tanrının insanlara bəxş etdiyi müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri, bəlkə də birincisidir. Ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. “Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm” söyləyən, həyatının mənasını Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində əsrlərə sığmayan bir epoxadır. Onun söylədiyi “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ilə bir daha bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi. Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır. Milyonların ürəyindən gələn bu sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır”.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024