Mobil versiya
Qazilərimizə və onların ailələrinə qarşı şər və böhtan kampaniyaları yolverilməzdir
Tarix: 14-05-2023 | Saat: 11:51
Bölmə:Özəl | çapa göndər

Qazilərimizə və onların ailələrinə qarşı şər və böhtan kampaniyaları yolverilməzdir

27 sentyabr Azərbaycanın tarixində ən şərəfli və ən əhəmiyyətli günlərdən biri, bəlkə də birincisi kimi bundan sonra əbədi olaraq qeyd olunacaq. Həmin gün təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar qəbul olundu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni faşizminə qarşı Zəfər yürüşünə başladı.



Müharibənin ilk günlərindən ölkənin bütün səfərbərlik və hərbi xidmətə çağırış idarələrinin qarşısında yaşanan izdihamları hamımız yaxşı xatırlayırıq. Azərbaycanın ən ləyaqətli oğul və qızları xalqın 30 illik Qarabağ həsrətinə son qoymaq, Vətənin ərazi bütövlüyünü bərpa etmək üçün cəbhəyə can atırdılar. Belə vətənpərvər, qəhrəman Vətən övladlarından biri də II Qarabağ savaşı Qazisi Əhmədzadə Elvin Canəhməd oğludur. Elvin 1996-cı il 9 may tarixində Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 2013-2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat fakültəsini bitirən Elvin Əhmədzadə İkinci Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərə könüllü qatılıb. Döyüşlərin ən intensiv, ən qızğın sahələrində vuruşan Elvin hər zaman igidlik və mərdlik nümayiş etdirib, şücaətlə döyüşüb.



Belə döyüşlərdən birində ilk dəfə yaralanan Elvin bu barədə hətta ailəsinə, doğmalarına xəbər belə verməyib. Əksinə, hospitaldan valideynlərinə göndərdiyi mesajda Elvin Əhmədzadə belə yazıb: “Narahat olmayın məndən, mən yaxşıyam. Laçını almağa mən getməyəndən sonra kim gedəcək?”. Bundan sonra Elvin yenidən döyüşə yollanr. Elvin Əhmədzadənin əsas məqsədi, ən böyük arzusu Şuşanın işğaldan azad olunmasında iştirak etmək olub. Lakin Vətən torpağının hər addımı, hər qarışı uğrunda qəhrəman oğullarımız öz qanlarını tökmüş, canlarını fəda etmişlər. Elvin Füzuli uğrunda gedən ağır döyüşlərdə iştirak etsə də, Şuşaya girmək ona nəsib olmayıb. Xocavənd istiqamətində hücuma keçərkən ağır yaralanan Elvin Əhmədzadə üç dəfə çətin əməliyyat keçirib. Həkimlər Qazimizin həyatını xilas etsələr də, Elvin bundan sonra döyüşmək imkanını itirib. Döyüşlərdə nümayiş etdirdiyi igidlik və şücaətinə görə Qazimiz “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Elvin Əhmədzadənin atası Canəhməd müəllim Azərişıq ASC-nin strukturlarında kifayət qədər yüksək vəzifə tutan dövlət məmurudur. Ömrünün 30 ilini bu sahədə çalışan Canəhməd Əhmədov hal-hazırda Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisidir. Dövlətimiz tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən Canəhməd müəllim Əməkdar mühəndis adına layiq görülüb. Bir maraqlı məqamı da qeyd edək ki, Canəhməd Əhmədov öz vəzifəsini xidməti kabinetindən deyil, daha çox birbaşa qızğın iş gedən ərazilərdə icra edən nadir məmurlardandır. Həmçinin Canəhməd müəllim Vətən müharibəsinin ilk günündən işğaldan azad edilən hər kənddə, hər məntəqədə enerji təchizatını gecə-gündüz çalışaraq bərpa edən və həmin ərazilərdə aparılan yenidənqurma işlərində bilavasitə iştirak edən mülki qəhrəmanlardan biridir.


Əlbəttə ki, belə vətənpərvər, xalqa və dövlətçiliyimizə hər zaman sədaqətlə xidmət edən, Vətən uğrunda qanını, canını əsirgəməyən insanlarımızın qədiri-qiyməti hər zaman xalqımız və dövlətimiz tərəfindən uca tutulub. Bununla belə, çox təəssüflər olsun ki, bəzən hətta bu insanlar da ölkə mətbuatında əsassız hücumlara məruz qoyulur, onların barəsində yoxlanılmamış və təsdiqini tapmamış uydurma iddialar əsasında materiallar dərc olunur. O cümlədən son zamanlar Canəhməd Əhmədov barəsində də bəzi saytlarda bu kimi yazılara rast gəlmək olur. Əlbəttə ki, kimin kim olduğunu dövlətimiz də, cəmiyyətimiz də yaxşı bilir. Bununla belə, ölkəmizdə Şəhid ailələri və Qazilərə, müharibə iştirakçılarına diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildiyinə halda bəzi media orqanlarının bu kimi həssas mövzularda düşünülməmiş addımlar atması yolverilməzdir. Buna görə də, bütün həmkarlarımıza tövsiyyə edirik ki, bu kimi mövzularla işləyərkən daha diqqətli olsunlar.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024