Mobil versiya
Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirdi
Tarix: 12-05-2023 | Saat: 10:54
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər  Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilməlidir. Ümummilli Liderimizin dövlətimiz, xalqımız qarşısında olan müstəsna xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.
Mayın 10-da cənab Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şuşa şəhərindən xalqa müraciətlə çıxış etdi. Dövlətimizin başçısı bir daha qeyd etdi ki, Şuşa Zəfərimizin rəmzi və tacıdır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. 2020-ci ildə Azərbaycan xalqı bu arzunu gerçıkləşdirdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ölkənin ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman əsgər və zabitləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Şuşanın azad olunmasından dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklər ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatla Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.
Ulu Öndərimizin fəaliyyətinin hər bir mərhələsi – istər Azərbaycanda hakimiyyətinin 1969-1982-ci illəri əhatə edən sovet dönəmi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir. Möhtərəm dövlət başçımızın Sərəncamında da vurğulandığı kimi, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi rəhbərin həyat amalının təntənəsidir. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirməyə müəssər olub. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.
Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ümummilli Liderimiz çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Ulu Öndər Heydər Əliyev öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini qətiyyətlə pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.
1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəlmiş, ancaq ovaxtkı Azərbaycan rəhbərliyinin çirkin kampaniyaları səbəbindən Naxçıvana getmiş və orada yaşamağa başlamışdır. Həmin dövrdə Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokadada idi. Hətta Muxtar Respublikanın gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi. Xalq məhz Heydər Əliyevi özünə rəhbər seçdi və bu, demokratiyanın əsl təntənəsi oldu. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, məqsədyönlü fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı. Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi və öz lideri ətrafında sıx birləşdi.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən iki il ərzində respublikada sürətlə davam edən dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu düzgün müəyyən etdi və Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi xaos və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və bu möhtəşəm strategiyanın həyata keçirilməsi üçün mühüm addımlar atdı. Əlbəttə ki, bu yolda atılan ən mühüm addımlardan biri də 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” oldu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sazişin imzalanması növbəti bir dönüş nöqtəsi idi.
Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu hər gün daha da yüksəlir. Möhtərəm dövlət başçımız düşünülmüş, uğurlu xarici siyasət yürüdərək, bütün beynəlxalq təşkilatlar çərçivəsində lazım olan hüquqi və siyasi bazanı yarada bilib. Azərbaycan müstəqil siyasət yürüdən ölkədir və heç bir xarici qüvvə dövlətimizin işlərinə müdaxilə edə bilməz.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024