Mobil versiya
ŞUŞA MÜRACİƏTİ BÜTÜN DÜNYAYA SƏS SALDI!
Tarix: 12-05-2023 | Saat: 10:02
Bölmə:Özəl | çapa göndər

ŞUŞA MÜRACİƏTİ BÜTÜN DÜNYAYA SƏS SALDI!

Ümummilli Lider Heydər Əliyevin 100 illiyində Prezident İlham Əliyevin Şuşadan xalqa müraciət etməsinin rəmzi, tarixi və siyasi əhəmiyyəti çox böyükdür. Bu müraciətin məhz Şuşadan edilməsi bu şəhərin əzəldən Azərbaycanın olmasının göstəricisidir. Bu o deməkdir ki, biz Şuşaya qayıtmışıq və Şuşa dirçəlir. Ulu Öndərin ən böyük arzusu Şuşanı azad etmək və orada üçrəngli bayrağımızın dalğalanması idi. Bu gün həm bayrağımız Şuşada dalğalanır, həm də Şuşa yeni libas geyinərək müasirləşir. Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında ifa olunan musiqi sədaları və gecə Şuşada açılan atəşfəşanlıq bütün Qarabağa səs salır və düşmənlərimizi mənəvi cəhətdən öldürür. Xankəndidəki ermənilər də Şuşadakı bayram səslərini eşidir və atəşfəşanlığı görüb mənəvi əzab çəkirlər. Təbii ki, onlar da Azərbaycan vətəndaşlığını qəbul edərək növbəti tədbirlərimizdə sevincimizə şərik ola bilərlər. Bütün bu nailiyyətlərimizin təməlində Ulu Öndərin siyasi kursunun uğurları dayanır. Heydər Əliyev hər dəfə rəhbərliyə gələndə Azərbaycan çətin günlərini yaşayırdı. Sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamız aqrar sahədən sənayeyə qədər inkişaf etməklə ittifaq miqyasında iqtisadiyyatına görə ikinci yerə yüksəlmişdi. Azərbaycanın faciəli günləri 1985-ci ildə Heydər Əliyevin sovet rəhbərliyindən istefa verməsindən sonra başlayıb. Çünki Heydər Əliyev rəhbərlikdə olan erməni separatçılara öz çirkin niyyətlərini gündəmə gətirməsinə imkan vermirdi.
Bu separatçı meyllərin baş qaldırması və 90-cı illərdə hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyün milli xəyanəti nəticəsində torpaqlarımız işğal olundu, ölkədə hakimiyyətsizlik yarandı, vətəndaş müharibəsi başlandı və 70 ildən sonra arzulayaraq nail olduğumuz dövlət müstəqilliyimiz təhlükə altına düşdü. Bu ağır dövrdə dövlətimizin və xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyev oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizin gələcəyini istəməyən qüvvələr tərəfindən arzu olunmurdu və ona görə də iki dəfə dövlət çevrilişinə cəhd olundu. Amma xalq Heydər Əliyevə inanırdı və onun yanında birləşərək bütün radikal fikirlilərə öz cavabını verdi. Azərbaycan 1993-2003-cü illər Heydər Əliyevin rəhbərliyi altında böyük bir inkişaf yolu keçib.Azərbaycanın iqtisadiyyatı sabitləşdirildi və islahatlar aparıldı. Atəşkəs əldə olundu. Dövlət idarəetmə sistemi formalaşdırıldı. Azərbaycanın dünyaya inteqrasiyası prosesinə başlanıldı. 90-cı illərin əvvəlində hakimiyyətdə olanların təcrübəsizliyi və bacarıqsızlığından torpaqları işğal olunmasına baxmayaraq Azərbaycanı sanki təcavüzkar kimi dünyaya təqdim olunmuşdu. Heydər Əliyevin apardığı beynəlxalq siyasət haqlı mövqeyimizin dünya tərəfindən qəbul olunmasına yol açdı. Cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi, sosial-iqtisadi kursunu uğurla davam etdirərək Azərbaycanı qalib ölkəyə çevirib. Ulu Öndərin ən böyük arzusu olan Şuşanı azad etməklə cənab Prezident İlham Əliyev ata nəsihətini yerinə yetirmiş oldu. Müharibənin başa çatdığı 2,5 il işğaldan azad olunmuş ərazilərin inkişafı və intibah tarixi olub. Bu ərazilərdə infrastruktur layihələr sürətlə icra olunur, şəhərlərin Baş planları təsdiq olunaraq uğurla davam etdirilir.
Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə son səfəri zamanı 10 kəndin təməli qoyulub, bir çox sosial, infrastruktur layihələrin açılışları edilib. Bu gün Şuşa yeni libasa bürünür. Şuşada yeni küçələrin lövhələrin açılışları olub. Müasir binalar tikilir və yaşayış massivləri inşa olunur. Şuşada mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Bu gün Şuşanı və işğaldan azad olunmuş ərazilərimizi görən Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Nə qədər Azərbaycan var Ümummilli Lider Heydər Əliyev də olacaq və onun ideyaları Azərbaycanı yeni zirvələri fəth etdirəcək. Cənab Prezident İlham Əliyev Azərbaycanı şərəflə, inamla təmsil edən lider kimi vətəndaşlarımızın sevimlisinə çevrilməklə yanaşı, həm də digər ölkələrin və xalqların həsəd apardığı siyasətçi kimi diqqət mərkəzindədir. Bu gün dünyanın siyasi prosesləri fonunda ölkəmizin diplomatik, hərbi və iqtisadi qüdrətini təmin edən dövlət rəhbəri kimi Azərbaycan Prezidenti əvəzolunmaz liderə çevrilib. Azərbaycan xalqı bu liderin fenomenal gücündən yaranan inkişafın xoşbəxtliyini yaşayır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024