Mobil versiya
Azərbaycan eyni zamanda iriçaplı iqtisadi layihələrin davamı kimi Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır
Tarix: 08-05-2023 | Saat: 17:33
Bölmə:Özəl | çapa göndər

Azərbaycan eyni zamanda iriçaplı iqtisadi layihələrin davamı kimi Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır

Azərbaycanın Zəfər savaşının zirvə nöqtəsi heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi idi. Müzəffər Ali Baş Komandanın “Şuşasız bu qələbə yarımçıq olar” mesajı qalib ordunun hər bir azərbaycanlı üçün şərəf məqamına çevrilmiş Şuşanı azad etməsini mütləq zərurətə çevirmişdi. Bu şad xəbəri xalqa çatdırarkən Prezident İlham Əliyevin “mən ata vəsiyyətini yerinə yetirdim” deməsi, ruhumuzun paytaxtı olan Şuşanın Ümummilli Lider tərəfindən dövlət və millət üçün hədəf göstərildiyini təsdiqləyir. Ulu Öndərin bütün çıxışlarında Şuşanı Qarabağın, Azərbaycanın bütövlüyünün simvolu kimi göstərməsi də bunun bariz ifadəsidir. Bu baxımdan dahi şəxsiyyətin anadan olmasının 100 illiyində azad Şuşa bir ayrı özəlliyə malikdir və bu məqsədlə qala-şəhərdə keçirilən tədbirlər Ümummilli Liderin ruhuna ən böyük sayğı və sevgidir.
Mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevin çıxışı zamanı söylədiyi fikirlər həm ölkə daxilində, həm də xaricdə diqqət mərkəzindədir. Söylənilən fikirlər, əslində, dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regional və qlobal baxımdan da müstəsna əhəmiyyət daşıyan, hər kəsin diqqətlə izlədiyi məsələlərlə bağlı idi. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı və beynəlxalq dairələrə qətiyyətli mesajlar verdi.Prezident İlham Əliyevin mövzu ilə bağlı fikirləri bir daha sübut edir ki, Azərbaycan 2020-ci ildən bəri öz mövqeyində haqlı olaraq israrlıdır, davamlı sülhün təşəbbüskarı və ardıcıl tərəfdarı olmaqla yanaşı, öz mövqeyindən bir addım belə geri çəkilən, milli maraqları, dövlət maraqlarını güzəştə gedən deyil. Dövlətimizin başçısı razılaşmanın əldə olunmamasının, prosesin müxtəlif bəhanələrlə ləngidilməsinin təqsirkarının Ermənistan tərəfinin olduğunu aydın nümayiş etdirməklə bərabər, işğalçı ölkənin bu vəziyyətdən irəli gələ biləcək bütün problemlərə, həmçinin regional inkişaf proseslərindən təcrid olunmasına görə də məsuliyyət daşıyacağını diqqətə çatdırdı.Prezident İlham Əliyev çıxışında Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan bir sıra məsələlərə, o cümlədən TAP-ın genişləndirilməsi, “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edilməsi, Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərin olması kimi aktual mövzulara da münasibət bildirib. Nitqində TAP-ın səhmlərinin 20 faizinin Azərbaycana məxsus olduğunu, bir şirkətdən başqa digərlərinin də payının 20 faiz təşkil etdiyini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik”.
Konfransda eləcə də, ölkə iqtisadiyyatını, beynəlxalq layihələri şərh edən dövlətimizin başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün həmişə Azərbaycan tərəfindən dəstəkləndiyini və öhdəliyimizin yüksək səviyyədə yerinə yetirildiyini diqqətə çatdırmaqla bildirdi ki, nəqliyyat infrastrukturunu daha da müasirləşdiririk. Çünki bu infrastrukturdan istifadə etməyə böyük maraq var. Azərbaycan eyni zamanda iriçaplı iqtisadi layihələrin davamı kimi Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Bu da, qeyd olunduğu kimi, ölkəmiz tərəfindən gələcək əməkdaşlığın fəal şəkildə qiymətləndilməsi deməkdir”.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının çoxalması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, ölkəmiz sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə, bütün region üçün faydalı olacaq.

Saleh Əzizov,
Salyan rayonu, “Tərəqqi” medallı müəllim



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024