Mobil versiya
Azərbaycanın faşizm üzərindəki Qələbədə böyük rolu olmuşdur
Tarix: 08-05-2023 | Saat: 17:23
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın faşizm üzərindəki Qələbədə böyük rolu olmuşdur

Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi “1945-ci il mayın 9-u faşizm üzərində qələbə ilə başa çatmış və dünya tarixinə Qələbə Günü kimi daxil olmuşdur. Qələbə Günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. Belə ki, 1941–1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdır. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Müharibə başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Müharibənin başlanğıcında təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Müharibənin birinci ilində Azərbaycan Kommunist Partiyası 40 min kommunisti cəbhəyə göndərdi. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı.
Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242-ci, 271-ci, 392-ci, 394-cü, 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
 Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir. Buna görə də İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır.
1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoydu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May-Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması vətəndaşlarda vətənpərvərlik hisslərinin daha da artmasında əsaslı rol oynayırdı. Ümummilli lider Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi.
Bu gün də bu siyasət dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük şücaətlərə imza atdığı kimi 44 günlük Vətən müharibəsində də böyük şücaət və vətənpərvərlik göstərdi. Gənclərimiz bu müharibədəki igidlikləri ilə Vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdilər. Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində düşmən üzərindəki qələbəsi bunun ən gözəl örnəyidir. Bu gün Azərbaycan dünyada öz qətiyyəti və qüdrəti ilə seçilən bir dövlətdir.

Vilayət Əsgərov ,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları birliyi
Salyan rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024