Mobil versiya
Azərbaycanda işığın qiyməti qalxdı (YENİLƏNİB)
Tarix: 15-07-2016 | Saat: 12:39
Bölmə:İqtisadiyyat | çapa göndər



İyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuranın Katibliyindən verilən məlumata görə, iclasda "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Məlum olduğu kimi, sonuncu dəfə elektrik enerjisinin tarifi 2007-ci ilin yanvar ayında dəyişdirilib. Ötən 10 ilə yaxın müddət ərzində istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. İstehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilib ki, bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib.

Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılıb, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.

Bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilib. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur.

Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.

Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir.

Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əməkhaqlarının artırılmasına imkan verəcək.

Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

***

Azərbaycanda əhaliyə satlan elektrik enerjisinin qiyməti qaldırılıb.

BU barədə "Azərişıq”dan bildirilib. Verilən məlumata görə, əhaliyə satılan elektrik enerjisinin qiyməti 1 qəpik artırılıb. Bu barədə yaxın saatlarda açıqlama veriləcəyi bildiilir.

Qeyd edək ki, hazırda "Azərenerji" ASC-nin elektrik enerjisinin topdansatış qiyməti 1 kilovat-saata görə 0,041 manatdır. Bütün kateqoriyadan olan istehlakçılar üçün 1 kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,06 manatdır.

TŞ ötən il müəssisələr üçün təbii qazın qiymətini min kubmetrə görə 42 manatdan 80 manatadək artırıb. Hazırda "Azərenerji"nin bütün istilik elektrik stansiyaları qazı əsas yanacaq qismində istifadə edirlər.

Şuradan həmçinin deyiblər ki, gündəlikdə Bakı Metropolitenində gediş haqqının artırılması məsələsi yoxdur. Hazırda Bakı metrosunda gediş haqqı 0,2 manatdır.

Tarif Şurasından bildiriblər ki, elektrik enerjisinin qiymətinin və Bakı Metroplitenində gediş haqqının artırılması ilə bağlı müvafiq strukturlar tərəfindən Şuraya heç bir müraciət daxil olmayıb: "Bu məsələlər gündəlikdə yoxdur"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə