Mobil versiya
"Vergilər yoxlamalarsız artıqlaması ilə yığılır" - Elnur Allahverdiyev
Tarix: 17-03-2023 | Saat: 13:49
Bölmə:İqtisadiyyat | çapa göndər

"Vergilər yoxlamalarsız artıqlaması ilə yığılır" -

"Hökumətin 2022-ci ilə dair fəaliyyət hesabatı ilə ilk tanışlıqda ölkə iqtisadiyyatında inkişaf tempinin saxlanmasını görmək hər bir vətəndaş kimi, biz millət vəkillərini də sevindirir. Büdcə müzakirələri ərzində biz iqtisadiyyatın müxtəlif sektorlarına dair statistik göstəriciləri ətraflı müzakirə etdik".

aia.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Deputat konkret fəaliyyət sferalarına və strateji hədəf sayılacaq istiqamətlərə toxunub:

"Bu ilin əvvəlində cənab Prezidentin sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərində yoxlamalar daha 1 il müddətinə dayandırılıb. Bu, artıq neçə illərdir davam edir və biz şahidi oluruq ki, vergilər yoxlamalarsız, avans ödənişləri tələb edilmədən də artıqlaması ilə yığılır. Bu, olduqca vacib məqamdır, çünki bir tərəfdən yoxlama yoxdur, digər tərəfdən isə vergilər toplanır. Bu, iqtisadiyyatın ildən ilə böyüməsinin bariz göstəricisidir. Ötən ilin pozitiv nəticəsi kimi Dövlət Gömrük Komitəsində aparılan islahatları qeyd etmək lazımdır. Əlbəttə, görüləsi işlər az deyil, ancaq islahatlar öz müsbət nəticələrini verməyə başlayıb. İş adamları ilə görüşlərin keçirilməsi, mövcud problemlərin müzakirəsi təqdirəlayiq haldır. Kiçik və orta sahibkarlığın inkişafının özəl sektor və bütövlükdə milli iqtisadiyyatımız üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Mən fürsətdən istifadə edib İqtisadiyyat Nazirliyini, Dövlət Gömrük Komitəsini və digər aidiyyəti orqanları sahibkarların problemlərinə daha da həssas yanaşmağa səsləyirəm.Əvvəlki illərdə həyata keçirilən tədbirlərin nəticəsində Azərbaycan 2022-ci ildə regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib. Əsas elektrik enerjisi istehsalçısı olan “Azərenerji” ASC tərəfindən təxminən 3 milyard kilovat elektrik enerjisi ixrac edilib. 2022-ci il ərzində bərpa olunan elektrik enerjisinin istehsalı istiqamətində 2 beynəlxalq tərəfdaşla Anlaşma Memoradumları imzalanıb, daha bir şirkətlə də müqavilənin imzalanacağı gözlənilir. Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Qarabağ, Şərqi Zəngəzur, Naxçıvanda yaşıl enerji istehsalı üçün münbit iqlim göstəriciləri mövcuddur.

Bu məsələyə imkan daxilində bir qədər geniş toxunmaq istəyirəm. Bildiyiniz ki, Prezident iqtisadi əhəmiyyətli bütün görüşlərində bu mövzunu təşviq edir. Əyani misal olaraq bu həftənin əvvəlində dövlət başçısının Almaniyaya səfəri çərçivəsində yerli iş adamları ilə keçirdiyi görüşü qeyd edə bilərik. Bu görüşün böyük bir hissəsi məhz sözügedən mövzuya həsr olunmuşdu. Dünyanın ən qabaqcıl şirkətləri Azərbaycanda bu sahədə fəaliyyət göstərmək istəyirlər. Bu, bizim həm potensialımızdan xəbər verir, həm də xarici kapital üçün ölkədə olan əlverişli mühitdən. Hesab edirəm ki, bu da hökumətin olduqca ciddi nailiyyətlərindən sayılmalıdır. Düşünürəm ki, hökumət bu istiqamətdə tədbirlərini intensivləşdirməlidir. Çünki yaşıl enerjinin istehsal dəyəri aşağıdır, deməli bu proses büdcəyə vəsait gətirən ixracat yönümlü də ola bilər, daxili tələbatlar üçün də. Misal üçün, yaşıl enerji istehsalı özəl sektor üçün açıla bilər, ancaq əldə edilən enerjinin dövlət, məsələn, “Azərişıq” tərəfindən abonentlərə satılması şərti ilə. Yaxud bu yolla qazanılan ucuz enerji müvafiq olaraq ucuz qiymətə ərzaq və ya qida məhsulları istehsalı ilə məşğul olan müəssisələrə satıla bilər ki, nəticə etibarilə bu da istehlak zənbilinə müsbət təsirini göstərmiş olar. Eyni ilə inşaat sektorunda ekoloji cəhətdən təmiz üsullardan istifadə edən şirkətlərə də müxtəlif dövlət güzəştlərini tətbiq etmək mümkündür.

Hesabatda əhalinin həssas təbəqəsi ilə işləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gördüyü işlər barədə geniş məlumat yer alıb. Düşünürəm ki, nazirliyin və ona tabe olan qurumların sosial müavinətlər və təqaüdlər, ünvanlı dövlət sosial yardım, əlilliyin müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluq, şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına dövlət dəstəyi sahəsində təşkil etdiyi işləri qənaətbəxşdir. Ancaq millət vəkili olaraq əhali ilə tez-tez təmasda olan şəxs kimi hesab edirəm ki, görüləsi işlər də var.

Hökumətin ötənilki fəaliyyətinin humanitar istiqaməti ilə bağlı bir neçə kəlmə bildirmək istəyirəm. Dövlətimizin və xalqımızın qarşısında olan müasir çağırışlara layiqli cavab vermək, ümumxalq səviyyəli hədəflərin öhdəsindən gəlmək üçün tək Azərbaycan deyil, dünya azərbaycanlılarının bir olması mühüm şərtdir. Bu birliyə nail olunması, vahid gücümüzün ümumi məqsədə yönəldilməsi ciddi səylər tələb edir ki, bu prosesdə Diaspora Komitəsinin əməyini qeyd etmək istəyirəm. İnanıram ki, qarşıdakı illərdə də dünya azərbaycanlılarının bir diaspora olaraq güclənməsi istiqamətində lazımi işlər görüləcək.

Cənab Prezidentin rəhbərliyi ilə yeni dünyagörüşlü, gənc kadrların mühüm vəzifələrə təyinatı 2022-ci ildə və 2023-cü ilin yaşadığımız hissəsində də davam edib. Bu istiqamətdə dövlət başçısının Mədəniyyət Nazirliyindəki yeni təyinatları bu sahədə çalışan professional mədəniyyət işçilərinin ürəyincədir. Şübhə etmirəm ki, nazirliyin yeni rəhbərliyi həm zəngin mədəni irsə malik xalqımızın istedadının dünyada təbliği baxımından, həm də ümumilikdə ölkədə mədəniyyət və incəsənətin inkişafında mühüm rol oynayacaq, bu sahələrə yeni nəfəs gətirəcək.
Hörmətli həmkarlar!

Fikrimcə, bunlar hökumətin uğurlarının son həddi deyil və biz 2023-cü ildə daha böyük nailiyyətlərin şahidi olacağıq. Bu baxımdan, hökuməti 2022-ci ildəki məhsuldar fəaliyyəti ilə əlaqədar təbrik edir, daha böyük uğurlar arzulayıram".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024