Mobil versiya
Rəşad Musayev: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanı və xalqımızı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur”
Tarix: 03-03-2023 | Saat: 11:00
Bölmə:Gündəm | çapa göndər

Rəşad Musayev: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanı və xalqımızı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur”

“Bu il bütün Azərbaycan xalqı xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyini sonsuz ehtiramla qeyd edir. Ulu öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bütün xalqın Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramının ifadəsidir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan ümummilli liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən ulu öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb.”

Bu sözləri saytımıza açıqlamasında Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev deyib.

Həmçinin müsahibimiz qeyd edib ki, Ulu öndərin uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması məhz müasir müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi: “Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələri Azərbaycanda inşa olunub. Ulu öndərin atdığı bu taleyüklü addımlar sayəsindəAzərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Həmçinin neft sənayesinin iqtisadi inkişafdakı müstəsna rolunu düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Beləliklə, hələ sovet dönəmində, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə davamlı olaraq həyata keçirilən və cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmışdır. Bu arada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün bu illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyevin əslində ən böyük azərbaycanlı olması Ulu öndərin özünün siyasi nitqində də öz parlaq təzahürünü tapmışdır: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu.”

Fikirlərini davam etdirən Rəşad Musayev vurğulayıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində Ulu öndər tərəfindən görülən tədbirlər müasir dünyəvi ölkəmizin formalaşması baxımından böyük əhəmiyyət kəsb edir: “1969-1982-ci illərdə respublikamızda musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Bütün ölkə üzrə kütləvi şəkildə mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu öndər deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın.” Azərbaycan ədəbiyyatının və dilinin inkişaf edib zənginləşməsi ulu öndərin siyasi-mədəni fəaliyyəti ilə möhkəm bağlıdır. Doğma xalqının dilini, mədəniyyətini ürəkdən sevən Heydər Əliyev onun çiçəklənməsi yolunda böyük xidmətlər göstərmişdir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan ulu öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların birləşdirici amilinə çevrilib.”

Sonda müsahibimiz bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib: “Bu gün Azərbaycan iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, xalq-dövlət-ordu birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib. 1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 20 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Heydər Əliyev siyasi kursunun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları isə qədirbilən xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacaqdır”, - deyə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev müsahibəsini bitirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə