Mobil versiya
Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır
Tarix: 01-02-2023 | Saat: 16:42
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır

2015-ci ildən başlayaraq hər il Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantılarında Albaniya da yüksək səviyyədə təmsil olunur. Çünki bu ölkə “Cənub qaz dəhlizi” layihəsinin iştirakçılarından biridir və həmin amil Azərbaycanla Albaniyanın iqtisadi əlaqələrinin daha da genişlənməsinə təkan verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri zamanı bu mövzu diqqət mərkəzində olub.
“Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) Albaniyanın da ərazisindən keçir. Belə ki, 878 kilometr məsafə boyu uzanan bu kəmər Yunanıstanda 550 kilometr, Albaniyada 215 kilometr, Adriatik dənizinin dibində 105 kilometr və İtaliyanın quru ərazisində 8 kilometrlik yol qət edir. Xatırladaq ki, TAP-la kommersiya qaz nəqlinə 2020-ci ilin sonuncu günü başlanıb və həmin vaxtdan bu xətlə Azərbaycandan Avropaya fasiləsiz olaraq mavi yanacaq daşınır.
Bu il noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay təkbətək görüşdən sonra mətbuata bəyanatlarla çıxış edərkən dövlətimizin başçısı demişdir: “O ki qaldı qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və “Cənub qaz dəhlizi”nin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanmışdır. Həmin memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir”.
Dəyişən dünyada kimya və neft-kimya istehsalının, emal sənayesinin inkişafı həm qlobal, həm də ölkə səviyyəsində getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan da istisna deyil.
Qeyd edək ki, Azərbaycan artıq beynəlxalq bazarlarda təkcə xam neft və təbii qazın deyil, həm də karbohidrogen emalı məhsullarının etibarlı təchizatçısı kimi özünü təsdiqləyib. Başa düşdüyünüz kimi, bu halda söhbət neft məhsullarından, neft və qaz-kimya məhsullarından gedir.
Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə iki il öncə verilərək innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması istiqamətində mühüm tədbirlərin, o cümlədən biznes prosesləri, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit), aktivlərin idarə edilməsi, istehsalatın düzgün proqnozlaşdırılması və planlaşdırılması istiqamətində “Əməliyyat Mükəmməlliyi” proqramlarının icrasına başlanılıb.
Hazırda, beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR-ın emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin və SƏTƏM normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də (“Azərikimya” İB, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu və s.) qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib.

Rafiq Süleymanlı
Azərbaycan Dövlət Pedaqoji Universiteti.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024