Mobil versiya
Samir Şükürov: “Azərbaycan gəncliyinin hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində davam edir”
Tarix: 31-01-2023 | Saat: 10:30
Bölmə:Gündəm | çapa göndər

Samir Şükürov: “Azərbaycan gəncliyinin hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində davam edir”

“Azərbaycan gəncliyinin gücünə, onun cəmiyyətimizin aprıcı qüvvəsi kimi çıxış edə biləcək potensialına hər zaman inanan Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.” 1993-cü ildə respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider gənc nəslə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. O cümlədən ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. 2002-ci il 9 aprel tarixində isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən Gənclər siyasətinin təməlində də Ulu Öndər Heydər Əliyevin siyasi irsi durur. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edir.”

Bu sözləri Gənclər günü münasibətilə aia.az-a verdiyi açıqlamada Kürdəmir rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Samir Şükürov deyib.


Müsahibimiz qeyd edib ki, bu gün respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişafın əsas hərəkətverici qüvvəsi də məhz Azərbaycan gəncliyidir: “Mən belə bir məqama da xüsusi olaraq toxunmaq istərdim ki, məhz Ümummilli lider Heydər Əliyevin sərəncamları, respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, həmin dövrdə Azərbaycanın bütün regionlarında uşaq-gənclər şahmat məktəbləri açılması yeni-yeni istedadların aşkara çıxarılmasında və onların tədricən öz ustalıqlarını artıraraq müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində müstəsna rol oynamışdır. Bu gün də ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır. İlk növbədə dövlət başçısı tərəfindən 2005-ci ildə növbəti 4 ili əhatə edən Dövlət Proqramı təsdiq edilmişdi. Bu proqram sözsüz ki, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına gıstərilən böyük diqqət və qayğının bariz təzahürü idi. Bundan başqa 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və bir sıra digər mühüm sənədlər Azərbaycan gəncliyinin cəmiyyətimizdə aparıcı mövqelərə sahib ola bilməsi üçün əsaslı zəmin yaratmışdır.”

Daha sonra S.Şükürov Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinin əldə olunmasında gəncliyin müstəsna rolunu vurğulayaraq bunları deyib: “Ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Azərbaycan gəncləri Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün bütün Azərbaycan gəncliyi ölkəmizin gələcəyini birmənalı olaraq yalnız Prezident İlham Əliyevlə bağlayır və öz yüksək potensialını xalqına, Vətəninə və dövlətinə şərəf və ləyaqətlə xidmətə yönəldir”, - deyə Samir Şükürov müsahibəsini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025