Mobil versiya
Mərkəzi Neftçilər Xəstəxanasının timsalında ölkə səhiyyəsinin inkişafına göstərilən dövlət qayğısının yüksək nəticələrini müşahidə etmək mümkündür
Tarix: 31-01-2023 | Saat: 09:30
Bölmə:Gündəm | çapa göndər

Mərkəzi Neftçilər Xəstəxanasının timsalında ölkə səhiyyəsinin inkişafına göstərilən dövlət qayğısının yüksək nəticələrini müşahidə etmək mümkündür

Artıq uzun müddətdir ki, Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir olunaraq və ən müasir avadanlıqlarla təchiz edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Görülən bütün bu tədbirlər nəinki ölkəmizin səhiyyə sisteminin dünya standartları səviyyəsinə uyğunlaşmasına zəmin yaratmış, hətta Ölkə Prezidenti cənab İlham Əliyevin öz çıxışlarından birində qeyd etdiyi kimi, artıq səhiyyədə Azərbaycan standartlarından da danışmağa əsas vermişdir.

Bu gün paytaxtda fəaliyyət göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) timsalında bir daha ölkə səhiyyəsinin inkişafına göstərilən dövlət qayğısının yüksək nəticələrini müşahidə etmək mümkündür. Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına hazırda bu tibb müəssisəsində bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb əməliyyatlar aparılır. Klinikanın bütün şöbə və laboratoriyaları, diaqnostika kabinetləri müasir avadanlıq və cihazlarla təmin edilib. MNX bu gün inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübaliğəsiz demək olar ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Qeyd etmək lazımdır ki, 2020-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunan Musa Abbasovun peşəkarlığı, öz işinə məsuliyyətlə yanaşma tərzi, dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin icrası üçün özünün və rəhbərlik etdiyi kollektivin bütün potensialını səfərbər etmək bacarığı bu səhiyyə ocağının daha da inkişaf etməsinə, bir çox uğur və nailiyyətlərin əldə olunmasına böyük töhfələr vermişdir. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında bütün sahələr üzrə 184 nəfər yüksək ixtisaslı, öz peşəsini mükəmməl bilən, təcrübəli həkim və 841 nəfər peşəkar orta tibb personalı və texniki personaldan ibarət kollektiv bu səhiyyə müəssisəsinə gündəlik müraciət edən 800-1000 nəfər pasiyentə tibbi xidmətlər göstərirlər.

Xüsusi olaraq pandemiya dövründə Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyəti barədə bir neçə kəlmə deməyi özümüzə borc bilirik. Məlumdur ki, koronavirusla mübarizə hər bir ölkənin səhiyyə sisteminin mövcud imkanlarının aydın mənzərəsini yaratdı. Hətta dünyanın qabaqcıl ölkələri belə COVİD-19 ilə mübarizədə böyük çətinliklərlə üzləşdiklərini gizlətmirdilər. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan dövlətinin bu istiqamətdə pandemiyanın ilk günündən həyata keçirdiyi kompleks qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu qlobal bəladan minimal itkilərlə çıxa bildi. Həmin dövrdə vətəndaşların sağlamlığının keşiyində, pandemiya ilə mübarizənin ilk cərgələrində fədakarlıqla duran səhiyyə müəssisələrimizdən biri də məhz Mərkəzi Neftçilər Xəstəxanası idi. Xəstəxananın beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz edilməsi, peşəkar həkim heyəti, düzgün müayinə və müalicə üsullarının tətbiqi və ən əsası, baş direktoru Musa Abbasovun rəhbərliyi ilə istisnasız bütün tibbi personalın fədakarlığı sayəsində yüzlərlə insanın həyatı xilas olundu. Bu gün də Mərkəzi Neftçilər Xəstəxanası ölkənin və regionun ən qabaqcıl səhiyyə müəssisələrindən biri olaraq insanların sağlamlığının keşiyində əzm və fədakarlıqla, yüksək peşəkarlıqla durur.

P.S. Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının saytlarında Mərkəzi Neftçilər Xəstəxanasının, eləcə də bu səhiyyə ocağının rəhbərliyinin fəaliyyətinə kölgə salmağa hesablanmış müəyyən əsassız ittihamların, qeyri-dürüst məlumatların dərc edildiyinin şahidi oluruq. Əlbəttə ki, bu kimi hərəkətlər ilk növbədə jurnalist etikasına uyğun deyil və qətiyyən yolverilməzdir. İkinci bir tərəfdən də bütün ömrünü insanların sağlamlıqlarının keşiyində durmağa həsr edən, hər birimizin həyatının xilası üçün fədakarlıqla mübarizəyə atılmağa hər an hazır olan bu müqəddəs peşə sahiblərinə qarşı olunan böhtan hücumları əlbəttə ki, ümumilikdə Azərbaycan səhiyyəsinin nüfuzunun yüksəlməsinə də xidmət edə bilməz. Buna görə də bütün həmkarlarımızdan bir daha xahiş edirik ki, bu kimi məsələlərdə daha həssas və daha obyektiv yanaşma nümayiş etdirsinlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024