Mobil versiya
Azərbaycan dünyada etibarlı tərəfdaşlıq ünvanına çevrilib
Tarix: 23-01-2023 | Saat: 17:40
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan dünyada etibarlı tərəfdaşlıq ünvanına çevrilib

Məlum olduğu kimi, hər ötən gün beynəlxalq nüfuzu daha da artan Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib. Beynəlxalq arenada söz sahibi olan Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət sayəsində Azərbaycan dünyanın əksər ölkələri ilə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. Eləcə də ölkəmizin ərəb dövlətləri ilə qurduğu əlaqələr inkişaf etdirilərək yeni xarakter alıb və sürətli dinamika mərhələsinə qədəm qoyub. Ərəb ölkələri Azərbaycanın həm hərtərəfli inkişafını, həm də beynəlxalq nüfuzunu yüksək qiymətləndirir. Buna Prezident İlham Əliyevin ötən il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində Fəxri qonaq statusunda iştirak etməsi də bariz nümunədir. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin dəvəti ilə Prezident İlham Əliyevin yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı da bu ölkənin timsalında ərəb dünyasının Azərbaycana və onun Prezidentinə olan böyük ehtiramının daha bir parlaq nümunəsidir.  Müsəlman dünyası ilə tarixən mövcud olmuş əlaqələr müasir dövrdə də Azərbaycanla ərəb ölkələri arasında münasibətlərin inkişafına müsbət təkan verib. Hazırda ölkəmizin Səudiyyə Ərəbistanı, İraq, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri ilə siyasi münasibətləri, müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. 
Bir nüansa xüsusi diqqət çəkək ki, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmayıb. 
Ümumiyyətlə, ərəb dövlətləri Azərbaycanın haqq işinə dəstək verib, beynəlxalq platformalardakı milli mübarizəmizdə bizimlə həmrəy olduğunu hər zaman nümayiş etdirib. "Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq", - deyə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Prezident İlham Əliyev bildirmişdi. Eyni zamanda İlham Əliyev qeyd etmişdi ki, "Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik".
Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür. Hazırda liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma memorandumu əsasında əməkdaşlıq edir. Anlaşma memorandumu 2005-ci ildə imzalanıb. 2014-cü ildə isə Ər-Riyadda Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq memorandumu imzalanıb. Onu da qeyd edək ki, Ərəb Dövlətləri Liqasının üzvləri həmçinin Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatında təmsil olunurlar. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Qarşıda isə ölkəmizlə Ərəb Dövlətləri Liqasının əməkdaşlığının daha da genişdirilməsi hədəflənir. Birləşmiş Ərəb Əmirliyi ilə Azərbaycan arasında hazırda ikitərəfli münasibətlər olduqca yüksək səviyyədədir. Ölkələrimiz siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq edir, eyni zamanda ticarət əlaqələri və turizm sahəsində də böyük işlər görülür.  İki ölkə arasında yeni əməkdaşlıq imkanlarına yol açan daha bir uğurlu iş isə bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlığa başlanılmasıdır. Ötən il Azərbaycanda təməli qoyulmuş "Qaradağ" Günəş-Elektrik Stansiyasını da bu ölkənin "Masdar" şirkəti inşa edir. Sözügedən stansiyanın təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev vurğulamışdı ki, "Masdar" şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. "...Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir", - deyə dövlət başçısı bildirmişdi. Bu il yanvarın 16-da Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb. Sözügedən saziş Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı hərtərəfli əməkdaşlığın inkişafına daha bir töhfədir. 
Azərbaycanın Əbu-Dabi Dayanıqlılıq Həftəsinə dəvət olunması ölkəmizin ərəb dövlətləri arasındakı nüfuzuna, eyni zamanda qlobal tərəfdaşlıqdakı etibarlılıq ünvanına dəlalət edir. Çünki sözügedən təşkilat dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.
2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. 
Ən əsası, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu beynəlxalq siyasət sayəsində ölkəmizin beynəlxalq platformalarda özünəməxsus mühüm rolu və yeri olduğunu bir daha əyani şəkildə göstərir. 

Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024