Mobil versiya
“Global Media Group” üç ISO sertifikatı aldı
Tarix: 27-12-2022 | Saat: 11:36
Bölmə:Media | çapa göndər

“Global Media Group” üç ISO sertifikatı aldı

Bu gün yerli medianın işi dünya praktikasına əsaslanır. Həmçinin beynəlxalq jurnalistikanın normativləri ilə çalışmaq üçün fəaliyyət planları hazırlanır.

aia.az xəbər verir ki, düzgün fəaliyyət siyasətinə əsaslandıqları üçün “Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüblər. Qeyd etmək lazımdır ki, bu, şirkətlərin keçdikləri ilk ISO auditinin nəticəsində baş verib.

“Global Media Group” tərkibində fəaliyyət göstərən bu şirkətlər artıq inteqrasiya olunmuş idarəetmə sistemini - proses, təcrübələr və sənədlərlə birlikdə keyfiyyət, ətraf mühit və əməyin mühafizəsi və təhlükəsizliyinə yönəlmiş praktikaları - tətbiq edirlər. İnteqrasiya olunmuş idarəetmə sistemləri özündə ISO-9001, ISO-14001 və ISO-45001 standartlarını birləşdirir.

“Global Media Group” hazırda 160-dan çox ölkədən olan bir milyondan çox təşkilatda rəhbər tutulan beynəlxalq standartların tələblərini öz şirkətlərində tətbiq edir. ISO - məhsulların və proseslərin təhlükəsiz, səmərəli və davamlı olmasını təmin etmək üçün müxtəlif sahələrdə standartların hazırlanmasında dünya lideridir.

Sözügedən sertifikatların tətbiqi rəhbərlik tərəfindən verilən qərar və əmr ilə başlayır, sonra fəaliyyət planı hazırlanır. Həmin plan çərçivəsində əməkdaşlar üçün yaradılan münbit iş şəraiti, təşkilatda effektiv, keyfiyyətli idarəçiliyə nail olmaq üçün tələb olunan bütün nüanslar nəzərə alınır. Həyata keçirilən prosedurların sənədləşdirilməsi, nəzərdən keçirilməsi, rəhbərliyin məsuliyyətləri, insan resursları və təşkilatın iş mühiti də daxil olmaqla resursların idarə edilməsi beynəlxalq standartlara görə təşkil olunur. Daxili audit, düzəldici və qabaqlayıcı tədbirlər kimi vasitələr ilə fəaliyyətin ölçülməsi, təhlili, təkmilləşdirilməsi və s. amillər standartlar daxilində həyata keçirilməyə başlanır.

ISO-9001 standartı “planla - fəaliyyət göstər - yoxla - nəticə çıxar” metodologiyasına əsaslanır. Bu isə təşkilatda effektiv, keyfiyyətli idarəçiliyə nail olmaq üçün tələb olunan strukturun yaradılması deməkdir. Bu standartı tətbiq edən şirkətlərin idarəetmə keyfiyyətini artırmaları son nəticədə göstərdikləri xidmətin, istehsal etdikləri malların, müştəri məmnuniyyətinin artırılmasına gətirib çıxarır.

Qazanılan sertifikatlardan daha biri ISO-14001:2015 özündə effektiv ekoloji idarəetmə sistemini (EMS) cəmləşdirir. EMS ətraf mühitə təsirini azaltmaq istəyən təşkilatlar üçün ən yaxşı sistem kimi qiymətləndirilir ki, “Global Media Group” tərkibində fəaliyyət göstərən şirkətlər buna tam şəkildə əməl edirlər. Xüsusilə, yazılı mətbuatda kağızların yenidən emalı üçün bu sistemin tətbiqi kifayət qədər effektlidir.

Ekoloji idarəetmə sistemi həm daxili, həm də xarici maraqlı tərəflər üçün firmanın ekoloji dayanıqlılığına nəzarət etmək və hesabat vermək üçün nəzərdə tutulub. Bu standart fəaliyyət zamanı tullantıların azaldılmasını nəzərə almaqla biznesin səmərəliliyini artırmaq üçün istifadə olunur. Bu, ISO tərəfindən irəli sürülən 23 000-dən çox standartdan yalnız biridir və şirkətlər qrupu olaraq fəaliyyət siyasətimiz bu normativlərə də yüksək səviyyədə cavab verir.

“Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti digər bütün şirkətlərdə əməyin mühafizəsi və təhlükəsizliyi (SƏTƏM) idarəetmə sisteminə dair tələbləri müəyyənləşdirən ISO-45001:2018 sertifikatına da layiq görülüblər. Bununla bağlı təşkilatlara işlə bağlı xəsarətlərin və sağlamlığa vurula biləcək ziyanın qarşısını almaqla, eləcə də proaktiv şəkildə təkmilləşdirməklə təhlükəsiz və sağlam iş yerləri ilə təmin etmək üçün ondan istifadəyə dair təlimat verilib. Bu standart əməyin mühafizəsi və təhlükəsizliyini yaxşılaşdırmaq, təhlükələri aradan qaldırmaq, SƏTƏM risklərini (o cümlədən sistem çatışmazlıqlarını) minimuma endirmək, SƏTƏM imkanlarından yararlanmaq və SƏTƏM idarəetmə sistemini yaratmaq, tətbiq etmək və saxlamaq istəyən hər bir təşkilata şamil edilir.

ISO-45001 standartı - idarəetmə sistemi göstəricilərinin davamlı olaraq təkmilləşdirilməsi, qanuni tələblərin, iş yerlərinin, sahələrin və digər iş şəraitinə aid olan şərtlərin yerinə yetirilməsi, SƏTƏM məqsədlərinə tam nail olmağı nəzərdə tutur. Bu sistem fəaliyyət növündən asılı olmayaraq, istənilən təşkilata şamil edilir. Təşkilatın fəaliyyət göstərdiyi kontekst, işçilərin və digər maraqlı tərəflərin ehtiyac və gözləntiləri kimi amillər nəzərə alınmaqla, təşkilatın nəzarəti altında olan SƏTƏM risklərinin tam aradan qaldırılmasına yönəldilib.

Qeyd edək ki, bu standartlar gərgin rəqabət mühitində şirkətlərin rəqabətqabiliyyətliliyinin göstəricisi kimi davamlı uğurun təmin edilməsinə qulluq edir.

Xüsusilə qeyd etmək istərdik ki, ISO-9001, ISO-14001 və ISO-45001 standartları şirkətlərimizə tarixi 150 il öncədən başlayan, 30 ölkədə nümayəndəlikləri olan və artıq adı bir brend kimi səslənən “TÜV Austria” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən verilib. Azərbaycanda ilk dəfə olaraq Oxu.Az xəbər portalı IMS standartlarına layiq görülür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə