Mobil versiya
Telman Quliyev: "Heydər Əliyev siyasi kursu daim fəaliyyətdədir və bu siyasət xalqımızı həmişə irəliyə, daha işıqlı gələcəyə aparacaqdır"
Tarix: 09-12-2022 | Saat: 08:30
Bölmə:Özəl | çapa göndər

Telman Quliyev: "Heydər Əliyev siyasi kursu daim fəaliyyətdədir və bu siyasət xalqımızı həmişə irəliyə, daha işıqlı gələcəyə aparacaqdır"

“Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Tarixin müxtəlif dönəmlərində amansız və sərt sınaqlarla üzləşən, bu sınaqlardan üzüağ və şərəflə çıxan dilimiz zaman-zaman cilalanaraq daha da saflaşmış, zənginləşmiş və uzun bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, doğma ana dilinin gözəl bilicisi və böyük qayğıkeşi Heydər Əliyev ana dili haqqında demişdir: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir". Aforizm səciyyəli bu sözlər də Ulu Öndərə məxsusdur: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir".

Ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində olduğu ilk dövrlərdə isə Sovet hakimiyyətinin məlum ideologiyasının tələblərinə və mövcud ictimai-siyasi quruluşa görə Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi şərait və imkanlar yaradılmamışdı. Bununla belə, həmin dövrdə Azərbaycanda milli ədəbi dilimizin və dilçilik elminin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirilməsini də danmaq ən azından ədalətsizlik olardı. Xüsusən xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə göstərdiyi böyük qayğı və diqqət dilimizin inkişafında mühüm bir mərhələnin başlanğıcı olmuş, Azərbaycan dilinin dövlət dili kimi formalaşmasında baza rolunu oynamışdır”.

Bu sözləri Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev “aia.az”-a verdiyi müsahibəsində söyləmişdir.

Telman Quliyev qeyd etmişdir ki, “müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Məlumdur ki, Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılıb. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.

Sovet hakimiyyəti dövründə Azərbaycan dilinin ayrı bir dil kimi formalaşaraq ayrılmasını 1930-cu illərin əvvəllərindəki reformlara bağlamaq lazımdır. Bundan sonra Azərbaycan dilinin dövlət idarəçiliyində sıxışdırılma dönəmi başlamışdı. Dövlət idarələrində rəsmi kargüzarlığın rus dilində aparılması, rus dilinin geniş təbliği ciddi fəsadlara gətirib çıxarmışdı.

Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləndə Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara böyük dəstək verdi, ruh yüksəkliyi bəxş etdi, necə deyərlər, qol-qanad açmağa imkan verdi. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır”.

Müsahibimiz qeyd etmişdir ki, “Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Məhz belə mürəkkəb bir vəziyyətdə, siyasi anarxiyanın, xaosun hökm sürdüyü, digər tərəfdən erməni işğalının davam etdiyi b şəraitdə-1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı.

Məhz, bu böyük şəxsiyyətin gərgin əməyi, apardığı danışıqlar nəticəsində “Əsrin müqaviləsi” adlandırılan nəhəng saziş imzalandı. “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Məhz,1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsi oldu.
Azərbaycanın bugünkü qələbəsini təmin edən Müzəffər Ordunun qurulmasında Ulu Öndərin böyük və cahanşümul xidmətini qeyd edən Telman Quliyev bildirmişdir ki, “ Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. İkinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər tərəfindən Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı. Məhz həmin Ordu və onun Müzəffər ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxardı. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. Bunu təkcə dostlarımız deyil, hətta bizim uğurlarımıza qısqanclıqla yanaşanlar da etiraf edirlər”.
Müsahibimiz Telman Quliyev son olaraq qeyd etmişdir ki, “Heydər Əliyev üçün xeyli sayda vəzifə, titul söyləmək olar. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni, bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi və özünün millət, xalq mücahidi olması faktını tarixləşdirə, xalqın genetik yaddaşına yaza bildi. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid olan Heydər Əliyev üçün Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün, məhz, bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də Azərbaycan xalqı bu böyük şəxsiyyətin xatirəsinə çox dərin hörmətini ifadə edərək onu var olduğu müddətdə yaşadacaq, tarixin hər səhifəsində Heydər Əliyev adı, Heydər Əliyev dühası işıq saçacaqdır. Çünki Heydər Əliyev siyasi kursu daim fəaliyyətdədir və bu siyasət xalqımızı həmişə irəliyə, daha işıqlı gələcəyə aparacaqdır”.


Söhbəti qələm aldı:Şəmsi Qoca
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2024