Mobil versiya
Bayram Hacıyev: “Yeni Azərbaycan Partiyası Heydər Əliyev dühasının işığında yarandı”
Tarix: 07-12-2022 | Saat: 13:30
Bölmə:Ölkə | çapa göndər

Bayram Hacıyev: “Yeni Azərbaycan Partiyası Heydər Əliyev dühasının işığında yarandı”

“Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı məhz öz ümummilli liderinin sayəsində üçüncü minilliyə azad və demokratik ölkənin vətəndaşları kimi qədəm qoymuşdur. Hələ 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik edərkən, Ulu Öndər artıq ölkənin gələcəyini görür və suveren dövlətimizin siyasi və ideoloji əsaslarını qururdu. Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq məfkurəsi isə milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət etməklə, bu gün də dövlətin qüdrətinin artırılmasında real siyasi amil rolunu oynayır. Xüsusi olaraq qeyd olunmalıdır ki, yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, Ulu Öndərin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz Ümummilli Liderin gərgin səyləri nəticəsində Azərbaycanda 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması mümkün oldu.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev deyib.

Müsahibimiz Bayram Hacıyev həmçinin qeyd edib ki, Sovet dönəmində Ulu Öndər Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlməsi ilə Azərbaycanın digər sahələri kimi, təhsil həyatında da bir canlanma başlandı: “Qeyd etmək lazımdır ki, Ulu Öndərimizin hər zaman xüsusi diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsi idi. Buna görə də keçən əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin intibah dövrü kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə respublikamızda orta ümumtəhsil məktəblərinin sayı 77 faiz artmışdır. 1979-cu ildə SSRİ-nin 43 şəhərinin 152 ali məktəbində 3315 nəfər azərbaycanlı təhsil alırdı. Həmçinin artıq müstəqillik illərində də Ümummilli Lider ilk növbədə Azərbaycanın intellektual sabahını düşünərək və sovetlər dövründə respublikada formalaşdırdığı zəngin elmi potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Ulu Öndərin elm və təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhləmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Ümummilli Lider Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi kimi tanınmışdır.”

Daha sonra B.Hacıyev Ulu Öndərin respublikada ikinci dəfə hakimiyyətə və ümumiyyətlə böyük siyasətə qayıdışının bir başa Yeni Azərbaycan Partiyasına rəhbərliyi öz üzərinə götürməsilə bağlı olduğunu qeyd edib: “Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP tezliklə ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilə bildi. Bu partiya Heydər Əliyev dühasının işığında yarandı. Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Beləliklə Azərbaycan xalqının Ümummilli Lideri ikinci dəfə böyük siyasətə qayıtdı. Həmin dövrdə müstəqilliyini yeni bərpa etmiş Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Təsadüfi deyil ki, 1991-1992-ci illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlara görə, xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addım oldu. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin qurucusu kimi qəbul edir. Məhz 1993-cü ildən sonra, Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsini qoydu. Bu gün Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən Heydər Əliyev siyasi kursunun xalqımıza qazandırdığı ən böyük tarixi nailiyyət isə əlbəttə ki, Azərbaycanın 30 il davam edən erməni işğalına son qoyaraq öz ərazilərini azad etməsi oldu. Məlum olduğu kimi, möhtərəm dövlət başçımızın müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan olunub. Heç bir şübhə yoxdur ki, bu müdrik qərar bütün xalqımızın iradəsinin ifadəsi və Azərbaycan xalqının öz xilaskar oğlunun əziz xatirəsinə sonsuz ehtiramının bir təzahürüdür. Azərbaycan bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, Heydər Əliyev dühasının işığında yeni-yeni zirvələr fəth edəcək və bu yolda irəliləyərək dünyanın ən güclü və çiçəklənən ölkəsinə çevriləcək”, - deyə Bayram Hacıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024