Mobil versiya
Məmməd Musyaev: "Azərbaycan tarixinin Heydər Əliyev erası əbədiyyət ömrü qazanıb. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, siyasi kursu yaşayacaq"
Tarix: 07-12-2022 | Saat: 12:43
Bölmə:Manşet / Özəl | çapa göndər

Məmməd Musyaev: "Azərbaycan tarixinin Heydər Əliyev erası əbədiyyət ömrü qazanıb. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, siyasi kursu yaşayacaq"

Tarixi şəxsiyyətlər haqqında kitablardan da oxumaq mümkündür. Lakin traixi şəxsiyyətlə eyni dövrdə yaşamaq, onun ideyalarını mənimsəmək, onunla bir məfkurəni daşımaq və siyasi həyatda onunla eyni yolun yolçusu olmaq da bir ayrı məziyyətə malikdir. Bu mənada Ulu Öndər Heydər Əliyevlə birlikdə çalışmış, onun böyük dühasından yararlanmış insanlar bu böyük şəxsiyyəti daha yaxşı tanıyır, onun haqqında heç yerdə deyilməmiş və yazılmamış bilgilərə sahib olurlar. Belə insanlardan biri də Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, iqtisad eləmləri doktoru Məmməd Musyaevdir. Məmməd müəllimlə söhbətimiz də Ulu Öndərin şəxsiyyəti, milli-mənəvi, əxlaqi dəyərlərimizə sədaqəti, azərbaycançılıq ideyası və ideologiyasının inkişafı yolunda mübarizəsinə həsr olundu.

-Məmməd müəllim, məlumdur ki, tarix şəxsiyyətləri yetişdirdiyi kimi, şəxsiyyətlər də tarixi yazır və yaradır. Bu mənada Heydər Əliyev kimdir?

- Dünyanın tarixini yazan və yaradanlar insanlardır. Bu insanların həyatı, taleyi, fəaliyyəti, məqsəd və məramları çox maraqlı, qeyri-adiliklə zəngin olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək, bəzən də bu şəxsiyyətləri bir-biri ilə müqayisə edib fərqləndirmək məcburiyyətində qalırsan. Tarixi yaradanlar olmasaydı onu yazanlar da olmazdı qənaəti məhz bundan yaranır.Bu mənada Ulu Öndər Heydər Əliyev tarixi yaradanlardandır. Çünki Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir. Onun yaratdığı tarix əsrlər boyu xalqın qan yaddaşında yaşayacaq, həm də gələcək üçün, gənc nəsil üçün örnək olacaqdır. Bu gün isə qısa zaman keçməsinə baxmayaraq insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli lider respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar. Hətta o hadisələrin içində olmuş, eyni dövrdə yaşamış insanlar belə, bəzən hadisələrin görünməyən tərəfini dərk etdikcə bu böyük şəxsiyyətin zəkasına, müdrikliyinə və uzaqgörənliyinə heyran qalırlar.

- Məlumdur ki, ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirirlər. Sizcə. İnsanlar öz qənaətlərində niyə haqlıdırlar? Doğrudanmı onun vəzifəyə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək inqilab baş vermişdir?

-Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın iyirminci əsr ictimai siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Əgər ulu öndərin əsrin 70-80-ci illərində qurub yaratdığı, inkişaf etdirilən Azərbaycan olmasaydı bu günümüzün mühüm nailiyyətlərindən danışmaq çətin olardı. Bircə faktı deyim. Keçən əsrin 70-ci illərinə qədər Azərbaycan Sovetlər Birliyində geridə qalmış aqrar ucqarlardan biri idi. Lakin 1970-1980-ci illərdə Azərbaycanın sürətli inkişafın heyrətamiz dərəcədə inqilabi bir prosesə bənzəyir. Belə ki, həmin illərdə o zamankı qiymətlərlə respublikada 101,5 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki əlli ildə istehsal olunan məhsulun həcminə bərabərdir: Azərbaycan rəhbərinin böyük təşkilatçılıq qabiliyyəti zamanı on illərlə qabaqlamış, respublikanın həyatını on illərlə qabağa aparmışdır. Ulu Öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bilmişdi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırırdı. İstehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı məqsədilə kompleks tədbirlər görüldü... Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra isə müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi...

-SSRİ-nin dağılması ilə bir çox sahələr, o cümlədən də iqtisadiyyat demək olar ki çökdü. Bir-birinə zəncir kimi bağlanmış istehsal sahələri bir anda dağıldı. Azərbaycan da bu prosesin içində olduğuna görə ən çox geriləyən regionlardan biri oldu. Lakin Heydər əliyevin yenidn hakimiyyətə qayıdışı ilə sanki həyat yenidən canlandı. Tez bir zamanda problemlər çözüldü. İqtisadiyyat dirçəldi. Bu fenomenin arxasında Sizcə nə dururdu?

-İlk növbədə Heydər Əliyev dühası. Bəli, o, böyük siyasətçi olmaqla yanaşı iqtisadiyyatı gözəl bilirdi. İqtisadi əsas olmadan siyasi inkişafın mümkünsüz olduğunu elmi şəkildə əsaslandırırdı. Həm də böyük idarəçilik təcrübəsi Ulu Öndəri vaxtı çatmış məsələlərin həllində tərəddüd etmədən lazımi addımlar atmağa istiqamətləndirirdi. İndi üstündən illər keçməsinə baxmayaraq o dövrdə həyata keçirilmiş islahatların dərin məzmunu, cəsarət tələb edən, bəzən riskli addımlar insanı heyrətə gətirir. Çünki dövr ziddiyyətli idi. Bir yandan erməni təcavüzü. Digər tərəfdən daxili qeyri-sabitlik. Böyük dövlətlərin maraqları və. s. o qədər problem vardı ki... Bütün bunların öhdəsindən gəlmək hünər, cəsarət və təcrübə tələb edirdi. Ümummilli Liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etmişdi. Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı. Yaradıcısı Heydər Əliyev olan neft strategiyası formalaşdırıldı. Onun reallaşması, istehsal və xidmət sahələrində, habelə maliyyə sektorunda sabitliyin təmin edilməsi nəticəsində iqtisadi inkişafın ümumi göstəricisi olan ümuli daxili məhsul 1996-cı ildən artmağa başladı. Burada qeyd etmək lazımdır ki, dünyada Amerika, İsveç, Almaniya, Yaponiya və Cənubi Koreya modelləri ən çox öyrənilən və istifadə edilən modellərdir. Bu modelləri bir-birindən fərqləndirən və yaxınlaşdıran ümumi cəhətlər mövcuddur. İqtisadi ədəbiyyatda "milli iqtisadi inkişaf modeli" dedikdə cəmiyyətin məqsədi, inkişaf istiqamətləri və onlara nail olunmasının metodları, mexanizmləri və vasitələri başa düşülür. İqtisadi inkişaf modellərini fərqləndirən əsas xüsusiyyətlərdən biri iqtisadiyyatın tənzimlənməsidə dövlətin iştirak səviyyəsi olduğuna görə ümummilli lider Heydər Əliyevin bir kəlamını diqqətə çatdırmaq istərdim. O demişdir: "Biz iqtisadiyyatı vergilər vasitəsi ilə idarə edirik". Bu kəlam o dövrdə Azərbaycanda dövlətin iqtisadiyyatın tənzimlənməsində iştirakını müəyyənləşdirən konsepsiya olmuşdur. Beləliklə, iqtisadi inkişafın Heydər Əliyev modeli formalaşdırılmış oldu. Bu modeli fərqləndirən cəhət onun monitar meyilli açıq və liberal xarakter daşımasıdır. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

- Ümummilli Liderin azərbaycançılıq ideologiyası, bu ideya əsasında milli məfkurənin inkişaf etdirilməsi də dövrün tələbindən irəli gəlirdi. Bunu vaxtında və düzgün istiqamətdə inkişaf etdirmək, milli dövlətçilik modelinin inkişafına nail olmaq da kifayət qədər ağır bir proses kimi xarakterizə oluna bilər

-Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Yəqin ki, dəyərli oxucular Ulu Öndərin 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayındakı məşhur nitqini da yaxşı xatırlayırlar. Həmin görüşdəki nitqini də Ulu Öndər "Azərbaycan" şeirinin dillər əzbəri olan ikinci bəndi ilə başa vurdu və son misraları söyləyərkən o dahi insanın necə kövrəldiyinin, qəhərləndiyinin şahidi olduq. Yadımdadır ki, onda hamımız - salondakılar da, görüşü izləyən milyonlarla tamaşaçı da o kövrək hissləri yaşadıq.

Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirir, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləyirdi. Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırırdı. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".

-İllər ötdükcə o böyük Şəxsiyyətin Vətən üçün etdikləri daha qabarıq şəkildə aydınlanır, sanki bir ucalıq, əyilməzlik simvoluna çevrilir.
Çünki zirvə uzaqdan daha aydın görünür. Heydər əliyev zirvəsi də illər ötdükcə öz möhtəşəmliyi ilə, ucalığı ilə gözlərimiz qarşısında əbədiləşir, xalqın genetik yaddaşına hopur. Dahilərin ömrü illərlə yox, eralarla ölçülür. Böyük hadisələrin baş verdiyi zaman kəsiyi olan era isə min illərin yaddaşına malik olur. Bu mənada Azərbaycan tarixinin Heydər Əliyev erası tarixdə öz yerini tutub və ona əbədiyyət ömrü bəxş edib


-Məmməd müəllim, tarixdə elə böyük şəxsiyyətlər var ki, onların yaratdıqları özlərindən sonra dağılmış, idelogiya zəifləmiş, parçalanma və xaos hökm sürmüşdür. Heydər Əliyevin böyüklüyünün bir cəhəti isə yaratdığı müstəqil Azərbaycanın, dövlətçiliyin möhkəm təməlidir.
-Mən deyərdim ki, Heydər Əliyev dühasının ondadır ki bu böyük şəxsiyyət həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin yaxın məsləkdaşı və ən sadiq silahdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi.
Bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə bir məqamda daha geniş meydan, təbii ki, hava-su kimi lazım idi.
Ötən 19 ildə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən, Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranmış bir siyasi marafonu davam etdirərək bu möhtəşəm tarixin yeni səhifələrini yazır. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 19 ildə həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan– Dünya dialoqunun zəngin təcrübəsi qazanılmasıdır. Bu isə ilk növbədə, o deməkdir ki, Azərbaycan xalqının milli idealları, bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalmayıb, “özümüz deyib, özümüz eşidək” prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan və dünya təfəkkürü mövqeyindən görünüb etiraf olunur. Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm Prezident İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir.

-Heydər Əliyev elə bir dühadır ki onun keyfiyyətlərini bir müsahibəyə sığışdırmaq mümkün deyil. Bu barədə nə deərdiniz?

- Qeyd etdiyim kimi Heydər Əliyevlə başlayan era zaman baxımından qısa olsa da möhtəşəmdir. Xaosdan nizama, yoxsulluqdan firavanlığa, işğaldan Qələbəyə, inanılmaz iqtisadi inkişafa doğru qısa zamanda atılan addımlar bir daha sübut edir ki, Azərbaycan tarixinin Heydər Əliyev erası əbədiyyət ömrü qazanıb. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, siyasi kursu yaşayacaq.

- Məmməd müəllim,səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024