Mobil versiya
Fəzail Bağırov: "Ulu Öndərin öz xalqı qarşısında olan misilsiz xidmətlərindən biri də dövlətçilik məktəbinin yaradılması oldu"
Tarix: 06-12-2022 | Saat: 15:00
Bölmə:Ölkə | çapa göndər

Fəzail Bağırov: "Ulu Öndərin öz xalqı qarşısında olan misilsiz xidmətlərindən biri də dövlətçilik məktəbinin yaradılması oldu"

“Milləti və dövləti qarşısında müstəsna xidmətləri ilə Azərbaycan xalqının qəlbində əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi neçə-neçə gələcək nəsillərin bəhrənələcəyi, ibrət alacağı və təcrübə qazanacağı bir məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə də məhz ümummilli liderin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov deyib.

Müsahibimiz qeyd edib ki, hələ SSRİ dönəmində Heydər Əliyevin respublika rəhbərliyinə ilk dəfə gəlişi Azərbaycanda həyat ritmini büsbütün dəyişmişdi: “Ulu Öndərin istər 1969-1982-ci, istərsə də 1993-2003-cü illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. İlk dəfə 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı zaman, respublikamız keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri idi. Lakin məhz həmin il Azərbaycan SSR-nın inkişaf yoluna keçid ili oldu. Respublikada həyat ritmi büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.”

Daha sonra F.Bağırov qeyd edib ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub: “1969-1982-ci illər müstəqil Azərbaycan dövlətinin qurulması üçün əsaslı hazırlıq dövrü kimi xarakterizə olunmalıdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir.”

Həmçinin müsahibimiz Ulu Öndərin öz xalqı qarşısında olan misilsiz xidmətlərindən birinin də Heydər Əliyev dövlətçilik məktəbinin yaradılması olduğunu qeyd edib: “1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı Ümummilli Lideri təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev dühası xilas edə bilər. 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər öz tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini öz qəlbində daim yaşadacaq. 2023-cü ilin ölkəmizdə Heydər Əliyev İli elan olunması da xalqımızın Ulu Öndərin ölməz ruhuna sonsuz ehtiramının bir ifadəsidir. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Tarix Ulu Öndər Heydər Əliyevin bu inamını təsdiq etdi. Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu müasir dövrün tələblərinə uyğun şəkildə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açmışdır. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu getdikcə daha da möhkəmləndirir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir”, - deyə Fəzail Bağırov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024