Mobil versiya
Azərbaycan-Albaniya əməkdaşlıq əlaqələri yeni dinamika alır
Tarix: 19-11-2022 | Saat: 17:55
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan-Albaniya əməkdaşlıq əlaqələri yeni dinamika alır

Məlum olduğu kimi, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləri olaraq, Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynayıblar. Bu, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişafına yeni dinamika gətirib. Bu gün Azərbaycan bir çox Balkan ölkələri ilə olduğu kimi, Albaniya ilə də ikitərəfli münasibətlərini inkişaf etdirir. Cari ilin noyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk dəfə Albaniyaya rəsmi səfər edib. Səfər çərçivəsində, dövlət başçımızın Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü və geniş tərkibdə görüşləri, həmçinin bu ölkənin Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Bu görüşlər əsnasında vacib məsələlər müzakirə olunub.
Cənab Prezident İlham Əliyev Albaniya mətbuatına bəyanatla etdiyi çıxışında bu ölkəyə səfərinin Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcəyinə və gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar olduğuna əmin olduğunu bildirib. Qeyd olunub ki, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər və bu, ölkələrimiz arasında siyasi dialoqun çox güclü dinamizmə malik olduğunu deməyə əsas verir. Ölkələrimiz arasında səmimi münasibətlərin mövcudluğunu təsdiqləyən daha bir məqam bundan ibarətdir ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsinin gedişi zamanı Albaniya rəsmilərinin bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib.
Öz çıxışında möhtərəm dövlət başçımız Albaniya ictimaiyyətinə Vətən müharibəsinin başlanmasını şərtləndirən əsas amillər barədə ətraflı açıqlamalar təqdim edərək bildirdi ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilmirdi. Rəsmi İrəvan isə bu vəziyyətdən sui-istifadə edərək işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apararaq hərbi cinayət törədir, tarixi irsimizi məhv edir, talançılıq və vandallıqla məşğul olurdu. İşğal edilmiş ərazilərimizdə törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan saxlamaqla bütün müsəlmanların hisslərinə toxunmuşlar.
Buna görə də Azərbaycan 2020-ci ildə II Qarabağ savaşına başlamaq məcburiyyətində qaldı və nəticə olaraq öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. Bu gün isə artıq azad edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır.
Öz çıxışında cənab Prezident İlham Əliyev həmçinin Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması olduğunu da qeyd etmiş və Albaniyanın da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verdiyini xüsusi vurğulamışdır. Bütün bunlar Albaniya-Azərbaycan əlaqələrinin bundan sonra daha yüksək intensivliklə inkişaf edəcəyini deməyə əsas verir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə