Mobil versiya
Zəngəzur dəhlizi Türk dünyasını yenidən birləşdirəcək
Tarix: 18-11-2022 | Saat: 12:10
Bölmə:Özəl | çapa göndər

Zəngəzur dəhlizi Türk dünyasını yenidən birləşdirəcək

Müasir dünyada cərəyan edən proseslər Türk Dövlətləri arasında mövcud birlik və əlaqələrin daha intensiv şəkildə inkişaf etdirilməsini zəruri tələb kimi gündəmə çıxarır. Məlum olduğu kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini özünün xarici siyasətinin əsas prioritetlərindən biri kimi hər zaman diqqət mərkəzində saxlayır. Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin noyabr ayının 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında Türk dünyasının daha sıx birləşməsi və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsinin zəruriliyini vurğuladı. Qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Bu səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Ümumiyyətlə Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və dövlət başçımızın qeyd etdiyi kimi, bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Öz çıxışında möhtərəm dövlət başçımız həmçinin Azərbaycan-Ermənistan münasibətləri barədə ətraflı açıqlamalar və regionda gedən proseslərin təhlilini təqdim etmişdir. Qeyd olunmuşdur ki, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da tarixi ədalət bərpa olundu. 30 illik işğal dövründə erməni qəsbkarları tərəfindən işğal altında olan torpaqlarımızda olmazın vəhşiliklər törədilmiş, misli görünməmiş vandalizm və talançılıq həyata keçirilmişdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan bu regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Bu məqsədlə ölkəmiz Ermənistana sülh müqaviləsinin bağlanması üzrə danışıqlara başlamaqla bağlı çağırışlar etməkdədir. Təbii ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Birmənalı olaraq deyə bilərik ki, ölkəmiz bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfələr verib. Zəngəzur dəhlizi də Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsidir. Əlbəttə, Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Lakin eyni zamanda da bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacaq. Zəngəzur dəhlizinin ən mühüm özəlliklərindən biri də Türk dünyasının daha sıx birləşməsinə verəcəyi böyük töhfə olacaq. Bu dəhliz vasitəsilə Azərbaycanın əsas əraziləri quru yolla Naxçıvan Muxtar Respublaksı və oradan da Türkiyə ilə birləşəcək.

Cənab Prezident İlham Əliyev öz çıxışında həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri apardığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlandığını və bu proseslərdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrdə fəal iştirak etdiklərini vurğuladı. Eyni zamanda işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcəyini, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacağını qeyd edən dövlət başçımız bunun Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü kimi, yüksək qiymətləndirildiyini bildirdi.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə