Mobil versiya
Yeni Azərbaycan Partiyası ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır
Tarix: 15-11-2022 | Saat: 18:06
Bölmə:Özəl | çapa göndər

Yeni Azərbaycan Partiyası  ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır

Bu günlərdə biz əlamətdar tarixi bir hadisənin-Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi ərəfəsindəyik . Partiyanın yaranma şəraitinə nəzər saldıqda bir daha şahidi oluruq ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin, anarxiya və xaosun məntiqi nəticəsi idi. Artıq 90-cı illərdən başlayaraq , Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

Bəli , mən də 90-cı illərdə bir Azərbaycan gənci kimi, cərəyan edən bütün bu hadisələrin izləyicisi və canlı şahidi olmuşam. Sakini olduğum Cəbrayıl rayonu da bir tərəfdən müxalifətin ölkənin hər bölgəsində başladığı hərc-mərcliyin , özbaşınalığın ,ölkəni uçuruma doğru sürükləyən səriştəsiz dövlət idarəçiliyinin, bir tərəfdən isə Qarabağda Ermənistan silahlı birləşmələrinin torpaqlarımızı işğal etmək təhlükəsi ilə üzləşmişdi. Və məhz həmin zamanlarda xalqın yeganə təsəllisi olacaq , xalqı bu bəlalardan qurtaracaq yüksək savada , idarəçilik qabiliyyətinə malik bir şəxsiyyətə ehtiyacı var idi . 1990-cı ilin 20 yanvarında baş verən qırğın zamanı , Azərbaycan xalqının bütün dünya ictimaiyyətindən imdad diləməsi , kömək istəməsi heç vaxt yadımdan çıxmaz. Çox acınacaqlı, qorxulu anlar idi. Nə yaxşı ki, bu xalqın Ulu Öndərimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyəti var idi . Heydər Əliyev cənabları həmin zamanlarada Moskvada öz etiraz səsini qaldırdı və xalqına böyük dəstək verdi. Azərbaycan xalqı həmin ağır günlərdə xalqı bu bəlalardan qurtaracaq şəxsin yalnız Heydər Əliyev olacağına ümid edirdi . Elə o ümidlər də xalqda Heydər Əliyev şəxsiyyətinə qarşı günü-gündən güçlənən , artan sevginin yaranmasına bir daha səbəb oldu.

Artıq 19 ildir ki, Yeni Azərbaycan Partiyası bütün tədbirlərini Ulu Öndərimiz Heydər Əliyevsiz keçirir. Amma onun bizə miras qoyub getdiyi güclü dövlətin , avanqard siyasi partiyanın məhz onun layiqli siyasi varisi olan İlham Əliyev cənabları tərəfindən uğurla , inamla idarə olunması bizi sevindirir. Başına gələn hadisələrdən gözü qırılan xalq , ağır zamanlarda Heydər Əliyevdən sonra hakimiyyət sükanının başqalarının əlinə keçəcəyindən narahat idi. Elə ona görə də, 2003-cü ildə Prezident seçkiləri zamanı yenidən xalq öz layiqli seçimini edərək, Ulu Öndərin siyasi varisini müəyyənləşdirdi. Yalnız 2003-cü ildə deyil, əvvəlki illərdə də İlham Əliyevin Azərbaycan dövlətinə layiqli xidmətləri var.

Prezident seçildikdən sonra İlham Əliyev cənabları xalqa verdiyi bütün vədlərini həyata keçirdi. Onun ata vəsiyyətinə əməl edərək, prezidentliyi dövründə Müzəffər Ali Baş Komandan kimi ən böyük uğura imza ataraq , 27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etməsi nəinki Azərbaycan vətəndaşının, ümumilikdə bütün dünya azərbaycanlılarının , bütün türk dünyasının böyük sevincinə səbəb oldu. Şuşa səmasında üçrəngli Azərbaycan bayrağının dalğalanması , bizim alçalmaqda olan qürurumuzu , qeyrətimizi özümüzə qaytardı . Bu həm də hakimiyyətdə olan iqtidar partiyasının - Yeni Azərbaycan Partiyasının qələbəsi idi.

Yaşasın Yeni Azərbaycan Partiyası !
Yaşasın müstəqil Azərbaycan dövləti !

Məhəmməd Əliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024