Mobil versiya
AĞCABƏDİNİN SUVARMA TƏSƏRRÜFATINDA "YIXILANI İTƏLƏ!" PRİNSİPİ
Tarix: 10-06-2016 | Saat: 12:22
Bölmə:Manşet | çapa göndər



İyunun 5-də dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə meliorator günü münasibətilə bu sahənin bir qrup mütəxəssisi "əməkdar mühəndis" fəxri adı və "Tərəqqi" medalı ilə təltif olundular. Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev cavan və perspektivli kadrlardan hesab olunur və bu templə işinə davam edəcək olsa, tezliklə "Şöhrət " ordeni də alıb "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri cənab Əhməd Əhmədzadənin mənsəbinə çatacaq.
Deyilənə görə, Malik Mirzəyevin hazırki vəzifəsinə irəli çəkilməsində qardaşının Rayon İcra Hakimiyyəti başçısının köməkçisi işəməsi faktoru mühüm rol oynayıb. Söz yox, SSİ-nin təzə rəisinin zabitəli olması idarədaxili nizam-intizamı gücləndirməkçün başlıca şərt hesab olunur. Amma təəssüf ki, Malik müəllimdə bu zabitəlilik ifrat dərəcəyə çatır. Onun sərtliyi sanki işə can yandırmaqdan daha çox, təkəbbürdən qaynaqlanır. İşçlərin əməyini müşahidə kamerası altında istismar edən, dar ayaqda olana əl uzatmaqdansa, yıxılanı itələyən M. Mirzəyevin özündən razılığı hətta o səviyyəyə çatıb ki, idarənin tabe olduğu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyindən gələn göstərişləri də əldə rəhbər tutmağı şəninə sığışdırmır. Nə isə, ümid etmək istərdik ki, ağac bar verəndə başını aşağı əydiyi kimi, Malik müəllimin də Ağcabədinin suvarma təsərrüfatınının inkişafına verdiyi töhfələr çoxaldıqca və uğurları artdıqca xasiyyətində təvazökarlıq cizgiləri tapacaqdır.
İndi isə sizə kimdən deyək, kimdən danışaq - Malik Mirzəyevin sələfi, Ağcabədi Suvarma Sistemləri İdarəsində "hakimi -mütləqlik" ənənəsinin əsasını qoyan sabiq rəis Əli Əliyevdən. Adam bir vaxtlar Ağcabədinin Hüsülü kəndində kolxoz sədri vəzifəsində də, Ağcabədi rayonlararası avtomobil təmiri zavodunda direktor olanda da, Cəfərbəyli İstehsalat Kooperativinin sədri işləyəndə də həmişə neqativ hallara rəvac vermiş, hətta törətdiyi iqtisadi cinayətlərə görə 9 ay həbsdə oturduğu da deyilir. Məlum olduğu kimi, Əliyev hazırda Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə rəhbərlik edir. Burada da "monarxiya" qurub, despotik üsuli-idarə tətbiq edib. Rəislə işçilər arasında interval çox böyükdür.

İdarənin digər yüksək vəzifəli şəxsləri hər hansı bir əhəmiyyətli məsələnin həllinə heç bir köməklik edə bilməzlər. Hətta həmin problemin çözümü onların səlahiyyətləri daxilində olsa da belə, ən yaxşı halda cəsarət edib rəisdən xəfifcə xahiş edə bilərlər. Çox vaxt xahiş etməzdən əvvəl ehtiyatlanırlar ki, birdən rəis hirslənər, necə deyərlər, "qaş düzəltmək əvəzinə vurub göz çıxararıq". SQİİ-nin rəhbər işçiləri Əli Əliyevin qarasına deyinir, öz adlarının işlədikləri kabinetlərin qapısı üzərində yalnız quruca trafaretdən başqa bir şey olmadığını etiraf edir, "külli-ixtiyarın" məhz Əli Əliyevin əlində cəmləşdiyini deyərək ünvanına qarğış yağdırırlar. Görün, indi sıravi su istifadəçiləri nə çəkirlər! Əlbət, rayonun suvarma təsərrüfatında tətbiq olunan despotik idarəetmə üsullarından, rəislərin fəaliyyətinin doğurduğu narazılıqlardan ASC sədri cənab Əhmədzadənin, icra başçısı cənab Şahin Məmmədovun xəbəri olacaq. Bu yay mövsümündə su ehtiyatlarının səmərəli idarə edilməsi məsələsi məhz bu iki iqtidarlı şəxsin qərarlarından asılı olacaq.

Kənan Məmmədzadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024