Mobil versiya
TÜRKİYƏ QARABAĞIN BƏRPASINDA AZƏRBAYCANLA BİR YERDƏDİR - ŞƏRH
Tarix: 26-10-2022 | Saat: 10:13
Bölmə:Özəl | çapa göndər

TÜRKİYƏ QARABAĞIN BƏRPASINDA AZƏRBAYCANLA BİR YERDƏDİR -


Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin əən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Azərbaycan və Türkiyə dost, qardaş və rəsmi müttəfiq. Bu vaxta qədər çox böyük sınaqlardan keçən bu iki ölkə dünya miqyasında bir-birinə ən yaxın müttəfiqə çevrilib. Iki ölkə arasında münasibətlər ən yükək səviyyədədir və bu gün həqiqətən də dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci nümunə yoxdur.

Azərbaycan və Türkiyə həm də çətin günlərdə bir yerdədir. İkinci Qarabağ savaşında ilk saatlardan son günə qədər qardaş Türkiyə yanımızda idi. Bu mənada əslində İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. “Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” Prezident İlham Əliyev

Bu gün Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqaz regionunda çox önəmli bir amilə çevrilib. Bu birlik Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin də dediyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına ciddi gözaydınlığı, eyni zamanda da, bütün dünyaya ciddi mesajdır. Bu gün ölkəmizin hər şəhərində, hər kəndində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin və xalqlarımızn birliyinin ən bariz nümayişidir. Həmçinin bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Bundan başqa Türkiyə və Azərbaycan Prezidentləri Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində birgə iştirak ediblər. Bütün bu tədbirlər Azərbaycan və Türkiyənin bütün işlərdə hər zaman bir yerdə olduqlarının və bundan sonra da bir olacaqlarının bütün dünyaya növbəti nümayişidir.


Bayram Xudayarov,
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə