Mobil versiya
Azərbaycanın uğurlarının təməlində prinsipiallıq və qətiyyət dayanır.
Tarix: 22-10-2022 | Saat: 11:53
Bölmə:Media | çapa göndər

Azərbaycanın uğurlarının təməlində prinsipiallıq və qətiyyət dayanır.

Hər birimizə məlumdur ki, Azərbaycanın uğurlarının təməlində mövqe aydınlığı və məqsədə çatmaq üçün nümayiş etdirilən prinsipiallıq, sözünün üstündə durmaq, qətiyyətli addımlar atmaq kimi vacib əməllər dayanır. Qısası, artıq hamı bu fikirdədir ki, Ermənistanın təxribatçı hərəkətləri dünyanın və geosiyasi vəziyyətin dəyişməsini başa düşməməyin nəticəsidir. Belə bir qənaət var ki, Azərbaycanla sülh müqaviləsinin bağlanması, nəqliyyat və iqtisadi əlaqələrin qurulması, Zəngəzur dəhlizinin tezliklə açılması Ermənistan iqtisadiyyatının inkişafı və bərpası baxımından yeganə şansdır. Ancaq Yerevan elitasının seçimi erməni xalqının xeyrinə deyil.

Qeyd edək ki, Azərbaycan rəhbərliyinin əməkdaşlıq, sülh danışıqları və sərhədlərin delimitasiyası mövzularında açıq və hamının başa düşəcəyi səviyyədə mövqe sərgiləməsinin əksinə olaraq, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını pozmaq niyyətini gizlətmir. Məsələn, Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən görüşündən sonra aydın olmuşdu ki, sülh müqaviləsinin imzalanması artıq son mərhələdədir. Hətta, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbirinə verdiyi müsahibədə demişdi ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm: “Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər”. Ancaq sən saydığını say, görək, fələk nə sayır – deyiblər. Brüssel görüşünün ertəsi günü Nikol Paşinyana yaxınlığı ilə tanınan siyasi icmalçı Armen Baqdasaryan “BBC News” Azərbaycancaya sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Birgə Sərhəd Komissiyasının təşkili və sülh sazişinə hazırlıq barədə razılaşmaların əldə olunduğu görüş barədə fikirlərini bölüşərkən hər şeyi tamamilə əksinə deyib: “Güman etmirəm ki, bu sülhə doğru aparan addımdır. Çünki arada Qarabağ münaqişəsi var, Artsax var və bu məsələnin xatırlanmadığı, müzakirə olunmadığı istənilən danışıqlar sülhə aparmayacaq... Odur ki, Brüssel görüşü sülhə aparan addım sayıla bilməz”. İş o yerə çatıb ki, təkcə Ermənistan rəhbərliyi deyil, onlara himayədarlıq etmək istəyənlər də hərdəmxəyallıqdan, “gah nala, gah mıxa vurmaq” xəstəliyindən əziyyət çəkirlər. Məsələn, Fransa Prezidenti Emmanuel Makron. Bu adam Praqa görüşü ərəfəsində dəfələrlə Azərbaycan Prezidentinə zəng vuraraq, həmin tədbirdə iştirak etmək üçün icazə istəmişdi. Dövlət başçımız da onun iştirakına etiraz etmədi. Nəticədə Makron Praqa görüşünün müsbət nəticələrindən razılığını dilə gətirdi və ertəsi günü “ağzını açıb, gözünü yumdu” ki, bəs Praqada ermənilərin hüquqları tapdalandı və Fransa Ermənistanı tək buraxmayacaq. Bu, təkcə rəzalət deyildi, həm də riyakarlıq, ikiüzlülük, yəni başqa sözlə, ermənilik idi. 

Xatırlatmaq yerinə düşər ki, rəsmi İrəvan sentyabr ayının ortalarından başlatdığı beynəlxalq şikayət kampaniyasına Fransanın verəcəyi dəstək sayəsində Ermənistanın daha sərfəli şərtlərlə sülh sazişi əldə edə biləcəyini düşünürdü. Rəsmi Parisin Ermənistanı bütün məsələlərdə tam şəkildə dəstəklədiyini hər imkanda vurğulaması da Paşinyan hakimiyyətini daha optimist olmağa şirnikləndirirdi. Amma unudurdular ki, onların qarşısında İlham Əliyev qətiyyəti dayanır. 

Sonda isə Fransanın və şəxsən, Makronun Ermənistana verdiyi dəstək daşa dəydi. Prezident İlham Əliyevin prinsipiallığı nəticəsində Paşinyanın Fransanı yenidən Cənubi Qafqaza gətirmək arzusu gözündə qaldı, Makronun isə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq cəhdləri birdəfəlik mümkünsüz oldu. 
Bu məsələyə olduqca açıq və sərt münasibət bildirən dövlət başçımız oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında xatırlatdı ki, Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması işində Parisin hər hansı rol oynaması qətiyyən mümkün deyil.

Yəni Azərbaycan böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, heç bir ölkə ilə üstüörtülü, müəmmalı danışıqlar aparmır. Həmişə mövqeyimiz aydın, addımlarımız isə qətiyyətlidir. 

Araz Hacıyev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı
üzrə Göygöl bələdiyyəsi ərazi partiya təşkilatının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə