Mobil versiya
Azərbaycan Prezidentinin qarşısına qoyduğu əsas vəzifələrdən biri də dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdir.
Tarix: 21-10-2022 | Saat: 14:59
Bölmə:Media | çapa göndər

Azərbaycan Prezidentinin qarşısına qoyduğu əsas vəzifələrdən biri də dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib. Ölkə başçısının səfərləri, keçirdiyi görüşlər dünyada dialoqun inkişafına, sabitliyin möhkəmləndirilməsinə töhfələr verməkdədir. Mövcud reallıqlar fonunda Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanla tərəfdaşlıq əlaqələrinin genişlənməsinə olan ehtiyacı nümayiş etdirir. Bu səfərlər, müxtəlif beynəlxalq tədbirlər, həm də qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələr ölkəmizə, Prezident İlham Əliyevə xüsusi ehtiram və hörməti birmənalı ifadə edir. Bunlar bir daha belə deməyə əsas verir ki, dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, Azərbaycanın yeri, mövqeyi yüksək səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin qarşısına qoyduğu əsas vəzifələrdən biri də dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdir. Bu baxımdan ölkə başçısının son səfərlərinin əhəmiyyəti çox böyükdür.
Qeyd edək ki, siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ümumiyyətlə, Prezidentimizin xarici səfərləri ictimaiyyət tərəfindən çox diqqətlə izlənir və yüksək qiymətləndirilir.
  Xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Qırğıstana və Qazaxıstana səfəri çərçivəsində ikitərəfli münasibətlərin gələcək yol xəritəsini müəyyənləşdirən əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsi, Azərbaycanın xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri və ümumilikdə Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinin necə xüsusi önəm daşıdığını bir daha təsdiq edir. Bütövlükdə dövlət başçısı İlham Əliyevin Qırğızıstana, istərsə də Qazaxıstana səfərləri bir daha onu göstərir ki, ölkə başçımız təşəbbüsləri, qəti, prinsipial mövqeyi ilə regionda və dünyada sülhün, əməkdaşlığın, tərəqqinin yeni müstəviyə yüksəlməsi üçün öz töhfələrini verir. Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi bəyanatları belə deməyə əsas verir ki, nəticələrə hədəflənmiş iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir.
  Yeri gəlmişkən, qeyd etməliyik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı çoxalıb, eyni zamanda qarşılıqlı etimad artıb. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər edən Prezident İlham Əliyev "Avropa siyasi birliyi"nin Zirvə Toplantısında "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxış edərək bir daha Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını dünyaya bəyan etdi. Zirvə Toplantısında Azərbaycan Prezidenti müharibədən sonra ermənilərin törətdikləri hərbi təxribat, eləcə də dünya siyasətində Azərbaycan dövlətinin mövqeyi haqqında iştirakçılara ətraflı məlumat verdi. Ölkə başçımızın çıxışı eyni zamanda Azərbaycan torpaqlarının işğalı zamanı, müharibə və postmüharibə dövründə ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən dövlətlərə bir cavab mesajı idi. Qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Azərbaycan hazırda Avropa İttifaqı ilə enerji, nəqliyyat, ticarət sahəsində çox fəal əməkdaşlıq edir. Dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artıb. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, 2027-ci ildə qaz ixracatı ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir. Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri, əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük uğuru kimi dəyərləndirilir.

Ən əsası, Prezident İlham Əliyevin hər bir səfəri, keçirdiyi görüşlər beynəlxalq müstəvidə böyük rezonans yaradır, dövlətimizin, xalqımızın maraqlarını təmin etməklə tarixi hadisəyə çevrilir.

Şəfa Rüstəmova,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 7 nömrəli ərazi partiya təşkilatının üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024