Mobil versiya
Şanlı Zəfərimizlə fəxr edirik
Tarix: 30-09-2022 | Saat: 10:09
Bölmə:Cəmiyyət | çapa göndər

Şanlı Zəfərimizlə fəxr edirik

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək Qaraxanbəyli kəndinin yaxınlığında, qəhrəman Azərbaycan əsgərinin Vətən müharibəsində öz canını fəda etdiyi ilk ərazilərdən birində Şəhidlərimizin ölməz xatirəsini yad ediblər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yolunda ilk tarixi qələbəsini də məhz bu yerdə qazanmışdır. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərini, eləcə də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini Vətən müharibəsinin ilk günündə azad etməklə Azərbaycan ordusu Zəfər yürüşünə başladı. Dövlət başçımızın və birinci xanımın önünə gül dəstələri qoyduqları möhtəşəm abidənin yaxınlığında isə Azərbaycan II Qarabağ savaşında ilk şəhidlərini verdi. Həmin bu yerdən erməni işğalçılarının illər ərzində qurduqları beş-altı səviyyəli müdafiə xətti keçirdi. Abidənin bilavasitə yanında isə düşmən səngəri yerləşirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Ali Baş Komandanın dediyi kimi, Azərbaycan əsgəri öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt hələ işğal altında olan digər bütün torpaqlarda dalğalansın, Azərbaycan xalqı ləyaqətini və qürurunu bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.

Azərbaycan xalqı Ali Baş Komandanımızın ətrafında sarsılmaz birliyə gələrək düşməni doğma torpaqlarımızdan qovdu. Bu qələbənin əldə olunmasında bütün Azərbaycan cəmiyyəti həmrəylik və iradə nümayiş etdirmişdir. Müzəffər Ali Baş Komandanımızın polad iradəsi, şanlı əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Möhtərəm dövlət başçımızın öz çıxışında dediyi kimi, şanlı ordumuz xalqımızın 30 ilə yaxın bir zaman kəsiyi ərzində düşmən tərəfindən oğurlanmış, təhqir olunmuş qürurunun geri qaytarıldığını müjdələdi. Azərbaycan torpaqları işğal altında olan dövlət statusunu qalib ölkə, qalib dövlət statusuna dəyişdi. Ölkəmiz təkcə öz torpaqlarını deyil, bütün Cənubi Qafqazı bəlkə də son iki yüz ildə bəşəriyyətin qarşılaşdığı, lakin düzgün qiymətləndirə bilmədiyi ən təhlükəli bəlalardan birindən – erməni faşizmindən xilas etdi. Bu yolda biz çox qurbanlar verdik, çox məşəqqətlərdən keçdik. Azərbaycan öz haqqını dünyaya sübut edənə qədər ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş saysız-hesabsız terror və təxribatları, qırğın və qətliamları yaşamalı oldu. Dünya birliyi bu vəhşiliklərin qarşısını almaq, cinayətkarları cəzalandırmaq üçün heç bir addım atmadı. Əksinə, sərsəm erməni ideoloqlarının “böyük ermənistan” adlı uydurmaları sanki reallaşdırıla biləcək ideya kimi ortaya atıldı. Əzəli və əbədi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması məqsədilə qanlı oyunlara başlandı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış siyasi destabillikdən və hərc-mərclikdən yararlanan Ermənistanın silahlı qüvvələri xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin 20%-ni zəbt etdilər və 30 il işğal altında saxladılar. 30 il Azərbaycan nəticəsi olmayacaq məqsədsiz danışıqlara cəlb olundu, xalqımıza yalançı vədlər verildi.

Amma Azərbaycan nə bu vədlərə aldanmadı, nə də işğal faktı ilə barışmadı. Zamanı gəlib çatdıqda bütün dünya kimin kim olduğunu gördü, xalqımızın, dövlətimizin öz haqqını heç kimsədə qoymayacaq gücə-qüdrətə sahib olduğunun şahidi oldu.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024