Mobil versiya
DİN-dən Bakının mərkəzində fəaliyyət göstərən “siçan”ın saxlanılmasına REAKSİYA - YENİLƏNİB
Tarix: 29-09-2022 | Saat: 16:00
Bölmə:Ölkə | çapa göndər

DİN-dən Bakının mərkəzində fəaliyyət göstərən “siçan”ın saxlanılmasına

Daxili İşlər Nazirliyi Bakının Nizami küçəsində maskot kimi fəaliyyət göstərən şəxs (cizgi filmi qəhrəmanı olan siçan geyimində) barədə açıqlama verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, maskot kimi xidmət göstərən şəxsin fəaliyyətinin məhdudlaşdırılması qanunla tənzimlənir:

“Küçədə hansısa ödəniş müqabilində lisenziyalaşdırılmayan fəaliyyət qanunsuz hesab edildiyi üçün inzibati xəta - küçə ticarətinin tərkib əlamətlərini yaradır. Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərən şəxsə bu əməllə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, iradlara məhəl qoymadığı həmçinin müvafiq polis orqanına dəvət edilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”.

13:12

Bakının Nizami küçəsində maskot kimi fəaliyyət göstərən şəxs (cizgi filmi qəhrəmanı olan siçan geyimində) saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 21-də axşam saatlarında baş verib.

Polis əməkdaşları Nizami küçəsində uşaqlarla fotolar çəkdirib pul yığan “siçan” geyimindəki şəxsə yaxınlaşıblar və onun qeyri-qanuni fəaliyyət göstərdiyini bildiriblər.

İttihama görə, bu zaman cizgi filmi qəhrəmanı geyimində olan 1989-cu il təvəllüdlü şəxs polisə müqavimət göstərib. O, fəaliyyətini davam etdirəcəyini bildirib və polis əməkdaşlarını söyməyə başlayıb. Bundan sonra 33 yaşlı şəxs ərazi üzrə 39-cu Polis Bölməsinə gətirilib. Gecəni bölmədə keçirən şəxs sentyabrın 22-də barəsində tərtib edilmiş protokolla birgə Səbail Rayon Məhkəmsinə göndərilib.

Saxlanılan şəxs məhkəmədə belə ifadə verib: “Sentyabrın 21-də, saat 20:05 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərərək, yəni “siçan” paltarı geyinərək, pul yığırdım. Başqa əmək məşğuliyyətim yoxdur, buradan əldə etdiyi pulla ailəmi dolandırıram, iki azyaşlı uşağım var. Polis əməkdaşları yaxınlaşaraq irad bildirdilər, mənə bu işi davam etdirməməyimi dedilər. Lakin iradlara məhəl qoymayaraq, işimi davam etdirəcəyimi söylədim. Sonra polis əməkdaşları məni bölməyə dəvət etdi, lakin bundan imtina etdim, əl-qol hərəkətləri ataraq nalayiq ifadələr işlətdim və məni çətinliklə 39-cu Polis Bölməsinə gətirdilər. Əməlimdən peşmanam”.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda o, 200 manat cərimə edilərək sərbəst buraxılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024