Mobil versiya
Avropa seçim etməlidir: Bakı, yoxsa…
Tarix: 10-10-2026 | Saat: 15:43
Bölmə:Siyasət | çapa göndər

Avropa seçim etməlidir: Bakı, yoxsa…


“Avropa Parlamentinin Azərbaycanla bağlı növbəti qətnaməsi bir daha göstərdi ki, problem artıq ayrı-ayrı ifadələrin, şəxslərin adlarının və ya insan hüquqları ilə bağlı qiymətləndirmələrin çərçivəsindən çoxdan çıxıb. Avropa Parlamentinin (AP) Azərbaycana münasibətdə yanaşmasının sistemli böhran xarakteri alıb. AP-nin yanaşmasında siyasi qərəzlilik getdikcə obyektiv təhlili əvəz edir, təzyiq dili isə bərabərhüquqlu dialoq dilini sıxışdırır”.
Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Parlamentinin ölkəmizə münasibəti kəskin şəkildə sərtləşib. Prezident İlham Əliyevin səsləndirdiyi məlumata əsasən, təkcə 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək Avropa Parlamenti Azərbaycan əleyhinə 14 qətnamə qəbul edib. Hazırkı sənəd isə sadəcə bu silsilənin davamıdır.

Deputat bildirib ki, Azərbaycanın işğala məruz qaldığı 30 illik dövrdə Avropa Parlamenti onların hüquqlarının müdafiəsi məsələsində müqayisəolunan siyasi israr nümayiş etdirmədi: “Doğrudur, 2010-cu ilin mayında Aİ-nin Cənubi Qafqaz üzrə strategiyasına dair qətnamədə Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması tələb edilmişdi. Lakin bu tələb tək-tək səslənmiş deklarativ bəyanatdan o yana keçmədi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan öz ərazi bütövlüyünü özü bərpa edib, Cənubi Qafqazda yeni reallıq formalaşdırıb və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Məhz bundan sonra Avropa Parlamentinin ritorikasında yeni siyasi reallığın qəbul edilməməsi getdikcə daha açıq şəkildə özünü göstərməyə başlayıb. Belə olan halda məntiqi sual yaranır: bu yanaşma həqiqətən insan hüquqlarının müdafiəsinə xidmət edir, yoxsa insan hüquqları ritorikası arxasında getdikcə daha çox Bakının müstəqil xarici siyasət kursundan narazılıq gizlənir?”

Sevinc Fətəliyevanın fikrincə, Avropanın müxtəlif institutlarının yanaşmaları arasındakı açıq fərq də diqqət çəkir: “Bir tərəfdən, Avropa İttifaqı enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, Orta Dəhlizin inkişafı, qaz təchizatı, bərpaolunan enerji və yeni infrastruktur layihələri sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan etibarlı tərəfdaş və Avropanın enerji və nəqliyyat təhlükəsizliyi arxitekturasının mühüm elementi kimi qəbul olunur. Digər tərəfdən isə Avropa Parlamenti mütəmadi olaraq nəinki siyasi dialoqu çətinləşdirən, həm də qarşılıqlı hörmət prinsipinin özünü şübhə altına alan sənədlər qəbul edir. Nəticədə institusional ziddiyyət yaranır”.

Deputat qeyd edib ki, Azərbaycan bu gün regional və beynəlxalq proseslərdə 10-15 il əvvəlkindən qat-qat mühüm rol oynayır: “Cənubi Qafqaz artıq periferik məkan olmaqdan çıxaraq, Avropa ilə Asiya arasında əsas bağlantı qovşaqlarından birinə çevrilir. Bu reallığı nəzərə almadan Avropanın regiondakı təsir imkanlarını qoruyub saxlaması mümkün deyil. İkili standartlar məsələsi də az əhəmiyyət daşımır. Avropa Parlamenti ayrı-ayrı cinayət işlərinə siyasi qiymət verəndə və onların mahiyyətini əvvəlcədən müəyyənləşdirəndə ciddi hüquqi problem yaranır. Siyasi fəaliyyət, jurnalist peşəsi və ya ictimai xadim statusu heç kəsi avtomatik olaraq qanun qarşısında məsuliyyətdən azad edə bilməz. Əgər beynəlxalq struktur hər hansı məhkəmə prosesini yalnız iş üzrə şəxsin müxalifət və ya vətəndaş cəmiyyəti nümayəndəsi olması səbəbindən əvvəlcədən siyasi motivli elan edirsə, bu, artıq insan hüquqlarının müdafiəsi yanaşması deyil, milli ədliyyə sisteminə kənardan verilən siyasi qiymətdir”.

Deputat onu da qeyd edib ki, Avropa Parlamentinin bugünkü siyasətinin əsas böhranı da məhz bundan ibarətdir: “Mövcud regional reallığı nəzərə almadan hazırlanan heç bir qətnamə həmin reallığı dəyişə bilməz.

Avropa seçim etməlidir: Bakı ilə məsafəni daha da artıran siyasiləşmiş sənədlər qəbul etməkdə davam etmək, yoxsa Azərbaycanla müstəqil, suveren və region üçün mühüm əhəmiyyət daşıyan tərəfdaş kimi yetkin və bərabərhüquqlu dialoqa keçmək. Müasir dünyada hörmət təzyiqdən qat-qat səmərəli işləyir. Avropa Parlamentində bu həqiqət nə qədər tez dərk edilərsə, Azərbaycanla Avropa arasında dolğun və konstruktiv münasibətlər formatını qoruyub saxlamaq şansı da bir o qədər yüksək olar” - deyə, S. Fətəliyeva vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2026